Bir ayın əsgəri dünyasını dəyişdi

Daxili Qoşunlar Samiq Məmmədovun xəstəlikdən vəfat etdiyini deyir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə əsgərin hərbi xidmətə gedərkən sağlam olduğunu bəyan edir

Cəmi bir aydır Daxili Qoşunların “N” saylı hərbi hissəsində xidmət edən 18 yaşlı əsgər Samiq Məmmədov dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların hospitalında baş verib. Daxili Qoşunların mətbuat xidmətinin məlumatına görə, mayın 28-də Samiq Məmmədov hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə hospitala daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Samiq Məmmədov bu ilin aprel ayında Qusar rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsgərin ölməsi faktı bağlı həyata keçirdiyi ilkin araşdırmaların nəticələrini açıqlayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzinin baş zabiti Nurəddin Heydərovun sözlərinə görə, S.Məmmədov hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası tərəfindən müayinə olunub. Bu zaman onun səhhətində hər hansı problem, yaxud patologiya aşkarlanmayıb: “Eləcə də çağırışçının özü, yaxud valideynləri tərəfindən uşağın sağlamlığında hər hansı probleminin olması ilə bağlı xidmətə heç bir şikayət ünvanlanmayıb. Çağırışçı sağlam olaraq hərbi xidmətə göndərilib və hərbi hissəyə təhvil verilib. Onu da qeyd etmək zəruridir ki, bütün qoşun növlərində çağırışçılar təhvil alınarkən yenidən tibbi müayinədən keçirilirlər. Onların səhhətində hər hansı şübhəli məqam aşkar olunarsa, geri qaytarılırlar. O əsgərdə də belə bir problem yaşanmayıb”.

Göründüyü kimi, Daxili Qoşunlar əsgərin xəstəlikdən dünyasını dəyişdiyini iddia edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti düz deyirsə, bir aydır xidmət edən sağlam əsgər nədən ölsün? Yox, Daxili Qoşunların məlumatı doğrudursa, o zaman gənclər hərbi xidmətə aparılanda niyə hərtərəfli müayinə olunmur, xəstəliklərə əhəmiyyət verilmir?

Xatırladaq ki, bu il aprel ayının 1-dən 30-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik aşkarlandığından geri qaytarılıb. Bu məlumatı Müdafiə nazirliyi yaymışdı.

Həmin vaxt hərbi ekspert Üzeyir Cəfərov məsələni “Azadlıq”a şərh edərkən bildirmişdi ki, Hərbi Prokurorluq çağırışçıların geri qaytarılmasıyla bağlı Arzu Rəhimovu istintaqa cəlb etməli idi: “171 nəfər bir neçə tağımın əsgərləridir. Ciddi rəqəmdir. Ümumiyyətlə, faktiki olaraq, dövlətin bir qurumu digər qurumunu sabotaj etməklə məşğuldur. Bu, davamlı hal alıb, xüsusi ölçü götürülməlidir. Bu nə biabırçılıqdır, nə rüsvayçılıqdır ki, xidmətə yararsız insanları hərbi xidmətə cəlb edirlər?! Müdafiə Nazirliyi nədənsə, keçən dəfə də açıqladığı bənzər siyahını Hərbi Prokurorluğa təqdim etmədi. Məndə olan məlumata görə, ordudan geri çağırılan çağırışçıların bir neçəsi başqa qurumlara xidmətə göndərilir. Müdafiə Nazirliyi prinsipiallıq göstərmədi deyə, xidmətdən azad olunmuş çağırışçıları başqa qurumlarda hərbi xidmətə yolladılar. Bu da sonradan fəsadlara yol açır – ya əsgər dünyasını dəyişir, ya da bir sıra başqa problemlər yaranır ki, bu da son nəticədə xoşagəlməz hadisələrə səbəb olur”.

Samiq Məmmədov Daxili Qoşunların hospitalına hemoragik vaskulitin sürətli gedişi diaqnozu ilə daxil olub. 

Internetdə sözügedən xəstəliklə bağlı kiçik bir araşdırma apardıq. Hemoragik vaskulit (Şenleyn Genox) xəstəliyi çox rast gələn xəstəliklərdən olub, damar divarının keçirici qabiliyyətinin artması ilə əlaqədardır. Yəni, qanın tərkibi tərəfindən heç bir dəyişiklik müşahidə edilmir. Xəstəliyə əsasən uşaq vaxtı təsadüf edilir. Irsi deyil. Əsasən yaz və payız aylarında təsadüf olunur. Xəstəliyin aşağıdakı formaları var: Dəri sindromu, oynaq sindromu, abdominal sindrom. Bu formalara ayrı-ayrılıqda və ya birlikdə təsadüf oluna bilər.

Bu xəstəliyin müalicəsi haqda isə bunlar yazılıb: “Mütləq diaqnoz qoyulduqdan sonra hospitalizasiya 3 həftədən az olmamaq şərtilə labüddür. Qida rasionundan sensibilizasiya edən qidalar çıxarılmalıdır. Bütün vitaminlər olmaz. Müalicə müddətində xəstə özünü soyuqdan qorumalıdır, yataq rejimi təyin olunmalıdır, profilaktik peyvəndlər, müxtəlif probalar əks göstərişdir”.

Göründüyü kimi, Hemoragik vaskulit bir ayın içində yaranan xəstəlik deyil. Əgər Daxili Qoşunların hospitalının verdiyi rəy doğrudursa, onda mərhumu hərbi xidmətə xəstə ola-ola aparıblar.

Ramin DEKO