Həm də rusca…
Dil bilmək yaxşı şeydir. Bunun həm də adamın savadına birbaşa dəxli var. Çox dil bilmək adamın imkanlarını da genişləndirir, bütün mənalarda. Vəzifə tutursansa, hakimiyyətlə işbirliyindəsənsə, xarici səfərlərin boldursa, sən dünyanın ən xoşbəxt adamısan. Şükür ki, dünyada hökmran dillər azdır və sən onun bir neçəsini bilməklə bir çox üstünlüklər əldə edirsən. Tərcüməyə və tərcüməçiyə gərək qalmır, siyasi, siyasi olmayan, məişət səviyyəsində işlərini özün aşırırsan.
Bəzən öz ölkəndə də xarici dildən yararlanmaq gərəyi ortaya çıxır. Kimsə sənin, yaxud sən olan düşərgənin bostanına daş atanda elə onun öz dilində cavabını verirsən, ya da verdiyin cavab hansısa başqa ölkənin marağındadırsa, açıqlamanı o dildə verirsən ki, daha onlar da əziyyətə qatlaşıb tərcüməylə məşğul olmasınlar.
Bunun nümunəsini qoca filosof Ramiz Mehdiyev yaratdı. ABŞ səfiri Morninqstara onun dilində… yox, üzr istəyirəm, rusun dilində cavab verdi. Bu o demək deyil ki, Ramiz müəllim Morninqstarın dilini bilmir, şübhə etmirəm ki, o, səfir(lər)in dilini çox yaxşı bilir, ancaq səfirin məlum açıqlamasına cavabın rusca verilməsinin səbəbləri başqadır. Bu cavabı rus öz dilində eşitsə yaxşıdır, Ramiz müəllimin dəmir məntiqi budur. “Azərbaycan müstəqil siyasət yürüdür və heç bir ölkə onun daxili işinə qarışa bilməz”. Hakimiyyətin Qərbə ünvanlanan mesajı belədir. Daxili işlərə qarışmaq məsələsində bir istisna var; bunun Rusiyaya dəxli yoxdur, yəni rusdan başqa kimsə işimizə qarışa bilməz. Uzun illlərin bağlılığı var, xüsusilə bu sahədə saç ağartmış Ramiz müəllim kimi adamlar anda sədaqətli olurlar. Ölkəsi müstəqil olsa və müstəqil siyasət yürütsə belə…
Səfirlə bağlı onun dedikləri, deyəsən, yetərli olmayıb. Azərbaycanın siyasət səmasında parlayan gənc ulduz Əli Hüseynlidən Ramiz müəllimə dəstək gəlib. “Rossiya-24″ə açıqlamasında Əli müəllim Ramiz Mehdiyevə dəstək olaraq ABŞ səfirini tənqid edib – rusca. Bunun bir çox anlamı var. Bunlardan biri odur ki, Ramiz müəllim meydanda tək deyil, onun ardıcılları var, həm də gənc və perspektivli, enerjili. Eyni zamanda Rusiyaya elə öz dillərində mesaj verilir: ABŞ tək sizin düşməniniz deyil. Biz də varıq, yanınızdayıq. Ancaq gənc siyasətçi Azərbaycanın xarici siyasəti ilə bağlı bir xəttin, ardıcıllığın olmamasını etiraf edir: ”Bu hadisələr o zaman meydana gəlir ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış siyasət yürüdür və öz mövqeyini ortaya qoyur”. Belə çıxır ki, dövlət başçısının da daim öyündüyü balanslaşdırılmış siyasət davamlı deyil, hərdən ona qayıtmaq gərəyi yaranır, xüsusilə Rusiyayla bağlı. Balans tarazlıq deməkdir, nədənsə YAP iqtilarının bu tarazlığı daim bir tərəfə əyilmiş görünür və əyrilik varsa(bütün mənalarda), artıq tarazlıq ortadan çıxmış olur…
Gəncliksə öz sözünü deyir. O, qarşısıalınmaz qüvvədir. Onun üçün qapı-bacanı bağlamağın heç bir anlamı yoxdur, hardan olsa özünə yol tapacaq. Gəncliyin bir gözəlliyi də onun səhvlərindədir. Şübhə etmirəm, bu səhvlər nə vaxtsa doğru yola gətirib çıxaracaq adamı. Əli Hüseynli “Rossiya-24″ə açıqlamasında bir yanlışa da yol verib. Gənclik eşqiylə verdiyi proqnozunda deyib: ”Azərbaycanı Ukrayna ilə müqayisə etmək düzgün deyil. Çünki artıq bir neçə il idi ki, Ukraynada siyasi gərginlik var idi və bu hadisələr gözlənilən idi. Azərbaycanda isə bu baxımdan heç bir problem yoxdur. Bizim ölkəmizdə heç vaxt belə məsələlər gündəmə gəlməyəcək, çünki xalq öz seçimini edib”.
Gənc olduğundan bilmir ki, heç zaman “heç vaxt” sözünü işlətmək olmaz. Xalq adamlardan ibarətdir və adamlar istənilən vaxt seçimini dəyişə bilər. Adamlar maşınını, evini, bağını, bəzən arvadını dəyişdiyi kimi, başqa seçimlərində də yanıldıqlarını anlayıb dəyişikliyə gedə bilərlər. Elə Əli müəllim özü də… Ne somnevaytes…