AXCP hüquq müdafiəçisi Leyla Yunusun həbs təhlükəsi ilə üzləşməsinə görə bəyanat verib. Bəyanatda deyilir:
“Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 30-da yenidən dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Leyla Yunus tutarlı əsaslar gətirərək idarəyə getməkdən imtina edib. Baş Prokurorluq isə bəyanat yayaraq hüquq müdafiəçisini istintaqa mane olmaq və istintaqdan yayınmaqda suçlayaraq, həbslə hədələyib.
Gün ərzində Leyla Yunusun evi polis və mülki geyimlilərin nəzarəti altında saxlanılıb. Onu məcburən istintaqa aparmaq, bəzi ehtimallara görə, hətta həbs etmək üçün hazırlıqlar aparıldığı haqda xəbərlər daxil olub. Hüquq müdafiəçisinin özü də bəyan edib ki, onu həbs təhlükəsindən jurnalistlərin onun evinin qarşısına toplaşması, hadisələri diqqətdə saxlaması olub.
AXCP xatırladır ki, Leyla Yunus ölkədə insan haqlarını müdafiə işində prinsipial mövqeyindən geri çəkilmədiyi üçün çoxdandır hakimiyyətin hədəfindədir. Onu aprelin sonlarında həyat yoldaşı Arif Yunusla birlikdə beynəlxalq tədbirə getmək istərkən, Bakı aeroportunda saxlayıb istintaqa cəlb etdilər. Bəlli oldu ki, Leyla Yunusu daha əvvəl “vətənə xəyanət” ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun işinə bağlayırlar. Həmin vaxt güman ki, baş verənlərə yerli və beynəlxalq ictimaiyyətin sərt reaksiyasına görə, hüquq müdafiəçisini şahid qismində 9 saat dindirib sərbəst buraxdılar. Lakin sonrakı günlərdə Leyla Yunusa qarşı “ermənilərlə əməkdaşlıq” ittihamı ilə total kampaniya aparıldı. Bu isə hakimiyyətin onunla “haqq-hesab çəkmək” niyyətindən xəbər verirdi.
AXCP bildirir ki, hakimiyyətin Leyla Yunusa qarşı addımları ölkədə gerçək ictimai institutları, insan haqları müdafiə mexanizmini tamamilə sıradan çıxarmaq istəyindən qaynaqlanır. Rejim artıq tək siyasi müxalifəti deyil, həm də vətəndaş cəmiyyətini hədəfə alıb. Hakimiyyət ölkədə fərqli fikri, müstəqil düşüncəni, həqiqətin ifadəsini tamamilə yassaqlamaq ehtirasına o qədər tutulub ki, isətnilən ictimai-siyasi fəala qarşı itənilən cinayəti quraşdırmaqdan çəkinmir. Bunun ən son nümunəsi Azərbaycanda yeganə müstəqil seçki monitorinqi təşkilatının rəhbərliyinə – Anar Məmmədli, Bəşir Süleymanlı və onlarla əməkdaşlıq etmiş Elnur Məmmədova oxunan hökmlərdə gördük.
AXCP Leyla Yunusa qarşı aşkar təqib və həbs təhdidinə görə hakimiyyəti mühakimə edir, bu hərəkətlərin dayandırılmasına çağırır.
Partiya Azərbaycan xalqını hər zaman onun hüquqlarının müdafiəsində durmuş, bunun üçün özünü təhlükələrə atmaqdan belə çəkinməmiş Leyla Yunusa ciddi dəstək verməyə səsləyir.
Partiya həmçinin, beynəlxalq birliyi baş verənlərə adekvat reaksiya göstərməyə, İlham Əliyev hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırır”.