qenimetzahid-yeni

Paşton Barakatullah Əzəmət Xanın fərmanı

Respublika gününü qəbul edənlər həbsxanaya, qəbul etməyənlər isə narkotika alverinə göndərilir

İlham Əliyev Respublika gününün əfv fərmanını (bəzi yerlərdə Sərəncam da yazırlar) imzaladı. Fərman onundur. Respublika günü isə onun deyil. Buna görə də Respublika günü ilə bağlı verdiyi əfv fərmanını məqsədli şəkildə, mümkün qədər urvatsızlaşdırır.

Ölkənin bütün media resurslarının yaydığı və bəzilərin isə, hətta, “13 əcnəbi əfv edildi” kimi xəbəri xüsusi zövqlə qabartdığı bu sərəncamda öncə ona baxaq ki, bu əcnəbilər kimdir. Bu adamlar nə iş görüblər ki, Azərbaycana gəlib də burada zibilə düşüblər? Məsələn, mən həbsdə olanda 17 saylı cəzaçəkmə müəssisəsində Londonda yaşayan, orada kolleci bitirdikdən sonra Təbrizə gələn, Təbrizdə də kirişi tutmayıb Bakıya, Nuh əyyamında yaddan çıxardıqları qohumlarını, əcdadlarını axtarmaq üçün gələn bir Güneyli axmaq var idi. Ona sərhəd pozucusu kimi 1 il iş vermişdilər. Amma adam doğrudan da axmaq idi. Yəni ruhi müvazinəti taraz deyildi. Normalda, beləsi həbs edilməli deyil, gəldiyi ölkəyə təhvil verilməlidir ki, orada müalicə olunsun.

İlham Əliyevin bu sərəncamla əfv etdiyi iranlılar və sair əcnəbilər axmaq deyillər.
Məsələn, əfv edilənlər arasında əhəmiyyətli adamlardan biri Abbas Nezhad Hamid Asqari adlı Güneylidir. Bu qardaş Biləsuvarda 7 qram tiryəklə tutulub və cəzasını da alıb. Əhəmiyyətinə görə ikinci yeri 2010-cu ildə Pakistan vətəndaşı Amcat Nasir Xana bıçaqla xəsarət yetirən Əfqanıstan vətəndaşı, əvvəllər məhkum olunmuş Paşton Barakatullah Əzəmət Xan oğludur. Bunlar hökmən əfv edilməli idilər, çünki Ilham Əliyev Azərbaycan həbsxanalarında bu cür adamların qalmasını istəmir. Respublika günü də onun əlinə göydəndüşmə bir fürsət verir ki, bu təsdaüfi ünsürləri (cənab Ilham Əliyevin son zamanlar kimdənsə öyrəndiyi sevimli sözdür) ölkə həbsxanalarından cəhənnəm etsin.

Başqa bir Iran vətəndaşı 2012-ci ilin sentyabr ayında həbs edilən Rostamipour Davar Hosseyn də əfv edilib. Amma onu yəqin ki, cəhənnəmə yollamazlar, çünki adamın Azərbaycan oliqarxlarının işinə yaraya biləcək təcrübəsi qeydə alınıb. O, ölkəmizin sərvətlərini xaricə daşımaqda ittiham edilib. Bakı aeroportunda Rostamipourun üzərində 38 100 ABŞ dolları pul aşkar edilib. Ola bilər ki, Davar Hossein bu pulları ofşor zonalarında yatırmaq istəyirmiş. Amma bu qəbildən olan daha kütləvi hallar var. Rostamipoura kiminsə borcu varmış, adam gəlib pullarını alıb geri getmək istəyib. Bu zaman hansısa çuğul onu təhlükəsizlik işçilərinə çuğullayıb və onlar da sayıq tərpənərək bu pulları dövlət xeyrinə müsadirə ediblər və deyiblər ki, baba, biz pulların ofşor zonalara necə daşınmasını hər kəsdən yaxşı bilirik.

Əfv edilən başqa bir əcnəbi Vaytkeviç Anatoliy Frantseviç (adamın ad və soyadından yüzdə yüz yəhudi mühərriki ilə Belarus vətəndaşlığı yağır) iki il əvvəl 8 il cəza almışdı. Bu cəzanı ona Bakı Ağır Cinayətlər Məhkəməsində 2011-ci il, mayın 5-də kəsiblər. O, (və onların hamısı) beynəlmiləl bir kriminal qrupun üzvü olub və Irandan Azərbaycana və şübhəsiz, daha uzaqlara narkotika daşıyırdı. Çox yaxşı və canlara dəyən oğlan kimi dəyərləndirilə bilər ki, Ilham Əliyev onu da əfv edib. Əgər Anatolinin fərqli keyfiyyətləri olmasaydı onunla birlikdə həbs edilənləri də azad edərdilər. Onunla birlikdə isə nə az, nə də azacıq, düz 6 nəfər həbs edilmişdi. Onların hamısı Irandan azərbaycana narkotika və silah keçirməkdə ittiham edilirdilər. “Tovuzlu Alik” ləqəbi ilə tanınan Sadıqov Alyoşa Cəmil oğlu, Tanrıverdiyev Ibrahim Hüseyn oğlu, Zadeh Germi Əkbər Əyyub oğlu, Zibin Gennadiy Nikitoviç və Zibin Sergey Nikitoviç. Bu biçarələr yaxşı oğlan ola bilmədiklərinə görə onlar həbsxanada qalmaqda davam edirlər. Ya da özlərini həbsxanada yaxşı aparmayıblar.

Dünyanın bütün narkomanlarını, narkotika alverçilərini Azərbaycan həbxsxanalarına doldurmaq və onları hissə-hissə azadlığa buraxmaq da biznes kimi bir şeydir. Bu adamlar həm də yaxşı təbliğatçıdırlar. Tutub buraxırsan, onlar da gedib bütün dünyada təbliğat aparırlar ki, Azərbaycanda demokratik bir rejim var, insanları əfv edən prezident var və sairə…

Amma ölkənin daxilində vəziyyət başqadır. Burada təbliğata ehtiyac yoxdur. Hamı hər kəsi tanıyır. Ilham Əliyev də hamını tanıyır, hamı da onu tanıyır. Buna görə də burada əfv və sair kimi humanitar söhbətlər gedəndə müstəsna olaraq siyasi münasibətləri əsas götürmək lazım gəlir.
Siyasi münasibətlər onu zəruri edir ki, ölkə həbsxnalarında siyasi dustaqların xüsusi çəkisi artıq olsun. Çünki beynəlxalq şərait diktaturalar üçün əlverişsizdir. Avtoritar rejimlər “qayka”ları bərkitməlidirlər ki, demokratiya dalğası onların mexanizmlərini sarsıtmasın. Əfv siyahısı imzalanan gün daha iki nəfərin siyasi motivlə həbsxanaya göndərilməsi bu baxımdan zəruridir. Həm də, Respublika Günü münasibətilə verilən əfv fərmanı ölkədə siyasi zəhmin daha da ağırlaşdırılmasına xidmət etməlidir axı.

Respublikanın bunlara dəxli yoxdur. Bunlar monarxistdirlər. Ona görə də Ilham Əliyevi Şah Ismayıla bənzətmək üçün bütün miniatürləri də, karikaturaları da eşələyirlər. Bunlar monarxistdirlər, amma şahanə monarxist deyillər, soyğunçu və qarətçi monarxistdirlər. Ona görə də kübarlıqdan əsər-əlamət yoxdur. Özlərini kübar göstərmək üçün min dənə hoqqadan çıxarlar. Sülalə şeir yazar, rəsm çəkər, heykəllər quraşdırar, mahnılar bəstələyər, heyvanların hüquqlarını qoruyar, adamların haqqına tüpürər.

Adamları şərləyib tutdurmağın rəzalətini örtmək üçün hökmən kübar görünmək lazımdır. Iranlı narkotika alverçilərini də buna görə əfv etmək lazımdır. Kübar görünmək üçün. Amma öz vətəndaşlarının qarşısında kübar görünməyə ehtiyac yoxdur. Ilham Əliyev hesab edir ki, Azərbaycan vətəndaşları ondan qorxmalıdırlar. Bu qorxu olmasa, ölkənin haqqını talamaq olmaz.

Əfv siyahısında adı olanların 87 nəfəri ağır cinayətlərdə ittiham olunaraq cəzalandırlanlardır. Azərbaycanda ağır cinayətin nə demək olduğu bəlli deyil. Çünki ağır cinayətlərin yuxarı həddi mükafatlandırılır. Yuxarı həddə cinayət edənlər vəzifə ilə, pulla, harın həyat tərzi ilə mükafatlandırılır. Yerdə qalanları isə istənilən zaman həbs etmək də olar, buraxmaq da. Çünki onlar ictimai təhlükəli işlərlə məşğul deyillər. Ictimai təhlükəli iş – hakimiyyətin xofuna xələl gətirənlərdir. Ölkə həbsxanalarını bürüyən siyasi dustaqlar, vicdan məhbusları.

Ilham Əliyev təzyiqləri qəbul etmir. Başqa dövlətlər ona “bu siyasi dustaqları azad et” deyəndə, onun xətrinə dəyir, özünü natamam kral sayır. Amma ona tam kraliyyət gərəkdir. Hamını həbs etmək üçün, hamının gününü qara etmək üçün. Kral zəhmli olmalıdır! Qəddar olmalıdır. Korrupsiya ilə məşğul olmalıdır.

Respublika günü isə kral olmayanlar və kralı qəbul etməyənlər üçündür.

***

Onların hamısı Irandan azərbaycana narkotika və silah keçirməkdə ittiham edilirdilər. “Tovuzlu Alik” ləqəbi ilə tanınan Sadıqov Alyoşa Cəmil oğlu, Tanrıverdiyev Ibrahim Hüseyn oğlu, Zadeh Germi Əkbər Əyyub oğlu, Zibin Gennadiy Nikitoviç və Zibin Sergey Nikitoviç.

Anar Məmmədli isə narkotika alveri ilə məşğul deyildi, seçki saxtakarlıqlarını ifşa edirdi. Anar Məmmədli Respublikaçı idi və kraliyyəti qəbul etmirdi. Ona görə də Ilham Əliyev öz hakimiyyətinin tarixi səhvlərini bu qaydada düzəldir. Rostamipouru həbsxanadan buraxır, onun yerinə isə Anar Məmmədlini göndərir.

***

…Əfqanıstan vətəndaşı, əvvəllər məhkum olunmuş Paşton Barakatullah Əzəmət Xan oğlunu isə xan oğlu olduğuna görə azad etməyiblər, sadəcə olaraq, siyasi dustaq olmadığına görə azad ediblər…