Indi hamı bu sorağı gözləyir: leyla Yunus tutuldu. Bu gözlənti isə bir qanunauyğunluq görsənişidir: Leyla Yunus tutulmalıdır! Niyə də tutulmasın?! Axı, bu hakimiyətə qarşı çıxmaq olmaz. Leyla Yunus çoxillik sistemli, barışmaz çalışmaları ilə bu hakimiyətin kökünü qazıyanlardan biridir. Görəsən, niyə? Görəsən, o niyə başlanğıcdan bu hakimiyətin kefini çəkənlərdən biri olmaq istəmədi? 1969-dan üzübəri bütünlüklə başqa dəyərlərlə formalaşdırılan Azərbaycan toplumu üçün Leyla Yunus kimi adamlar gerçəkdən tutulası adamlardır: ipə-sapa yatmadığı, rejim qulluqçularından birinə çevrilib kef içində yaşamaq istəmədiyi üçün!
Leyla Yunus bizdəki bir çox insanlıqdan uzaq “insan hüquqları müdafiəçiləri” kimi qrant üçün bu yolu seçənlərdən deyil. Elə olsaydı, o da tanıdığımız bir çox başqaları kimi Batı ilə yanaşı, Azərbaycanda insan hüquqlarını tapdaq edən antihumanist rejimdən də qrantlar alardı, özü də dünyalarca ünlü ad-sanına görə çoxlu-çoxlu. Ancaq o bunu etməyib, etmir, inamla demək olar: etməyəcək də. Onun başlıca suçu da bundadır: indiyədək rejimə satılmayıb, satılmır. Bu indiyədək satılmamaq faktının kökündə kimlərinsə düşündüyü kimi, onun haralarasa bağlı olması “faktı” durmur. Bizim istəyib-istəməməyimizdən, sevib-sevməməyimizdən, bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, Leyla xanım ideya adamıdır.
Biz Leyla xanımla ilkin olaraq AXC-nin təşəbbüs qrupunda tanış olmuşuq. Açıq deyirəm: yaxınlığımız olmayıb, hələ, bəlkə, ortada antipatiya görsənişləri də olub; başlanğıcdan Leyla xanım Cəbhənin liberallar, mənsə radikallar qanadında olmuşam. Cəbhənin keçmişi ilə bağlı o çağlar olduğu kimi, indi də kimlərsə radikalları, kimlərsə liberalları çeşidli dönüklüklərdə suçlayır. Kimlərsə liberalları, kimlərsə radikalları Cəbhə üçün gərəkli sayıblar, sayırlar. O çağlar olduğu kimi, mən indi də bu sayaq baxışları yanlış, yararsız sayıram. Adına Cəbhə deyilən, çağın istəklərinə-qoşullarına uyğun olaraq yaradılan bir qurumun yetərli uçuşu-uğuru üçün, sözsüz, qoşa qanad gərək idi – o da vardı. Bundan o yana gərəkən siyasi situasiyaya uyğun olaraq balanslı uçuş yaratmaq ustalığı idi. Yetərli yönətim yoluyla yeri gələndə liberallar, yeri gələndə radikallar önə çıxmaqla Cəbhə Proqramına uyğun uyğulamalar, gerçəkləşdirmələr olmalıydı…
Bugündən dünənə, dünəndən bugünə baxsaq, nə liberalların bütünlüklə satıldığını görərik, nə də radikalların. Hər ikisində satılmayanlar da olub, satılanlar da. Hər ikisində gerçək ideya adamları da olub, ideyasızlar da. O çağdan bu çağa kimin kim olduğunu, kimin nəyə qulluq etdiyini bilmək üçün düşərgələrə baxmaq yetər: kim hansı düşərgədədir – Cəbhə düşərgəsində, yoxsa antiCəbhə düşərgəsində. Leyla xanım faktlardan göründüyü kimi, bugünədək Cəbhə düşərgəsində olanlardandır. Burada söhbət indi rejimin əlilə beş-altı yerə parçalanmış Cəbhə qurumlarından getmir. Söhbət 1989-cu ildə Cəbhə Proqramını oluşduran ideyalardan, bu ideyalara indiyədək bağlı qalmaqdan gedir. Yaxın-uzaq çevrənizə baxın, görün neçə belə ideya adamı görəcəksiz? Cəbhədə bir çağlar adı gurultuyla çəkilən bir çoxları içindən satılıb, düşərgəsini dəyişib. Eləsi bütünlüklə, biryolluq dəyişib, eləsi də var, iki düşərgə arasındadır: açıqda müxalifətlə, gizlində antiCəbhə-antidemokratiya rejimi ilə.
Qabaqlar onları görmək, tanımaq bir az çətın idi. Indi elə bir çətinlik yoxdur. Rejim repressiyaları gücləndikcə onlar apaydın görünürlər: kimi susqunluğu, kimi də birbaşa (daha dolayısıyla yox!) rejimə qulluq yolu tutması ilə özünü, gerçək kimliyini açıb ortaya qoyur. Belə bir azlıq, ayrılıb təklənmə durumunda Leyla Yunus kimilərin parlaq görsənişi daha çox qıcıq, daha çox qorxu doğurduğundan belələrinin tutulması rejim qaçılmazlığına çevrilir. Başqa yol yenilməzliklə barışmaqdır, bu isə diktatura prinsiplərinə uyğun yol deyil.