Söyün Sadıqov İlham Rəhimova əsəbiləşdi

«Bilmirəm o mənim haqqımda nə danışır, amma bütün bunlar onun vicdanına qalsın»

«Bu sadəcə bir vəhşilikdir və heç də sivil insana yaraşan hərəkət deyil»

“Mən daha əvvəl də öz çıxışlarımda bildirmişəm ki, Kremlin və Putinin bu təşkilatın yaranmasında heç bir rolu yoxdur. Kimki bunun Putinin əmri ilə yaradıldığını söyləyirdi, o lap əvvəldən yanılırdı”.

Bu sözləri azpolitika.info-ya müsahibəsində Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov “Milyarderlər Ittifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) Kremlin layihəsi olması barədə iddialara cavab olaraq deyib. Söyün Sadıqov Rüstəm Ibrahimbəyov və Abbas Abbasov barədə münasibətlərindən də danışıb: “Rüstəm Ibrahimbəyovla mən 1989-cu ildən tanışam və həmişə görüşmüşük, yalnız yenə elə də tez-tez yox. Moskva böyük şəhərdir və adi bir məhəllə deyil. Həm də bizim ortaq biznesimiz yoxdur. Abbas Abbasovla isə biz qonşuyuq. Evlərimiz bir-birindən 20 metr aralıdır. Digər tərəfdən bu necə psixologiya və ya mədəniyyətdir? Nə üçün də biz görüşməməliyik axı? Yoxsa görüşmək üçün biz icazə almalıyıq?! Bu sadəcə bir vəhşilikdir və heç də sivil insana yaraşan hərəkət deyil”.

Putinin səlahiyyətli nümayəndəsi onu da bildirib ki, 2013-cü ildə Azərbaycanın dövlət başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın prezidentliyə namizəd olmasını təklif etməyib: “Mən Mehriban xanımın namizədliyini təklif etməmişəm. Mən sadəcə onun prezidentliyə yaxşı namizəd olduğunu demişəm. O Azərbaycanı dünyada tanıda biləcək namizədlərdən olardı. Yeri gəlmişkən, sizin bu cür fəal qadınlarınız çoxdur. Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Elmira Axundova, Bahar Muradova və digərləri”.

Söyün Sadıqov Vladimir Putinin dostu, iş adamı Ilham Rəhimovun onun Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi olması barədə dediklərinə də cavab verib: “Mən Ilham Rəhimovla o qədər də tanış deyiləm. Biz cəmisi üç dəfə Rusiya prezidentinin inauqurasiyası zamanı görüşmüşük. Lakin bizim ortaq dostlarımız Moskvada çoxdur. Mən onun rəhmətlik qardaşı Cahangir Rəhimovla çox yaxşı tanış idim. Sonra onun bacısı Gülnarə Rəhimova və onun həyat yoldaşı Qəhrəman Dənizlə, eləcə də onların anaları ilə tanışam. Bilmirəm o mənim haqqımda nə danışır, amma bütün bunlar onun vicdanına qalsın. Mənim isə belə bir xüsusiyyətim yoxdur və mən belə tərbiyyə görməmişəm ki, kimin haqqındasa nə isə danışım. Xüsusən də əgər mən həmin adamı tanımıramsa”.