Qurtuluş pulu

Yəqin, köhnə qoruq müdiri, indiki təhsil naziri Mikayıl Cabbarovun yeni icadları haqqında eşitmisiniz, bunlardan biri müəllim andıdır. Xəbərdən xəbəri olmayanlar üçün yazaq: “Azərbaycanda işə yeni qəbul olunmuş müəllimlər üçün andiçmə mərasimi keçiriləcək. Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkən ”Azərbaycan Respublikası Konstitusiyasına va qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər va digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm” deyərək and içəcək”.

Əsl komediyadır. Indi belə çıxır ki, “müəllim adını və şərəfini uca tutacağına” and içən müəllim məsələn, seçki saxtakarlığında iştirak etməyəcək, eləmi? Kim bilir, bəlkə də seçki qutusuna topa-topa bülleten doldurmaq “etik davranış” sayılacaq, seçki saxtalaşdıran müəllim də əslində, müəllim adını və şərəfini üstün tutmuş olacaq. Bunlardan hər şey gözləmək olar.

Komediyanın başqa bir pərdəsi ondan ibarətdir ki, Allah qoymasa, müəllim adını və şərəfini uca tutmaq üçün müəllimlərə and içdirmək qərarına gələn həmin bu Mikayıl Cabbarov təzəlikcə internat məktəblərindən birində şagirdi mitilinə çırpan müəllimin tərəfini tutmuş, uşağın tualetdə yıxılıb öz ağız-burnunu əzdiyini, gözlərinin altını qaraltdığını demişdi. Özü yalan danışan bir nazir müəllimlərdən necə, hansı haqla “müəllim adı və şərəfini uca tutmağı” tələb edə bilər axı? Müəllimdən and içməyi tələb edən onu şagirdin, valideynin əlinə baxacaq duruma salmamalıdır, ona yüksək maaş verməyi də bacarmalıdır, “müəllim” adının cəmiyyətdə “seçki saxtakarı” ifadəsi ilə assosiasiya edilməsini vicdanına sığışdırmamalıdır, müəllimi Sistemin tamadasına çevirməməlidir.

Ümumiyyətlə, and-mandla nəsə düzəlsə, həkimlərin içdiyi  Hippokrat andı bir işə yarayar, səhiyyəmiz hansısa yaralı barmağa dərman olardı, azərbaycanlılar da müayinə, müalicə üçün Irana getmək növbəsinə dayanmaz, dilimiz “ağ xalatlı qəssablar”, “həkim terroru” kimi yeni tibbi terminlərlə zənginləşməzdi.

Mikayıl Cabbarovun başqa bir təzə icadı dərs ilini uzatmaqla bağlıdır. Guya, tədris proqramı çox ağırdır, onu indi mövcud olan 32 tədris həftəsində başa vurmaq şagirdlərə çətinlik yaradır və s.

Fikir versəniz, görərsiniz ki, son vaxtlar bizdə dartıb-dartıb uzatmaq dəb halını alıb, az qala, idarəetmə normasına çevrilib. Məsələn, ilin hansı günü, günün hansı saatı bir xəbər saytına girib ötəri göz gəzdirsəniz, orada bulvarın uzadılması ilə bağlı xəbər görərsiniz. Yapçılar söz veriblər ki, dünyanın ən uzun bulvarı bizdə olsun. Bəs necə, axı dünyanın ən uzun bayraq dirəyi, ən uzun tortu kimi rekordlar da regionun lider dövləti kimi bizə məxsusdur. Elə isə dünyanın ən uzun dərs ili niyə Azərbaycanda olmasın? Bu da sizə, Allah qoymasa, xaricdə təhsil almış, gənc, müasir fikirli Mikayıl Cabbarov! Oturub düşünüb tapdığına bax: dərs ilini uzatmaq!

Guya 32 tədris həftəsində uşaqlara bilik, savad öyrətməyi ta nətəri yarıtmışdılar, bircə tədris həftələrinin sayını Bakı bulvarı kimi uzatmaq qalmışdı. Sanki heç kim bilmir, bununla olsa-olsa, övladlarımıza şəxsiyyətə pərəstişin, mütiliyin sirlərini öyrətmək üçün bir az da artıq zaman qazanacaqlar, başqa heç nə!

Hə, bir də valideynlərin leksikonuna “8 mart pulu”, “fond pulu”, “süpürgə pulu”, “təmir pulu”, “Gül bayramı pulu”ndan sonra “Qurtuluş pulu” (“Xilaskar pulu” da adlandırmaq olar)  da daxil olacaq. Bəs necə? Dərs ilinin sonuna boş yerə 3 həftə artırmaq istəmirlər ki… Axı 15 iyun elə həmin vaxta düşür.