İlham Əliyevi hakimiyyətdə saxlayanlar

Qorxaqlıqlarını ağılla pərdələyənlərin iç üzünü çöldən açmaq naminə

Onlar hər yerdədirlər. Küçədə, unverstetlərdə mühazirə kürsüsündə. Dövlət aparatında. Hər yerdə. Bu adamlar vətəni çox sevirlər. Onun üçün hər şeyi qurban verməyə hazırdılar – sözsüz ki, başqalarına aid olan hər şeyi.  Məsələn, onlar  həm Heydər Əliyevin atəşkəs imzalamasını dahiyanə siyasət adlandırırlar, həm də “Qarabağ”ı müharibə yolu ilə azad etməyin tərəfdarı kimi çıxış edirlər. Həm müxalifəti hakimiyyətə gələ bilməməkdə, həm də kreslo davası eləməkdə ittiham edirlər – yəqin aydın oldu ki, biz kimlərdən danışırıq. 

Sülhü lənətləyib, hərbdən qaçanlar

Ilham Əliyev üç yol ayrıcında qalıb – o bilmir ki, torpaqları sülh yolu ilə alsın, hərb yolu ilə, yoxsa bütün vasitələrlə?! Yəqin heç onun özünə də bəlli deyil ki, “hərbi yol”, “sülh yolu” deyəndən sonra “bütün vasitələr” nə deməkdir? Elə onun dəstəkçiləri də elədirlər. Onlar sülhü lənətləyirlər, amma heç əsgərliyə də getmirlər. Hərbi variantı üstün tuturlar, bir şərtlə ki, başqası döyüşsün. Bu tip intellektual yaramazlar başqa ölkələrin maraqlarını Azərbaycanda təmin etmək üçün müharibə vaxtı başqa ölkədə xırda bizneslə məşğul olan və yalnız OMON hadisələrindən sonra Azərbaycana gələn Ilham Əliyevi dəstəkləyərək agentura fəaliyyətlərini pərdələyirlər. Bu “vətənpərvər”lərin sırasına iyirmi birinci əsrdə dini təmayüldə ideya ilə birləşən geri düşüncəli “Irəli”çilər öncüllük etsələr də, onlar toplumun ayrı-ayrı təbəqlərində müxtəlif formalarda mövcuddurlar. Söhbət, sadəcə bütün vasitələrlə həqiqi vətənpərvərliyi kölgədə qoymaqdır. Bu adamların qolundan tutub hərbə göndərsən, hər cür zülmə tabe olarlar, amma Azərbaycan əsgəri paltarını geyinməzlər. Bilirsinizmi niyə, çünki onlar açıq fəaliyyət göstərən sektalardan daha təhlükəlidirlər, onlar Azərbaycan dövlətini tanımırlar – amma ağızlarından “vətən”, “dövlət” sözü düşmür. Onlara Ilham Əliyev sadəcə, sərf edir. Amma indi gün o gündür ki, onlar Ilham Əliyevə sərf etmirlər. Ona görə də çox açıq şəkildə ən pis işlərə də yaraya biləcəklərini göstərmək üçün Leyla Yunusa “erməni agenti” damğası vurmaq prosesində qol çırmayırlar.

Rusiyanın aldığını ABŞ-dan istəmək 

Yəqin ki, xəbəriniz var. Parlamentin komitə sədri Əli Hüseynov bir Rusiya telekanalına müsahibə verib və ABŞ-ı  yerlə yeksan edib. Sonra məlum olub ki, ABŞ, yəni (USAID) bu qardaşa bir milyon yarım dollar həcmində qrant veribmiş. Bu yerdə adam ABŞ-a demək istəyir ki, sənə hələ bu da azdır.  Amma bizim üçün maraqlı bu deyil, bu, amerkanların problemidir. Bizi maraqlandıran bu vətənsevərlərin geopolitikasının sirrdir. Bütün dünya bilir ki, 20 Yanvarı rus ordusu tərədib. Xocalıda 366-cı rus alayı qətliam edib. Azərbaycanın 11 rayonunu Rusiya işğal edib. Amma niyəsə, bizim igidlər qarabağı ABŞ-dan tələb edirlər. Bu, adamın  yadına Molla Nəsrəddinin iynə əhvalatını salır. – Molla iynəni damda itirir, amma çıxıb həyətdə axtarır, deyirlər ki, Molla niyə belə edirsən? Cavab verir ki, içəri çox qaranlıqdır. – Bax, budur məsələ, Rusiya çox qaranlıqdır. Bu adamlar da ABŞ-dan yapışırlar. Amma özləri də bilmirlər ki,  bu mövqe sadəcə, Azərbaycanı satmaqdır. 

İranı yıxaq, amma…

Bu tip vətənpərvərlər sözdə Iranı hər rübün sonunda dağıdıb yerində Bütöv Azərbaycan qururlar. Amma həmişə çalışırlar ki, onların bu əməllərindən Ilham Əliyev xəbər tutmasın. Çünki onun siyasətinə və sərvətinə zərbə dəysə, Ilham Əliyev belə şeyləri heç kimə bağışlamaz. Azərbaycanda dolma üçün özünü ət maşınına atan ziyalılarımız, millətin diktatura maşını altında dolmalıq ət kimi əzilməsinə cınqırların da çıxartmırlar. Ona görə ki, diktatura çox yaxındadır və onları da hədəfə ala bilər. Bu adamlar haqqında gözünüzün qabağına qoca adamlar gəlməsin. Indi bu ideyaların böyük bir ordusu gənc nəsli yetişib – Ilham Əliyevin dəyənəyindən qorxa-qorxa fars və rus şovinizmini məhv etmək istəyirlər. Bu cür adamlar təkcə ürək bulandırmırlar, həm də ideyaları gözdən salırlar. Toplum belə “lider”lərlə özünü qorxaq kişiylə yaşamağa məhkum qadın kimi hiss edir. Bu sözün həqiqi mənasında ciddi kişi (cinsiyyət deyil, şəxsiyyət mənasında) defisiti sindromudur. Bu cür insanlar bəzən ağıllı görkəmləri ilə öz qorxaqlıqlarını və kəmfürsətliklərini pərdələməyə nail ola bilirlər. Amma böyük tamaşa bitəndə məlum olur ki, söhbət Kukla teatrından gedirmiş, bunlar ninki kiminsə ssenarisi ilə işləyirlər, hətta iplə hərəkət edirlər. Ilham Əliyev diktaturası isə qorxu və yaltaqlıq üzərində bərqərar olduğundan bu könüllü yaltaqlar onu çiyinlərində daşımaq fürsəti əldə edirlər. 

İlham Əliyevin gücü

Bu yazını niyə yazdım? Gözümüzün qabağında ölkə qan çanağına dönür. Gənc insanları dəstə-dəstə həbs edirlər. Sonuncu hüquq müdafiəçisini də sıradan çıxarmaq istəyirlər, amma bir dəstə adam yenə çıxıb ortaya “ermənipərəst” filmində üzəduranı oynayır. Adamlar, kişilər, siz görmürsünüz ki, bütün dünyanın gözü önündə adamlar Qarabağ məsələsinin ən yaxşı bilicilərindən birini – Rauf Mirqədirovu ona görə həbs ediblər ki, o və onun kimi bir neçə vətəndaş cəmiyyəti fəalı  məhz Ilham Əliyevin Qarabağda referendum keçirilməsinə razılıq verməsini bütün dünyaya faş eləmişdilər? Bunu anlamaq çoxmu çətindir? Siz görmürsünüz ki, Ilham Əliyev  2016-cı ildə qaçqınlar üçün salınacaq şəhərciklə bağlı sərəncam verir? Ona görə də o, təslimçiliyinə müqavimət təşkil edəcək hər kəsi sıradan çıxardır. Bunları görə-görə Ilham Əliyevi dəstəkləyib də “ermənipərəst” axtarmaq sadəcə, vicdana tüpürməkdir. Özü də qayıdış növdə.