«Dünyada baş verənlərin sonrakı gedişinin necə olacağı Ukrayna hadisələrinin sonluğundan asılıdır»
«Bataqlıq içərisində olan Rusiya necə cəlbedici ola bilər»
Elçin Şıxlı: «Azərbaycan ABŞ və ya Rusiya kimi qlobal güclərlə təkbaşına kəllə-kəlləyə gəlmək gücündə deyil»
Ağır maliyyə durumunun nəticəsi olaraq “Ayna”-“Zerkalo” qəzetləri fəaliyyətini dayandırmaq məcburiyyətindədir. Sözügedən qəzetlərin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlamasında bildirib ki, həftəliyə keçsələr də, xərclər ödənişləri qarşılamır. Elçin Şıxlı ilə söhbətimizə rəhbərlik etdiyi mətbu orqanların problemlərinə münasibət öyrənməklə başlasaq da, müsahibimizə gündəmdə olan başqa sualları da ünvanladıq.
– Bir müddət əvvəl problemlər üzündən həftəliyə keçdik. Düşünürdüm ki, həftəlik formatda heç olmasa işləmək mümkün olacaqdır. Amma alınmır. Maliyyə cəhətdən bu mümkün deyil. Gündəlik qəzetin xərcləri həftəlik nəşrdən çox olsa da, amma gündəlik qəzetin gəliri həftəlikdən çox idi. Məsələ burasındadır ki, gəlirlə çıxar bir-birini ödəməyəndə işləməyin heç bir mənası qalmır.
– Elçin bəy, ümumiyyətlə, planlarınız nədən ibarətdir? Qəzetin fəaliyyətini internet saytlamı davam etdirmək niyyətindəsiniz, yoxsa bir müddət fasilə verəcəksiniz?
– Sözün doğrusu, hələ dəqiq bir şey bilmirəm. Qəzetin saytı hələlik işləyir. Onsuz da qəzetin saytı informasiya agentliyi formatında işləmirdi. Bizim qəzetlərin yazıları sayta gec qoyulurdu. Digər tərəfdən, hazırda saytların fəaliyyəti də başqadır. Saytlarda çevik xəbərlər olur. Saytda dərin analizə, analitikaya bir o qədər də üstünlük verilmir. Saytlarda üstünlüyü xəbərlərə və görüntüyə verirlər. Adama elə gəlir ki, saytla bağlı iş bir qədər asandır. Çünki internet saytında satışa, mətbə və çap xərclərinə ehtiyac yoxdur. Amma iş orasındadır ki, Azərbaycanda internetdən qazanmaq mümkün deyil. Daha doğrusu, yalnız saytdan gələn pul ilə bütöv bir nəşri saxlamaq mümkün deyil. Ona görə çalışacağıq ki, heç olmasa sayt tam sıradan çıxmasın, onu qoruyaq. Digər tərəfdən, bir qədər nəfəsimi dərmək, ətrafa baxmaq da istəyirəm.
“Beynəlxalq təşkilatlara müraciət etməyəcəyəm”
– Beynəlxalq jurnalist təşkilatlarının dəstəyi olarsa, fəaliyyətinizi yenidən bərpa edə bilərsinizmi?
– Mənə bu sualı tez-tez verirlər. Amma onu nəzərə almaq lazımdır ki, birincisi, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda, demək olar, qalmayıb. Ikincisi, beynəlxalq təşkilatlardan qrant almaq üçün ən yaxşı halda azı gərək yarım il onlarla yazışma aparasan. Nəticədə beynəlxalq təşkilatlar qəzetin yalnız 2-3 aylıq xərclərini ödəyə bilərlər. Bu çıxış yolu deyil. Ona görə mən olmayan beynəlxalq təşkilatlara da müraciət etmirəm.
– Azərbaycanda çap mətbuatında reklam bazarı, demək olar, yoxdur. Amma nisbətdə götürəndə “Zerkalo” qəzeti bu istiqamətdə müəyyən uğurlar qazanmışdı. Qəzetə reklam verənlərin birdən əməkdaşlığa son qoyması nəylə bağlı idi? Nə baş verdi? Bunun sizin son zamanlar bəzi məsələlərdə nümayiş etdirdiyiniz prinsipial mövqeylə bağlılığı varmı?
– Burada həm obyektiv, həm də subyektiv məqamlar var. Obyektiv məqamlar ondan ibarətdir ki, çap mediasının dünyada ümumən mövqeləri zəifləməkdədir. Çünki hamı çevik xəbər almaq istəyir. Amma bir məqam da var ki, bəzi xarici ölkələrdə qəzet oxumaq yenidən dəbə minməkdədir. Azərbaycanda isə reklam bazarı daralıb, inhisar güclənib. Mənim prinsiplərim həmişə eyni olub. Prinsiplərim həmişə qabarıq olub, sadəcə olaraq sakitlik olan zaman gözə dəyməyib. Çap mediasındakı reklamla bağlı yanaşma fərqliliyi görünür. Hesab edirlər ki, “SMS”lə reklam olunmaq, çap mediasından daha effektiv təsir bağışlayacaq. Azərbaycanda, ümumiyyətlə, əsil biznesin nə demək olduğunu anlayanları barmaqla saymaq olar.
“Xəbərdarlıq almamışam”
– “Zerkalo” qəzetinin ətrafında baş verənlər hüquq müdafiəçisi Anar Məmmədlinin, qəzetinizin əməkdaşı Rauf Mirqədirovun həbsi, Leyla Yunusa qarşı kampaniyanın aparılması ilə bir bağlılığı varmı? Yəni qəzetin çökdürülməsi ümumi kampaniyanın tərkib hissəsi sayıla bilərmi?
– Bu suala birmənalı şəkildə “hə” və ya “yox” cavabı verə bilmərəm. Amma bu elementlərin təbii ki, hamısı var. Düşünürəm ki, cəmiyyət özü-özüylə vuruşmamalıdır. Müxtəlif fikirlər, müxtəlif mövqelər olmalıdır. Kimdənsə razı ola da, olmaya da bilərsən. Təsəvvür edin ki, hamı bir-birilə razıdır, hamı eyni cür düşünür, geyinir və hərəkət edir. Belə bir şey olsa, deməli, həmin cəmiyyət artıq ölüb. Təəssüf ki, Azərbaycanda bir-birimizin axırına çıxmamış əl çəkmirik.
– Son zamanlar fəaliyyətinizdə korrektələr etməyəcəyiniz təqdirdə ciddi fəsadların ola biləcəyi ilə bağlı xəbərdarlıq almışdınızmı?
– Xeyr, belə bir şey olmayıb. Əksinə, elə şeylər olanda adam özünü bir qədər arxayın hiss edir. Həmin xəbərdarlıqlar olmayanda artıq başa düşməlisən ki, vəziyyət gərgindir.
Azərbaycan qlobal güclərlə üzbəüz
– Azərbaycan hakimiyyətinin təmsilçiləri bir müddət əvvəl Qərb dövlətlərində görüşlər keçirərkən bəyan edirdilər ki, Azərbaycana həm şimal, həm də cənubdan ciddi təzyiqlər var. Hətta Azərbaycanın “sendviç” kimi əzildiyini də vurğulamışdılar. Amma digər tərəfdən, hazırda biz tamamilə fərqli siyasətin şahidi oluruq. Rus telekanallarında çıxış edən hakimiyyyət nümayəndələri Qərbi sərt tənqid edirlər. Ölkədə nə baş verir?
– Mən qəti mövqe tutaraq Azərbaycan hakimiyyətinin təmsilçilərini söylədikləri fikirlərə görə yerlə-yeksan edə bilərəm. Bəyan edə bilərəm ki, bu cür mövqe sərgiləmək pisdir, düz etmirlər, qəti mövqe sərgiləmək, prinsipiallıq göstərmək lazımdır. Amma mən bunu deməyəcəm. Çünki obyektiv məqamlar var. Söhbət ondan gedir ki, Azərbaycan dünya nəhəngləri yanında müqayisəolunmaz dərəcədə xırda subyektdir. Azərbaycanın ən ümdə vəzifəsi hazırda gedən qlobal döyüşdə az zədə almaqla baş verənlərdən salamat çıxmaqdır. Azərbaycanın şimal və cənubdan ciddi təzyiq altında olduğu ilə bağlı söylənilənlər həqiqətdir. Indinin özündə belə mən hələ də Obamanın siyasətinin nədən ibarət olduğunu başa düşə bilmirəm. Bəlkə də bu, yürüdülən siyasətin nəticəsi olacaq. Amma hələlik heç nə görünmür. ABŞ kimi dövlət dünya siyasətində yerini dəyişmək istəyirsə, bu, bütün dünyaya açıq şəkildə bəyan edilməlidir. Bu zaman bəlli olacaq ki, ABŞ nə istəyir. Hazırda ABŞ-ın nə istədiyini anlamaq çətindir. ABŞ bir qədər liberal siyasət aparmağa başladı. Putin də görəndə ki, Obama liberal siyasət aparır, o da özünün asiyalı olduğunu nümayiş etdirməyə başladı. Putin hazırda nə istəyirsə, onu da edir. 2008-ci ildə Rusiya Gürcüstanın yarısını ələ keçirdi. Tiflisin 20 kilometrliyində Rusiyanı birtəhər dayandırmaq mümkün oldu. Bu zaman Qərb ağzına su alıb oturdu. Putin o zaman artıq anladı ki, Qərblə zor dilində danışmaq olar. Hazırda Ukraynada baş verənlərə fikir verin. Rusiya Krım boyda yarımadanı özünə birləşdirdi, amma dünya birliyi buna susur. Rusiyaya qarşı siyasi, iqtisadi sanksiya tətbiq edildi. Hazırda insanlar qırılmaqdadır. Həmin şəxslərə birbaşa kömək lazımdır. Bu baxımdan, dünyada baş verənlərdə kimin üstün gələcəyi məlum olmayan bir məqamda Azərbaycan iqtidarı hazırkı möqedən çıxış etməlidir. Bu cür mövqe sərgilənməsi mənim də xoşuma gəlmir, ürəyimdən deyil. Amma onlar o söhbəti etməsələr, Rusiya Ermənistanı birbaşa müharibəyə təhrik edəcək. Son zamanlar baş verən atışmalar buna bir sübutdur. Ona görə Azərbaycan suyu üfürə-üfürə içməlidir. Çünki biz ABŞ və ya Rusiya kimi qlobal güclərlə təkbaşına kəllə-kəlləyə gəlmək gücündə deyilik. Bu obyektiv bir gerçəklikdir. Bunu anlamalıyıq. Amma dünyada baş verənlərin sonrakı gedişinin necə olacağı Ukrayna hadisələrinin sonluğundan asılıdır. Rusiyanın geri çəkilməsinin şahidi olacağıqsa, təbii ki, bizim də siyasət dəyişəcəkdir.
Azərbaycan kimi seçəcək və kimi seçməlidir?
– Elçin bəy, maraqlıdır ki, Azərbaycan bundan əvvəl də oxşar situasiyalarla üzləşib. Amma sərgilənən qətiyyətli mövqe Rusiyanı fakt qarşısında qoyub. Belə hallara misal olaraq rus qoşununun Azərbaycandan çıxarılmasını, BTC-nin reallaşmasını, ölkəmizin GUAM-a girməsini göstərmək olar. Bu dəfə də qətiyyət nümayiş etdirilərsə, nəsə nəticə verə bilərmi?
– BTC reallaşan zaman həm ABŞ-da, həm Rusiyada, həm də Azərbaycanda rəhbərlikdə başqa şəxslər idi. Digər tərəfdən, görünür, bizə müəyyən zəmanətlər də verilmişdi. Məhz bu zəmanətin nəticəsində Azərbaycan həmin qətiyyəti nümayiş etdirə bilmişdi. Hazırda vəziyyət dəyişib. Əslində biz qətiyyət nümayiş etdirmişik. Krım məsələsində biz beynəlxalq səviyyədə Ukraynanın yanında olduq. Bu özü qətiyyət deməkdir. Normal səviyyədə bu praqmatik bir siyasətdir. Siyasətdə, ümumiyyətlə, emosiyaya yol verilməməlidir. Siyasət millətin, dövlətin taleyi deməkdir. Həmin taleylə oynamaq yanlışdır. Siyasət kompromislərdən ibarətdir. Ukraynadakı vəziyyət tam aydın olmayınca, biz ifrat dərəcədə praqmatik olmalıyıq.
“Avrasiya İttifaqına daxil olsaq, tökdüyümüz qanlar əbəs olacaq”
– Hazırda yeni yaranan Avrasiya Ittifaqı da, Avropa Birliyi də Azərbaycandan konkret mövqe sərgilənməsini istəyir. Amma Azərbaycan qeyri-müəyyən mövqeyini davam etdirməkdədir. Azərbaycan əvvəlkitək neytral dövlət mövqeyini qoruyub saxlaya biləcəkmi?
– Mən qəti şəkildə əminəm ki, Azərbaycan yeni yaranan Avrasiya Ittifaqına heç bir vəchlə yaxın durmamalıdır. Azərbaycan həmin təşkilata üzv qəbul olunsa, hesab edin ki, Azərbaycan məhv oldu. Çünki 88-ci ildən meydanlara düşən millət özünün sözünü, suverenliyini, qürurunu müdafiə etdi. Nəticədə Azərbaycan qan töküb, torpaq itirərək müstəqilliyini qazandı. Azərbaycan üçün müstəqillik göydən düşmədi. Biz onun üçün vuruşduq. Amma biz Avrasiya Ittifaqına daxil olsaq, tökdüyümüz qanlar əbəs olacaq. Azərbaycan yenidən qayıdacaq Rusiyanın təsiri altına. Rusiya Azərbaycana mütərrəqi bir şey vəd edə biləcəyi halda bu məkanla yaxınlaşmaya etiraz etmərəm. Rusiya qabağa getsə, inkişaf etsə, müasirləşsə, o zaman cəlbedici ola bilər. Rusiya hazırda özü bataqlıq içərisindədir. Rusiya güc nümayiş etdirməkdən başqa heç nə bilmir. Çünki dövlətin iqtisadiyyatı bərbad vəziyyətdədir. Rusiya neft və qazın satışı hesabına yaşayır. Rusiya Çinlə özünə sərf etməyən otuz illik qaz müqaviləsi imzaladı. Çünki həmin müqavilədən udan tərəf Çindir. Rusiyanın şərqinin artıq Çinin əlində olduğunu söyləmək olar. Ona görə biz Qərbə inteqrasiya etməliyik. Qərb Rusiyadan xeyli mütərrəqidir. Qərb göydə balonlarda uçur, biz isə hələ də çarıqda gəzirik. Daha bəsdir.
– Azərbaycan hakimiyyəti nəyə görə ölkəmizi Avropa məkanında görmək istəmir? Hakimiyyətin Avropaya qarşı inteqrasiyaya çıxmasının səbəbi nədir?
-Azərbaycanın Avropaya inteqrasiyada maraqlı olmaması sadəcə olaraq hakimiyyətin bəyanatlarıdır. Sonun necə olacağı məlum deyil. Amma nə iqtidar, nə də cəmiyyət Rusiyadakı kimi yaşamaq istəyir. Biz normal həyat sürmək istəyirik. Nümunəvi həyat isə yalnız Qərbdədir. Qərbdə vətəndaş cəmiyyəti var, burada qanunlar işləyir. Qərbdə söylədiyiniz fikirə görə heç kim sizin başınıza oyun açmayacaq. Yazdığınız yazıya, küçədə flaşmob etdiyinizə görə heç kim sizi məhkəməyə çəkməyəcək.
“Əfv siyasi məhbus problemin həll edə bilməz”
– Hakimiyyətin Avropaya inteqrasiya ilə bağlı dirənişi ilə iqtidarın daxildə yürütdüyü siyasət nə dərəcədə əlaqəlidir? Çünki Avropaya inteqrasiya insan haqlarına hörmət, demokratik seçki, qanunun aliliyi deməkdir?
– Onu nəzərə almaq lazımdır ki, ideoloji cəhətdən biz Avropadakı kimi yaşamaq istəyirik, amma beynimiz hələ SSRI ilə bağlıdır. Onu da başa düşmürük ki, vəzifəyə gələndə ömürlük orada otrmağın mənası yoxdur. Bir qədər işləyib yenilik gətirirsən. Amma insan bir yerdə oturanda korşalır. Sən dəyişməli və elə şərait yaratmalısan ki, yerinə gələn səndən daha yaxşı olsun. Yoxsa yaxşıların başını əzəndən sonra sənin yerinə yaxşısı yox pisi gələcək.
– Sonuncu əfvlə bağlı cəmiyyətdə müəyyən gözlənti var idi. Amma bu gözlənti özünü doğrultmadı?
– Təbii, bu əfv narazılıq doğurur. Deyirlər ki, guya iyunda daha bir əfv olacaq. Əfvlə siyasi məhbus problemini həll etmək olmur. Əfv imzalayırsan, on nəfəri azad edirsən, iki ildən sonra baxırsan ki, onların yerini başqaları doldurdu. Bu məsələni kökündən həll etmək lazımdır. Əgər adam müxalif fikir söyləyirsə, buna qarşı çıxmaq lazım deyil. Gənc flaşmob edirsə, təhsilda rüşvətxorluğa qarşı etiraz edirsə, ona imkan yaratmaq lazımdır. Bu addımlara görə insanları həbs etmək olmaz. Bəzən övladlarım da mənə etiraz edir. Indi mən bu etiraza görə onları öldürməliyəm. Ona görə istəyirsən bir yox, on beş əfv olsun, bununla problem həll etmək olmaz.
Xəyal