Mükafatlar və cəzalar haqqında düşünərkən

Aykırı, asi düşüncələri və davranışları ilə bilinən məşhur amerikalı yazıçı Ursula K.Le Guin yazırdı ki, “heç kim cəzanı qazanmır, elə mükafatı da. Ağlınızı qazanmaq kimi fikirlərdən təmizləyin, ancaq o zama nazad düşünə biləcəksiniz”. 

Azərbaycandakı mövcud ədalətsiz rejimin mükafatlandırma və cəzalandırmalarını görəndə mən həmişə Le Guinin məhz bu sözlərini xatırlayıram.

***

Ölkəmizin olmayan kənd təsərrüfatının keçmiş naziri Ismət Abbasov “Şöhrət” ordeninə layiq görülüb, özü də “aqrar sahədəki xidmətlərinə görə”. Indi xeyli adam donquldanmağa başlayıb ki, bu lap ağ oldu, Abbasovun kənd təsərrüfatını batırmaqdan başqa hansı xidməti var ki, hələ bir buna görə mükafatlandırılsın da.

Açığı, belə sadəlöhvlüklər həmişə məni təəccübləndirir. A yoldaşlar, doğrudanmı siz hansı ölkədə yaşadığınızın fərqində deyilsiniz? Ölkəni kimlərin hansı şərtlərlə idarə etdiyindən həqiqətənmi bu qədər xəbərsizsiniz? Doğrudanmı, sizə elə gəlir ki, ölkədə orden və medalları ölkə, xalq qarşısında xidmətlərinə görə paylayırlar? 

Bu gözəlim məmləkətdə istiqlal aktının əleyhinə səs verənlər “Istiqlal” ordeni ilə ödülləndirildikdən sonra Ismət Abbasovun olmayan kənd təsərrüfatı qarşısında xidmətlərinə görə “Şöhrət” ordeni almasında qeyri-adi, təəccüblənməli nə var? Əsas odur ki, Ismət müəllim rejimə sədaqətli olub, ölkədə korrupsiyanın çiçəklənməsinə, neft pullarının talan edilməsinə layiqli töhvələrini verib, Londonda bahalı mülk almaqla yaptokratiyanın “villa siyasəti”nə misilsiz xidmət göstərib. O, “Şöhrət” ordenini artıqlaması ilə haqq edir.

***

Ümumiyyətlə, yaptokratiyanın mükafatlandırma siyasəti iki prinsip əsasında qurulub: Sistem qarşısında xidmətlərinə görə və xalq qarşısında xidmətlərinə görə. Birincinin sonuncu parlaq nümunəsi, yuxarıda da yazdığımız kimi, Ismət Abbasova verilən ordendir. Ikincinin növbəti parlaq nümunəsi isə dünən yaşandı. Ədalətsiz məhkəmə siyasi sifarişlə xalqa azadlıq və ədalət istədiyi üçün daha iki dəyərli insanı – Anar Məmmədli ilə Bəşir Süleymanlını həbs qərarı ilə mükafatlandırdı. Bəli, “cəzalandırdı” yox, məhz “mükafatlandırdı”.

Amerikalı idealist filosof və yazıçı Henrid Devid Toronun dediyi kimi: “Ədalətsiz cəmiyyətlə ləyaqətli insanın yeri məhz həbsxanadır”. Elə buna görə də Anarın, Bəşirin həbsini cəzadan çox ödül kimi dəyərləndirmək lazımdır.   

Artıq Azərbaycanda azadlıq və həbs şərti anlayışlara çevrilib. Bütövlükdə artıq ölkə özü boyda həbsxanadır, onun qapıları bütün bəşəri dəyərlərə qapadılmaqdadır. Çağdaşlığa açılan nəfəsliklər sürətlə bağlanır, belədə isə həyatın yalnız oksigen tükətməkdən və mədəni doldurmaqdan ibarət olmadığını dərk edənlər üçün yaşamaq çox ağır, dəhşətlidir. Onlar dəmir barmaqlıqlar, nəmli, qaranlıq həbsxana divarları ardına atılmasalar belə, boğulurlar, özlərini məhkum hiss edirlər.

Ölkə və gələcək qarşısında ictimai məsuliyyət, siyasi cavabdehlik hissindən yoxsul qalanların cəzaçəkmə müəssisələrinin içi ilə çölü arasında dərin uçurum olduğunu düşünməsi isə təəccüblü deyil. Onlar azadlıqda olmağı avtobusda rahat gəyirməklə, küçəyə manesiz tüpürməklə, uşaqlarına bir qarın çörək apara bilməklə ölçürlər. Belələrinin də fəlakətli reallıqla toqquşması qaçılmazdır. Onlar ədalətsizlikdən sığortalandıqlarını düşünürlər, amma zülmü əvvəl-axır hər kəs dadacaq. Hər kəs bu pis, zalım gedişatdan nəsibini alacaq. Sadəcə, geci-tezi var.

Indi susanlar, “mənə dəyməyən ilanı min yaşasın” düşüncəsində olanlar üçün alman keşiş Niemöllerin bir zamanlar ölkəsində faşizm küləkləri güclənərkən gündəliyində yazdıqları bir ibrət, bir dərsdir. Oxumayanlar və oxuyub unudanlar üçün buradan bir daha paylaşmaqda fayda var: “Öncə sosialistləri tutdular, səsimi çıxarmadım. Çünki mən sosialist deyildim. Sonra Həmkarlar üzvlərini tutdular, səsimi çıxarmadım. Çünki mən Həmkarların üzvü deyildim.

Sonra yəhudiləri topladılar, səsimi çıxarmadım. Çünki mən yəhudi də deyildim.

Sonra məni tutmağa gəldilər. Mənim üçün səsini çıxaracaq kimsə qalmamışdı”.