İlham Əliyev, “tı obmanul, no tı ne pobedil”!

Hakim ailə üzvlərindən hələlik iki nəfər Azərbaycanın yağmalanmasında iştirak etməkdən imtina edib, qarğışsız-lənətsiz, azad həyatlarını yaşayırlar: ölkənin çapıb-talama əməliyyatında iştirak etməyən hörmətli könüllülərdən biri Heydər Əliyevin qızı Sevil xanım Əliyevadır, o biri isə Ilham Əliyevin kürəkəni Emin Ağalarovdur. 

Əslində, Sevil xanım da, Emin bəy də Ilham Əliyevin nəzərində etirazçıdırlar, ölkədə yaşasaydılar onları da zindana salardı ki, ürəyini bulandıran mahnılar yazmasınlar, müsahibələr verməsinlər. Məsələn, bu yaxınlarda  “Space” kanalına danışan Sevil Əliyeva böyük bir müsahibədə hakimiyyətdə olanlar haqqında kiçik də olsa bir xoş söz, tərif deməyib. Əksinə, vəzifəsindən istifadə edib qudurğanlıq edənləri, yaltaq məmurları, yazıçıları, şairləri kəskin tənqid edib: “…Nə istəyirsiniz edin, ancaq mənim atamın adını hallandırmayın, sizin buna haqqınız çatmır, buna layiq deyilsiniz. Qoy kim nə istəyir eləsin, ancaq öz adından etsin. Yaltaqlanmaq və mənim atamın adından öz maraqları üçün istifadə etmək lazım deyil”. 

Sevil xanımın hakimiyyətdəkilərin üzünə şapalaq kimi dəyən müsahibəsinin qızartısı getməmiş, Emin Ağalarovun “super.ru” saytına verdiyi “mı s jenoy jivyem v raznıx qorodax” müsahibəsi oğurluqla var-dövlət toplayıb, qanlı milyardları ilə fəxr edənlərin başına qaynar su kimi töküldü. Sevil xanım Əliyevanın, Emin Ağalarovun müsahibələrindən sonra yəqin Ilham Əliyevə məlumat verilib ki, qohumların NIDA-çı olublar, icazə ver kürəkənin övladlarını görmək üçün ölkəyə gələndə çantasına etirazçıların ciblərinə qoyduğumuzdan atıb, həbs edək, sonra görək Kürdəxanıda necə oxuyacaq “ya luçşe vsex jivu”. 

Əslində, nəinki hakim ailənin üzvləri arasında, vəzifədə olanların da içində vicdanlılar var, məmurların hamısı acgöz və şərəfsiz deyil. Onların arasında elə gözəl ürək sahibi olan insanlar var ki, hətta doğma bildiklərimiz içində elələri ilə nadir hallarda rastlaşırıq. Misal üçün, bu yaxınlarda yetkinlik yaşına çatmayan övladımla ölkə xaricinə getmək üçün hər iki valideynin icazəsi olan etibarnamənin yenisini almaq lazım idi, amma yola düşmək ərəfəsində olduğumuza görə gözləməyə vaxt yox idi. Bakının mərkəzində olan notariuslardan birinə çox ümidsiz halda getdim, idarə müdirinə vəziyyəti izah etmək istəyəndə, o, mənə sona kimi danışmağa imkan vermədi, “xanım, narahat olmayın, mən sizi tanıyıram, indi tapşıraram, istədiyiniz sənədi beş-on dəqiqəyə hazırlayarlar” deyəndə, elə bildim arxamda məşhur Hollivud ulduzlarından kimsə dayanıb, idarə rəhbəri onunla danışır. Beş dəqiqədən sonra arayışı qarşımda görəndə elə bildim yuxu görürəm. Ümumiyyətlə, son vaxtlar elə nadir INSANlardan hətta polis məntəqəsində, xəstəxanada, məktəbdə də görmüşəm, sanki onlar haqsızlıqdan bezdiyimiz ölkədə bizi saxlamaq üçün başqa planetlərdən uçub gəliblər. 

Söz-söhbət gəzir ki, AILƏyə üsyan edən üçüncü etirazçı Ilham Əliyevin böyük qızı, Emin Ağalarovun həyat yoldaşı Leyla xanımdır. Deyilənlərə görə, gənc şairə “Sən kimi aldatdığının fərqindəsən?” yeni şeirini atasına həsr edib. Doğrudur, ərlərini fotoqraflar qapılarına sürüyən, instagramda əri ilə “yatıb-duran” yelbeyin qadınlar deyir ki, “tı obmanul, no tı ne pobedil” şeirini Leyla xanım onunla şəkil çəkdirməyən, dünya gözəlləri ilə klip, fotolar çəkdirən Emin Ağalarova həsr edib. Amma yelbeyinlər şeirdən, sözdən nə anlaya bilər? Ərinə “sən kimi aldatdığının fərqindəsən deyən?” qadın, bir ay sonra “tı ved znaeş, kak ya jdu tebya” deyərmi? Əsl şairə çox cəsur və səmimi olmalıdır, yeri gəlsə atasını, ərini də tənqid etməkdən çəkinməməlidir, lap atası onu milyardlardan mərhum etməklə hədələsə də, əri onunla eyni şəhərdə yaşamaqdan imtina etsə də, ürəyindən keçənləri yazmalıdır: “…tı obmanul, no tı ne pobedil, a pobedil, kto pravdu qovoril”. 

Bəli, Leyla xanım, atan hamımızı aldatdı, amma qalib gəlmədi, qalib – həqiqəti deyənlər, haqsızlığa etiraz edənlər, göründüyü kimi olanlar, olduğu kimi görünənlərdir!