ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovun, Ceyms Uorlikin, yaxın zamanlarda fəaliyyətə başlayacaq Fransadan olan həmsədr Pyer Andryönun və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycana qəfil səfəri bir sıra suallar doğurur. Elə mətbuatın bu səfəri «qəfil» adlandırması da təsadüfi deyil. Çünki həmsədrlər bir müddət əvvəl Bakıya səfər etmişdilər. Bəs belə qısa müddət ərzində ikinci səfəri zəruri edən səbəb nə idi?
Rəsmi məlumatlarda qeyd olunur ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfərinin əsas məqsədi yeni fransalı həmsədr Pyer Andrieni Azərbaycanın dövlət başçısına təqdim etməkdir.
Eyni zamanda İ.Əliyevin nəzərinə Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini həmsədrlərlə birgə Fransada qəbul etməyə hazır olduğu çatdırılıb. Fransa səfirliyindən isə bildiriblər ki, həmsədrlər münaqişə tərəflərinə sülhə nail olmaq üçün konkret təkliflər veriblər. Prezidentlər bu təklifləri Fransada müzakirə edə bilərlər.
Vəfa Quluzadə: «Münaqişənin həlliylə bağlı gündəmdə olan təkliflər olduqca önəmlidir»
Politoloq Vəfa Quluzadənin fikrincə, hazırda münaqişənin həlliylə bağlı gündəmdə olan və mətbuatda çap olunan təkliflər olduqca önəmlidir. Bu təkliflər əsasında münaqişənin çözülməsini real sayan V.Quluzadə vurğuladı ki, sadəcə olaraq münaqişənin həllini əngəlləyən Ermənistan dövlətidir: «Ermənistan isə müstəqil siyasət yürüdə bilmir. Rusiya Ermənistanın yerinə qərarlar qəbul edir. Ermənistan Qarabağ ətrafındakı yeddi rayonu işğal olunmuş ərazi kimi deyil, azad olunmuş ərazi kimi təqdim etməyə çalışır. Həmsədrlərin müzakirəsində olan son təkliflər Azərbaycanın maraqlarına uyğundur. Çünki həmin təkliflərdə Azərbaycanın 7 rayonundan erməni qoşunlarının çıxarılması tələb olunur. Amma həmsədrlərin belə intensiv səfərləri ona işarə ola bilər ki, Ermənistanı yola gətirmək üçün müəyyən təkliflər irəli sürülüb. Amma onlar hələlik sirr olaraq saxlanılır».
Xəyal


