Elxan Şahinoğlu: «Ərdoğan birinci mərhələdən keçməsə də, ikinci turda böyük ehtimalla prezident seçiləcək»
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Rəcəb Tayyib Ərdoğanın prezident seşkisində namizəd olacağını rəsmən açıqlayıb. Partiyanın ikinci şəxsi
Mehmet Əli Şahin Ərdoğanın 2023-cü ilə qədər prezident olacağını deyib.
Bu gözlənilən qərar olsa da, Türkiyədə baş verən son proseslər Ərdoğanın reytinqinin dəyişməsinə səbəb olur. Bələdiyyə seçkiləri öncəsi də ölkədəki proseslərin AKP və Ərdoğanın nüfuzuna zərbə vuracağı deyilsə, hakim partiya böyük fərqlə seçkilərdə qalib gəldi. Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır. Bələdiyyə seçkilərində namizədlərin partiya mənsubiyyəti ilə yanaşı onların şəxsi nüfuzları da ciddi rol oynayıb. Ancaq hər halda bələdiyyə seçkilərində hakim partiyanın inamlı qələbəsi Rəcəb Tayyib Ərdoğan üçün əlavə üstünlük kimi görünür.
İstənilən halda prezident seçkilərində vəziyyət bir qədər fərqli olacaq və o zaman baş nazir Ərdoğanın şəxsi nüfuzu əsas rol oynayacaq.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bələdiyyə seçkilərdə toplanan 45 faiz səsin avtomatik prezident seçkilərində Ərdoğana veriləcəyini də demək olmaz. Bu göstərici avqustun 10-da keçiriləcək prezident seçkisinin ilk turunda qalib gəlmək üçün yetərli deyil. Lakin seçkilərin ikinci turu keçirilsə, Ərdoğanın qələbə qazanacağı şübhə doğurmur: “İkinci tur olsa, böyük ehtimalla Ərdoğan prezident seçiləcək. Çünki bu zaman ona bir qrup MHP-li, kürd əhalisinin bir hissəsi də səs verə bilər. Çünki kürdlər bələdiyyələrə səs verib. Ancaq böyük ehtimalla onlar prezident seçkisində CHP, yaxud MHP-nin namizədinə səs verməz. Onlar seçim qarşısında qalsa, məhz Ərdoğana səs verər. Bu mənada Ərdoğan birinci mərhələdən keçməsə də, ikinci turda böyük ehtimalla prezident seçiləcək”.
Fizzə


