Dəmir yolları, İKEA, Avstriya, məmuriyyət davranışı
Söhbət hobbi məsələsində ilişib qalmışdı. Və əlbəttə, bircə diplomatın hobbiləri haqqında iki yazı çoxlarına çox görünə bilər. Amma nəzərə alaq ki, bu hobbi serialdır, tək bir diplomata aid deyil və onu əhatə edən bir dəstə adamı birləşdirən dəyərlər sistemidir. Latviyada Azərbaycan elitasının tərkibinə daxil olanların ortaq dəyərləri kimi. Yazının birinci hissəsində qeyd etdik ki, sayın konsulun yaxın ətrafı orada lövbər sala bilmiş məmur övladlarıdır. Hətta birinin adını da çəkmişdik. Azərbaycan Dəmir yolu İdarəsi rəisinin iqtisadi məsələlər üzrə müavini İqbal Hüseynovun. İqbal Hüseynovun övladları 2010-cu ildə Latviyada yükdaşıma şirkəti yaradıblar və onu idarə edirlər. İKEA adlı bu şirkətin tərəfdaşları sırasında Azərbaycanın adı birinci yerdə göstərilir. Təbii ki, belə olmalıdır. Şirkətin “atası” məhz bu sahənin səlahiyyətli adamıdırsa, belə də olmalıdır. İKEA ilə əlaqəsi olub-olmadığını bilmədiyimi qeyd etməklə, onu bildirmək istərdim ki, İKEA yaradılandan cəmi bir il sonra, 2011-ci ilin mart ayında Nəqliyyat naziri Ziya Məmmədov İqbal Hüseynovu iclasdan qovub. Təbii, ona görə yox ki, onun oğlu hansısa başqa ölkədə yükdaşıma şirkəti qurub. Ona görə ki, o, yoxlamanın nəticələrindən dəhşətə gəlib. Yoxlama nəticəsində bəlli olub ki, İKEA yaradılandan sonra Azərbaycan Dəmir Yollarında yükdaşıma tarifləri dəhşətə gələcək qədər şişirdilib!
(http://www.azadliq.info/siyast/4025-dmir-yolunda-muedhi-ourluq.html).
Maraqlıdır ki, İqbal Hüseynov eyni zamanda Dəmir Yolu İdarəsində Rusiya və Baltikyanı ölkələr üzrə yük daşımalarına nəzarət Şurasının müşaviridir. Vəzifə kifayət qədər anlaşılmaz, hədəf isə kifayət qədər dəqiqdir!
Ola bilər, 2011-ci ildə Ziya Məmmədovu İqbal Hüseynovu iclasdan qovmağa qədər təbdən çıxaran səbəb qısa müddət ərzində Riqada yaradılan restoranlar, istirahət mərkəzləri olub. (Sonradan barışıq əldə olunub, şübhəsiz).
Daxil olmuş digər məlumata görə, Kamal Hüseynovun Riga şəhərindəki istirahət mərkəzi şəxsi gəmidə yerləşir. Riga şəhəri, 11 yanvar Krastmala küçəsində yerləşən bu (gəmi) istirahət mərkəzi “Let TO Marina” adlanır. Mənbəmizin sözlərinə görə, gəminin su üzərində dövrəsi üçün 1 saatına Latviya Gəmiçilik və Su İdarəsinə 3000 dollar vergi ödənilir. Mərkəzin açılışına da Bakıdan çoxsaylı qonaqlar gəliblər. Sağlıqlarına qismət və vergini də Latviya dövlətinə vaxtlı-vaxtında ödəmək nümunəvi biznesmen davranışıdır.
Qalxın, məhkəmə gəlir!
Cənab konsulun yaxın çevrəsinə daxil olanlardan biri də Siyəzən rayonunun hakimi İlqar Quliyevin oğlu Məzahir Quliyevdir. O da öz növbəsində Riqada həcmli bizneslə məşğuldur, restoran və s. işləri ilə uğraşmaqdadır. Biznes azaddır. Özəlliklə də, Latviyada. Buna görə də Azərbaycanlı məmurlarının başqa ölkələrdə biznes qurmasında qeyri-adi heç nə yoxdur. Burada hər qəpikdən ötrü hesabat və haqq verməkdənsə, xaricdə biznes qurub ümumi hesabat vermək daha rahatdır. Vaxtaşırı da gedib biznes dövriyyəsi və ya işlərin təşkili ilə maraqlanmaq problem deyil. Məsələn, möhtərəm Siyəzən hakimi İlqar Quliyev kimi. Zatən, sayın konsul Nicat Sadıqov da başa bir məmurun oğlu olduğuna görə yerləşdiyi ölkədə diplomat kimi yox, biznes adamı kimi təqdimatından daha məmnundur.
Mühacirətin iki qismi
Buna görədir ki, Azərbaycan mühacirəti ölkəyə hesabat verənlərdən və verməyənlərdən ibarətdir. Ölkəyə hesabat verənlər isə hesabat verməyənləri azərbaycandakı qohumları ilə şantaj edir. Məsələn, hansısa yollarla gedib ABŞ-da məskunlaşmış sabiq həbsxana işçisi Etibar Məmmədov kimi. O da çevrəsindəki Azərbaycanlı mühacirlərə hökm eləyir ki, ya mən deyən olmalıdır, ya da Azərbaycandakı qohumlarıma deyərəm, sizin Azərbaycandakı qohumlarınızı məhv edər. (Bu barədə daha sonralar bəhs edəcəyik). Amma Azərbaycanın səfirlik və konsulluqlarında azərbaycanlı mühacirlərlə, məhz, bu ritorika ilə danışmaq adi hala çevrilib! Tom Soyyerin macəralarını xatırlayırsınızmı? “Mənim böyük qardaşım sənin böyük qardaşını çeçələ barmağı ilə yıxar”. Mühacirlərə qarşı bu hədə-qorxu isə bu qədər komik deyil!
Avstriyadan Latviyaya
Hələlik, onu müəyyən edə bilməmişik ki, Avstriya səfirliyində çalışan və məsafə fərqinə baxmayaraq Nicat Sadıqovun yaxın əhatəsinə daxil olan Rauf Namazov, konkret olaraq, hansı məmur ailəsindəndir. Bunun nə dərəcədə vacib olduğunu söyləmək də çətindir. Sadəcə olaraq, onu qeyd etmək istəyirdik ki, həmin qalmaqallı “İllu Zion” Rauf Namazovun da xoşladığı məkandır. Yeri gəlmişkən, Avstriya səfirliyinə bu məsələ ilə bağlı ünvanladığımız məktub da cavabsız qaldı. Öyrənmək istəyirdik ki, Rauf Namazovun Latviya səfərləri səfirlikdən təşkil ediıən ezamiyyələrdir, ya elə-belə…
Ah, kasıb diaspora…
Göründüyü kimi, Latviyadakı Azərbaycan diasporu varlı nəsillərin davamçılarıdır və böyük kapitala nəzarət edirlər. Bu, əlbəttə, yaxşıdır. Amma Xaricdə Yaşayanlarla İş üzrə Dövlət Komitəsi (qısa olaraq Diaspora Komitəsi) buradakı tədbirlərə nə qədər vəsait ayırır? Nəyə görəsə, burada Diaspora nümayəndələri sayılan bu biznesmenlər öz hesablarına tədbirlər keçirməyə həvəsli deyillər. Bizə bəlli olan odur ki, Konsul Nicat Sadıqovla diasporanın rəhbəri Ulduzxan Əhmədovun arası yoxdur. Səfir isə əsasən iki diaspor təşkilatı ilə münasibətdədir. Ulduzxan Əhmədovun sədr olduğu “Azəri” cəmiyyəti və Roman Əliyevin sədr olduğu “Ocaq” cəmiyyəti. Latviyada yaşayan azərbaycanlılar təsdiq edirlər ki, məmurlarımızın biznesmen balaları orada keçirilən tədbirlərə sponsorluq etmirlər. Bəzən, hansısa tədbirlərdə hətta tələbələrin resurslarından istifadə edirlər. Hesab-kitab qarışıb. Hətta adamların statistikası da. Səfirlik bildirir ki, Latviyada 1800 nəfər azərbaycanlı yaşayır. Diaspora üzvləri saylarının 3000-dən çox olduğunu bildirirlər. Görünür, səfirliyə oradakı azərbaycanlıların yarısı lazımdır. Yoxsa, hal-hazırda bu balaca ölkədə fəaliyyət göstərən 6 Azərbaycan təşkilatı statistikanı düzəldib ortaya qoya bilərdi.
Exli yurtların azərbaycanlı konsulları, birleşinqiz
Belə… İddia etmirik ki, azərbaycanın müxtəlif ölkələrdəki səfirlik və konsulluqlarının fəaliyyəti ilə bağlı müntəzəm məlumatlar əldə edib oxuculara çatdıracağıq. Heç, təkcə Latviyanı öyrənib qurtarmaq olmur. Məsələn, öyrənə bilmədik ki, Azərbaycana viza açılması kimi konsulluq xidmətləri deyildiyi kimi, əsasən, “Alida Turs” şirkətinin inhisarındadır, ya başqaları da var? Öyrənə bilmədik ki, həmin dava günü “İllu Zion”da əsas simalardan biri olan 23-25 yaşlarındakı azərbaycanlı gənc kimdir? (Əslində, öyrəndik, sadəcə, dəqiqləşdirmədik). Öyrənə bilmədik, bu yazı səfirlikdə müzakirə edildi, ya yox?
Amma başqa ölkələr var və başqa ölkələrdəki Azərbaycan səfirlikləri var. Güman edirik, Azərbaycandan olan mühacirlər bizim səfirliklərin fəaliyyətinə ictimai nəzarət üçün təşəbbüs edə biləcəklər. Biz diaspora təşkilatları ilə əməkdaşlıq etməyə hazırıq.
Azad Akifoğlu


