Həsən Kərimovun 60 illiyidir; Əli Kərimlidən təbrik

AXCP sədri Əli Kərimli partiyanın Ali Məclisinin sədri, Milli Şuranin üzvü Həsən Kərimovu 60 illik yubileyi münasibətilə təbrik edib. 

Təbrikdə deyilir:

Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin simvollarından, millətimizin canlı dəyərlərindən, siyasi fəaliyyətində və özəl həyatında vicdanlılıq, cəsarət, vətənpərvərlik, səmimiyyət, fədakarlıq, ziyalılıq  nümunəsi olan veteran cəbhəçimiz, AXCP Ali Məclisinin sədri Həsən Kərimovun 60 illik yubileyidir.

Bu o Həsən bəydir ki, ötən əsrin sonlarında Xalq Hərəkatı başlayanda özü vəzifədə ola-ola heç düşünmədən mübarizəyə qoşuldu, AXC-nin yaradıcılarından biri oldu, onun Səbail rayonunda təşkilatlanmasında, güclənməsində böyük xidmətlər göstərdi.

Bu o Həsən bəydir ki, 1992-93-cü illərdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı olaraq Elçibəy hakimiyyətinin ən layiqli kadrlarından biri kimi əhalinin gerçəkdən xidmətində durdu, rayonu abadlaşdırdı, çətin müharibə dövründə qaçqın, köçkün, şəhid, qazi ailələrinin maddi, mənəvi dəstəkçisi, dostu oldu, dəfələrlə müharibə bölgəsinə özü başda olmaqla ərzaq və başqa ehtiyaclar dolu karvanlar təşkil etdi. Özü icra başçısı ola-ola kiçik yaşlı oğlunu dəfələrlə müharibə bölgəsində, döyüşçülərin arasında tapıb gətirirdi, çünki özü qədər oğlu da qoçaq, fədakar, vətənpərvər idi, saxlamaq olmurdu, qaçıb gedirdi cəbhə bölgəsinə… Övladlarını belə yetişdirmişdi Həsən bəy, bütün etiraz aksiyalarında ailəsi ilə birgə iştirak edirdi…

Həsən Kərimov bu 25 ildə rifahını, sağlamlığını, övladlarını qurban verdi mübarizəsi, əqidəsi naminə, Vətəni, demokratik dəyərlər naminə, amma əyilmədi, sınmadı, səhhətindəki ağır problemlərə rəğmən hər zaman ən çətin işləri özü görür, ən təhlükəli aksiyalarda öndə olur, azadlıq və demokratiya naminə bir addım da geri çəkilmir… Belə ləyaqətli insanlar milli sərvətimizdir, xalqın üzünü ağ edən əsil vətəndaşdırlar.

Həsən bəy kimi dürüst, zəhmətkeş, ədalətli siyasətçilərdir gənc nəslə öz həyatı, fəaliyyəti, mücadiləsi ilə örnək…

Əziz Həsən bəy! Sizi, əqidə dostumu, cəbhədaşımı 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Həyatınızda çox şeyi, əzizlərinizi, sağlamlığınızı itirmisiniz, onların yeri dolmaz, amma sağ olun ki, biz sizin kimi dost, əqidədaş, əsil ziyalı, mübariz cəbhədaş qazanmışıq. Böyük cəbhəçi ailəsinin, elə bütün demokratik qüvvələrin sevimlisisiniz, öz şərəfli yolunuzla qazanmısınız bu nüfuzu, hörməti, məhəbbəti… Sizə cansağlığı,  müqəddəs amallarınızın gerçəkləşməsini, özünüz qədər mübariz, fəal, sədaqətli həyat yoldaşınızın, nəvələrinizin və bütün sevdiklərinizin əhatəsində uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram. Var olun, Allah sizi qorusun! 

Hörmətlə, AXCP sədri Əli Kərimli

AXCP Ali Məclisi