ramiz-kamal

Heydərov-Mehdiyev ittifaqı Paşayevləri narahat edib

«Fövqəlnazir»lə Administrasiya rəhbəri hakimiyyətə tam nəzarəti ələ keçirmək istəyir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev arasındakı ittifaq hakimiyyətdəki ən güclü qruplaşmalardan olan Paşayevləri narahat edib. Hakimiyyətdaxili mənbədən “Azadlıq”a sızan məlumatda belə deyilir. Iddialara görə, Paşayevlər bu ittifaqı pozmaq üçün ciddi səy göstərirlər.

Məlumatda bildirilir ki, Ramiz Mehdiyev-Kəmaləddin Heydərov ittifaqı iqtidarın indiki çətin vəziyyətində hakimiyyəti tamamilə nəzarətə götürməyə hesablanıb: “Onların planında indidən fəaliyyətə başlayıb, 2015-ci ildə iqtidarda əsas söz sahibi olmaq dayanır. Məqsədə nail olmaq üçün isə ilk olaraq Paşayevlər sıradan çıxarılmalıdır. Onsuz da ”nurçu savaşı”nda Paşayevlər kifayət qədər ciddi zərbə alıblar. Nurçuluqda ittiham olunan məmur və deputatların demək olar ki, hamısı Paşayevlərə yaxın şəxslər olub. Aparılan ciddi kampaniya nəticəsində həmin şəxslər ya “vurulub”, ya da küncə sıxışdırılıb. Kəmaləddin Heydərovla Ramiz Mehdiyev bunu Paşayevləri tam sıradan çıxarmaq üçün əlverişli şərait hesab edir. Digər tərəfdən indiki siyasi situasiyada Ramiz Mehdiyev və Kəmaləddin Heydərovun mövqeləri kifayət qədər güclüdür. Hər iki məmurun Rusiya siyasi dairələri ciddi əlaqələri olduğu barədə məlumatlar var. Azərbaycanın isə Qərb və Rusiya arasında seçim etmək zərurəti yaranır. Məhz Kəmaləddin Heydərovla Ramiz Mehdiyev Rusiya ilə yaxınlaşmağın qatı tərəfdarı kimi çıxış edir. Fövqəladə hallar naziri administrasiya rəhbərinin bu məsələdə ortaq mövqe sərgiləməsi də onların arasında ittifaq yaranmasını şərtləndirən başlıca amildir”.

Paşayevlərin bu ittifaqı pozmaq planına gəlincə, mənbə konkret bir söz deməyib: “Bəlli deyil ki, Paşayevlər vəziyyətdən necə çıxacaq. Lakin onların arasında bu ittifaqı pozmaq başlıca vəzifə kimi müzakirə mövzusudur”.