“Azərbaycan”dan ABŞ-a sərt ittihamlar

“Son günlərdə ABŞ səfirinin Azərbaycandakı ictimai-siyasi proseslərlə bağlı səsləndirdiyi qərəzli fikirləri də ictimaiyyət məhz bu dövlətin qeyri-səmimi münasibətinin növbəti ifadəsi kimi dəyərləndirir”. Bu sözlər rəsmi dövlət qəzeti “Azərbaycan”da Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müsahibəsi əsasında anti-ABŞ ruhunda yazılmış “Ədalətə çağırış” məqaləsindəndir. 

Məqalədə ABŞ-a sərt ittihamlar var. Məqalə müəllifi iddia edir ki, ABŞ özünü dünyaya nə qədər “demokratiya arbitri” kimi təqdim etməyə çalışsa da, dünya onu yenə də “hər şeyə qarışan ali güc” kimi qəbul edir: “Və bu gerçəkliyi də hamıdan yaxşı məhz Ağ ev rəsmiləri bilir: dünyada onların siyasətinə qarşı total etiraz, kütləvi narazılıq, ən başlıcası isə qorxu var və bunlar günü-gündən daha da artır”.

Məqalədə daha sonra deyilir: “Bütün dünyada sanki bir ”qorxu hakimiyyəti” bərqərar olub. Məhv olmuş Liviya, uçqunlar altında inləyən Misir, param-parça edilmiş Iraq, qan içində boğulan Əfqanıstan, qardaşın qardaşı güllələdiyi Suriya, hər ayın başında yeni hökumət quran Tunis, səfalətdən əhalisi həşərat kimi qırılan Somali və daha neçə-neçə bu kimi ölkənin, xalqın amansız aqibəti başqa dövlətləri də, millətləri də haqlı olaraq qorxudur, onlarda amerikafobiya yaradır.

Görəsən, son onilliklərdə ABŞ doğrudan da, hansısa bir ölkədə həqiqi demokratiya bərqərar edibmi?

“Demokratiya ixracı” adı altında edilən müdaxilələrin sayı onlarladır, ancaq demokratik rejimdə yaşayan tək bir dövlət yoxdur!

ABŞ-ın siyasi tarixi bütövlükdə hüquqların total pozulması və aborogen əhalidən müxtəlif irqlərə mənsub şəxslərə qədər milyonlarla insanın istismar silsiləsidir və bu, indi də davam edir. Ramiz Mehdiyev bu məqamları da faktların timsalında göstərir, təhlil edir, yekun qənaətini bildirir”.