Ölkədəki uğurlu inkişafı, tikinti-quruculuq işlərini, hər gün açılan iş yerlərini, yoxsulluğun kökünün kəsilməsini görməyən adamlar çoxdur. Bu adamlar hesab edirlər ki, hakimiyyət yeniliyin düşmənidir. Mən belə düşünən adamları şiddətlə qınayıram və reallıqları görməməkdə ittiham edirəm.
Açığı, bu hakimiyyətin nə qədər solaxay işləri olsa da, yeniliklə bağlı tərəddüdü yoxdur. Inanmırsınız?
Təkcə bu ilin 5 ayına nəzər salsaq görərik ki, xeyli dəyişiklik var. Məsələn, bu il ilk dəfə olaraq müxalifətçi qadın qondarma ittihamlarla həbs olundu və 30 sutka cəza aldı. Elə həmin qadını polislər vəhşicəsinə döydü və təhqir etdi. Bunun özü də bir yenilikdir. Yaxud siyasi sifarişlə həbs olunanlara verilən cəzalara nəzər salaq. Əvvəllər 2-3 il müddətinə azadlıqdan məhrum edirdilərsə, indi 8-9 rəqəmi dəbdədir. Bu da bir yenilikdir.
Daha “orijinal” yeniliklər də var. Əvvəllər yalnız siyasi partiyaların üzvləri “ermənipərəst” “narkoman” adlandırılırdısa, indi hüquq müdafiəçilərinə, jurnalistlərə də belə “fəxri adlar” verirlər. Əvvəllər tutulan şəxsdən öz əleyhinə ifadə vermək tələb olunurdu. Indi başqalarının əleyhinə ifadə almaq üçün “gücləndirilmiş iş rejimi”nə keçiblər.
Əvvəllər dövləti sevməməkdə ittiham edirdilər. Indi “dövlət sirri”ni satmaqda ittiham edirlər. Əvvəllər tutduqları adamın cibindən narkotik çıxarırdılar. Indi narkotiki öz ciblərindən çıxarıb, tutduqları adamın adına sənədləşdirirlər. Əvvəllər Qarabağı almaq üçün “Lazım”ı gözləyirdilər. Indi “Lazım”ın gəlişini yubadanları gözləyirlər. Əvvəllər yoxsulluğun səviyyəsini azaltmağa çalışırdılar. Indi yoxsulluğun kökünü kəsirlər. Əvvəllər regionun lider ölkəsiydik. Indi dünyada bizə çatan yoxdur.
Əvvəllər “Şərəf”, “Şöhrət” ordenlərini ildə 2 dəfə verərdilər. Indi həftədə 2 dəfə verirlər. Əvvəllər “bizim öz yolumuz var” dəbdə idi. Indi başqalarına yol göstərirlər.
Əvvəllər seçkini gizli şəkildə saxtalaşdırardılar. Indi şəffaf şəkildə saxtalaşdırırlar. Əvvəllər banan, kartof, balıq monopliyada idi. Indi bu siyahıya ürək, böyrək, qara ciyər xəstəliklərinin müalicəsi də daxil olub. Əvvəllər “bizim Qarabağ kimi dərdimiz var” deyirdilər. Indi Qarabağ dərdini “bu ədalətsizliyə dözən dünya birliyinə” yükləyiblər. Əvvəllər kişiləri həbs etməklə qorxudurdular. Indi qadınları həbs etməklə qorxu mühiti yaratmaq istəyirlər. Əvvəllər əfv siyahısına 1-2 nəfər siyasi məhbus salardılar. Indi əfv fərmanından sonra, 2-3 nəfəri də əlavə olaraq həbs edirlər. Əvvəllər prezident “jurnalistlərin dostu” idi. Indi “gənc alimlərin dostu”dur.
Əvvəllər ölkə vətəndaşlarının adı nisyə dəftərlərində olardı. Indi, adı kredit dəftərinə düşməyən qalmayıb. Əvvəllər bu rejimə “diktatura”, “avtoritar” deyirdilər. Indi bunlara baxıb, diktatorlara, avtoritarlara rəhmət oxuyurlar. Əvvəllər yaşamaq çətin idi. Indi ölmək də çətindir. Əvvəllər yaltaqlanana vəzifə verirdilər. Indi pulu olmayan yaltağın da işi çətinləşib. Əvvəllər millətin ürəyini partladırdılar. Indi partiya qərargahlarını da partladırlar. Bu siyahını uzatmaq da olar. Hakimiyyətin yeniliklərini saymaqla bitirmək mümkün deyil.
Bunlar “Azərbaycan sürətlə inkişaf edir” deyəndə, yuxarıda sadaladıqlarımızı nəzərdə tutur. Bir sözlə, Azərbaycan hakimiyyəti, geriyə doğru irəliləməyin modelini yarada bilib. Biz, köhnə fikirlilərin yeniləşdirdiyi ölkədə yaşayırıq. Tənəzzülə aparan tərəqqini görməmək isə ədalətsizlikdir.