«ATƏT sədrinin səfəri zamanı regionda təhlükəsizlik və Azərbaycanın Avropa strukturlarına inteqrasiyası məsələləri ciddi müzakirə predmeti olacaq»
İsveçrənin prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 1-də Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, rəsmi görüşlər iyunun 2-də baş tutacaq.
Didye Burkhalter səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın Dağlıq Qarabağ icmasının rəhbərliyi və vətəndaş cəmmiyyətinin nümayəndələri ilə görüşəcək.
D. Burkhalter Azərbaycanın ardınca Gürcüstan və Emənistana səfər edəcək. Səfər iyunun 4-də başa çatacaq.
Azərbaycanın Qərb dairələrinin, hətta ABŞ səfirinin ünvanına sərt ittihamlar səsləndirdiyi bir dövrə təsadüf edən bu səfər zamanı rəsmi Bakının Avropa strukturları ilə münasibətlərini müzakirə edəcəyi gözləniləndir.
Xatırladaq ki, iyunun 27-də Gürcüstan və Moldova Avropa Birliyi ilə Assosiasiya sazişi imzalayacaq. Azərbaycan rəsmilərinin mövqeyi isə onların belə bir niyyətdən uzaq olduğunu deməyə tam əsas verir.
Onu da qeyd edək ki, İsveçrə prezidenti Didye Burkhalter Rusiya prezidenti Putini Ukrayna məsələsində geri çəkilməyə məcbur edən şəxslərdən sayılır.
Belə bir şəxsin ölkəmizə səfəri Azərbaycan hakimiyyətini də oxşar duruma sala bilər. korrupsiya vasitəsilə əldə edilən vəsaitləri Avropa, o cümlədən İsveçrə banklarında saxlayan hökumət rəsmiləri Putinin aldığı xəbərdarlığı ala bilər. Bu halda rəsmi Bakının addımı nədən ibarət olacaq?
Ekspert son dövrlərdə Azərbaycana yüksək rütbəli dövlət və beynəlxalq təşkilatların rəhbərlərinin səfərlərinin intensivləşməsini bir tərəfdən Rusiyanın Krımı işğalından sonra yeni yaranmış reallıqlarla bağlı olduğunu deyir. Digər tərəfdən, bu, bizim regiona olan və xeyli əvvəl planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. Bəliidir ki, iyunun axırlarında Gürcüstan və Moldova Avropa Birliyi ilə Assosiasiya sazişi imzalayacaq. Rusiyanın bu prosesi əngəlləməsi və Avropada yenidən təhlükəsizliyə problemlər yarada bilməsinin ehtimalının qalması müəyyən addımların atılmasını zəruri edir. Avropada əməkdaşlıq və təhlükəsizlik təşkilatı kimi tanınmış ATƏT yeni reallıqlara uyğun addımlar atmağa məhkumdur. Azərbaycanın yerləşdiyi region uğrunda Qərblə Rusiya arasında gərgin münasibətlər qalmaqdadır. Gürcüstanın Avropaya inteqrasiya prosesinin iyunun axırlarından sonra sürətlənməsi şübhə doğurmur. Cənubi Qafqazda müstəsna əhəmiyyət kəsb edən ölkə olduğundan Azərbaycanın Gürcüstanı bu prosesdə tək qoymaması olduqca mühüm məsələdir. Ekspertlər hesab edir ki, ATƏT sədrinin səfəri vaxtı regionda təhlükəsizlik və Azərbaycanın Avropa strukturlarına inteqrasiyası məsələləri ciddi müzakirə predmeti olacaq. Azərbaycana bu istiqamətdə ciddi addımların atılmasının vacibliyi bildiriləcək. Xatırlatmaq yerinə düşər ki, mayın əvvəlində məhz ATƏT sədrinin Putinlə görüşündən sonra Rusiya Ukrayna məsələsində ciddi güzəştlərə getməyə başladı. O vaxt bunu bəziləri ATƏT sədri olan İsveçrə prezidentinin maliyyə məsələləri ilə bağlı təzyiqindən sonra baş verən hadisə kimi qiymətləndirmişdi.
Fizzə


