Təzəlikcə Mərkəzi Saxtakarlıq… pardon, Seçki Komissiyasının iclası keçirilib, orada çıxış edən komissiya üzvü Akif Qurbanov ölkə üzrə seçici siyahısından danışarkən Dövlət Statistika Komitəsi, prezidentin rəsmi saytı və ATƏT-in hesabatlarına istinad edərək onlarla MSK-nın göstərdiyi rəqəmlər arasında ciddi fərqin olmasından danışıb, məlum olub ki, söhbət 1,8 milyon seçicinin “havaya buxarlanmasından” gedir. Akif Qurbanov indi soruşur ki, bu qədər seçici hardadır?
Düzü bilmirəm, heç maraqlanmadım da MSK sədri Məzahir Pənahovun bu suala cavabı necə olub, axı heç bu bizə lazım da deyil. Seçki yoxdursa, seçici axtarmağın mənası nədir?
Hələ bu harasıdır? Yaxınlarda ölkə əhalisinin sayı ilə bağlı mübahisələr yarandı, Dövlət Statistika Komitəsi əhalinin sayının 9,5 milyon nəfəri ötdüyünü açıqladı, amma ortada xeyli suallar var. Ekspertlər Təhsil Nazirliyi və “Statkom”un rəqəmlərini analiz edərək ortada heyvərə bir uyğunsuzluq olduğu qənaətinə gəliblər, belə ki, 25 il öncəki rəsmi statistikaya görə, Azərbaycanda 7,5 milyon nəfər adam yaşayıb. 1990-cı ilin statistikasına görə, həmin illərdə orta məktəblərdə təhsil alan şagirdlərin sayı 1 milyon 394 min nəfər olub. 2013-cü ildə isə rəsmi versiyaya görə, əhalinin sayı 9,5 milyon nəfəri ötüb. Yəni 1988-ci illə müqayisədə əhalinin sayı 27 faiz artıb. Ancaq bir elə ciddi artım fonunda bu gün ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 25 il öncəki göstəricidən təxminən 103 min nəfər azdır. Hesablamanı aparan iqtisadçı Qadir Ibrahimli daha sonra davam edir: “1988-ci il göstəricilərini əsas götürsək, əhalinin 18,5 faizini məktəb yaşlı uşaqlar təşkil edib. Bu hesabla, bu gün orta təhsil məktəblərində 1 milyon 757 min şagird olmalı idi. 6 yaşlı uşaqların da orta təhsil məktəbin təsir dairəsinə aid olduğunu nəzərə alsaq, rəqəm 1 milyon 932 min nəfərə çatmalı idi. Ancaq Təhsil Nazirliyinin rəsmi məlumatı bundan ibarətdir ki, gerçəkdə bu gün 1 milyon 291 min nəfər şagird orta məktəblərdə təhsil alır. Bəs 641 min nəfər hanı?”.
Gördüyünüz kimi, işimiz ağırdır, biz bir tərəfdən 1,8 milyon seçicini axtardığımız kimi, o biri tərəfdən 641 min şagirdi axtarmalıyıq. Hələ Allah bilir, nə qədər istiqamətdə belə axtarışlara ehtiyac var.
Odur ki, ən yaxşısı Əliyevlər Azərbaycanında hər hansı rəsmi rəqəmi ciddiyə almamaqdadır, çünki saxtakarlığın, oğurluğun yüksək olduğu bizim kimi ölkələrdə rəsmi rəqəmlərdən danışmaq, onları ciddiyə almaq anlamsızdır, bu cür ölkələrdə rəqəmlərlə istədiyin kimi rəqs edə, oynaya bilərsən. Məsələn, hökumətin hesabatlarında qeyd olunur ki, 10 il ərzində ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib. Təsəvvür edin, inkişaf etmiş ölkələrdə, eləcə də Baltik və Şərqi Avropanın qabaqcıl ölkələrində yoxsulluq səviyyəsi 10-20 faiz arasında dəyişdiyi halda, bizdə – işsizliyin tüğyan etdiyi, korrupsiyanın xirtdəyə çıxdığı Azərbaycanda bu rəqəmi 5 faiz göstərə bilirlərsə, 1,8 milyon seçicini, yarım milyon şagirdi yoxa çıxarmağa, ilim-ilim itirməyə nə var?
Hələ gərək bu yazını oxuyandan sonra siz özünüz də, əziz oxucular, özünüzün yoxa çıxıb-çıxmadığınızı, doğrudan da var olub-olmadığınızı dəqiqləşdirəsiniz. Dərinə getsək, bəlkə heç mən özüm də yoxam, bu yazını isə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev yazıb, nə bilmək olar…