Əli Kərimli xalqı təbrik etdi

AXCP sədri Əli Kərimli 28 May – Respublika Günü münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir:

“Dəyərli  həmvətənlərim!
Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü, hər bir xalqın tarixində ən şərəfli hadisə, əziz bayramımız, istiqlaliyyət günümüz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm!
1918-ci il mayın 28-də görkəmli dövlət və ictimai xadim, dahi mütəfəkkir,  milli istiqlal hərəkatına başçılıq etmiş Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları islam və türk dünyasında ilk demokratik, hüquqi, dünyəvi dövlət qurdular. Demokratik Respublika mövcud olduğu 23 ay ərzində xalqımızın tarixinə qızıl hərflərlə yazılan misilsiz xidmətlər göstərib. Şərqdə ilk demokratik parlament təsis edilib, milli bayraq və himnin təməli qoyulub, türk dili dövlət dili elan edilib, ilk milli ordu və polis orqanları yaradılıb, Bakı şəhəri işğaldan azad edilərək respublikanın paytaxtına çevrilib. İnsan haqları, söz azadlığı, siyasi plüralizm, təhsil sahəsində, xarici siyasətdə böyük nailiyyətlər qazanılıb. AXC-nin qurucularının istisnasız olaraq hamısı əqidəli, maarifpərvər, yüksək intellektə sahib, azadlıqsevər, mübariz şəxsiyyətlər olub, müstəqillik ideyasına ömürlərinin sonuna qədər sadiq qalıblar. Çox məşəqqətli həyat və mübarizə yolu keçmiş bu fədakar insanlarımızı şükranla anırıq!
İlk respublikamız süquta uğrasa da, milli azadlıq, dövlətçilik, demokratiya idealları xalqımızın ürəyindən silinmədi, XX əsrin sonlarında yenidən dirçələn Milli Azadlıq Hərəkatı sayəsində Azərbaycanın müstəqilliyi, dövləti, bayrağı və himni bərpa olundu.
Bu milli mücadilənin iştirakçıları, öndə gedənləri də Sizlər olmusunuz, hörmətli həmvətənlərim!
Təəssüf ki, hazırda ölkədə hökm sürən antidemokratik, korrupsioner, xalqı talayan bir tayfa rejiminin ucbatından yoxsulluq, ədalətsizlik, məmur özbaşınalığı, repressiyalar baş alıb gedir. İnsanlar azad fikirlərini ifadə etdiklərinə, azad söz, toplaşmaq azadlığı kimi doğal hüquqlarını tələb etdiklərinə görə məhbəsə atılır, azad mətbuat boğulur, vətəndaşlar təqib olunur.. Yüzlərlə müxalif fikirli, rejimi tənqid edən jurnalistlər, azadfikirli gənclər, vətəndaş cəmiyyəti nümayəndələri, siyasətçilər, inanclı insanlar başqa ittihamlarla şərlənərək həbs həyatı yaşayır və bu hər gün davam edir.
Lakin bu neqativ hallar bizləri bədbinliyə düçar etməməlidir, müstəqillik, azadlıq ideallarımızdan, onların uğrunda mübarizəmizdən çəkindirməməlidir. Biz indi nəinki demokratik dəyərlər, hüquq və azadlıqlarımız, haqq-ədalət, həm də gerçək şərəfli tariximiz uğrunda mücadilə aparırıq. Gəlin 28 may Respublika günümüzə sahib çıxmaqda davam edək, onu saxta, qondarma bayramların kölgəsində qoymayaq. Bu bizim, Azərbaycan xalqının, əsrlər boyu istiqlal uğrunda mücadilə etmiş əcdadlarımızın, yoxdan bir dövlət, bayraq yaradaraq bizlərə böyük əmanət qoyub getmiş  M.Ə.Rəsulzadə və onun əqidədaşlarının, onların davamçısı Əbülfəz Elçibəy və onun cəbhədaşlarının, vətən uğrunda canından keçmiş şəhidlərimizin, qazilərimizin, usanmadan mübarizəsini indiyə qədər davam etdirən bütün müasir demokratik qüvvələrin,  azadlığından məhrum olması bahasına əqidəsinə, inancına sadiq qalaraq həbs həyatı yaşayan bütün fədakar insanlarımızın bayramıdır. Müqəddəs bir bayram olan 28 may qəlbimizdə kök salmalı, məhəbbət dolu, ailəvi, gerçək milli bayram kimi qeyd olunmalıdır. Sizi bu işıqlı günü çox şən, birlikdə, mübarizə əzminizi bir an belə unutmadan böyük təntənə ilə qeyd etməyə çağırıram.
Əziz  həmvətənlərim, sizi bir daha Azərbaycan Xalq Cümhuriyyətinin 96 illiyi münasibəti ilə təbrik edir, hər birinizə sağlıqlı uzun ömür, işlərinizdə,  şəxsi həyatınızda, yaradıcılığınızda, doğal haqqlarınız  naminə mövcud diktatura rejiminə qarşı mübarizədə uğurlar, üçrəngli bayrağımızda təcəssümünü tapan dəyərlərimizin bərqərar olduğu demokratik cəmiyyətdə uzun sağlıqlı ömür sürməyi arzulayıram!”.