Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün bizə həm də acınacaqlı vəziyyətdə yaşayan yüz minlərlə azərbaycanlı uşağın qarşısında məsuliyyətimizi xatırladır. Ölkəmiz çox varlıdır. Buna heç bir şübhə ola bilməz. Azərbaycan yalnız neft satışından hər gün ortalama 100 milyon dollar qazanır. Ölkəmiz o qədər varlıdır ki, yalnız bir mahnı yarışmasına ev sahibliyi etmək üçün 500 milyon manatdan artıq pul xərcləyib. İndi də bir idman yarışmasına ev sahibliyi etmək üçün 1 milyard dollardan artıq vəsaiti xərcləməyə girişiblər. Hamısını sadalamaq fikrim yoxdur, indi ölkəmizdə milyardlıq layihələr xeylidir, saymaqla qurtarmaz. Hökumət belə layihələrə nəhəng korrupsiya fürsəti olmaqla yanaşı, həm də şan-şöhrət mənbəyi kimi baxır.
Və belə bir zəngin ölkədə bir milyon uşağın təqribən 400 min nəfəri (hər beş uşaqdan ikisi) anemiyadan əziyyət çəkir. Əsas səbəb də uşaqların yaxşı qidalanmamasıdır. Mənim fikrim deyil, BMT Səhiyyə Təşkilatının hesabatında belə deyilir (http://www.unicef.az/index.php?options=content&id=66). Yenə həmin mənbəyə görə 250 min azərbaycanlı uşaq da yenə normal qidalana bilmədiyi üçün qısaboyluqdan əziyyət çəkir.
Bu qədər zəngin ölkədə yüz minlərlə uşaq yarıac dolanır, yaxşı təhsildən, normal səhiyyə xidmətindən məhrumdur. Hökumətlə məsələ aydındır. İndi onlar öz ərköyün övladlarının qudurğanlıq, harınlıq səhnələrini əks etdirən videomaterialları internetdən yığışdırmaqla məşğuldurlar. Bəs bizə nə olub? Niyə bu dəhşətli ədalətsizliyə, rəzalətə biganəyik?”.


