“22 ildən sonra bu dərəcədə yalanı təsəvvürümə gətirmirdim”

Rəhim Qazıyev: «Ədalət Yusifov bu dəhşətli «xəyanət» faktını niyə vaxtında Elçibəyə, İsa Qəmbərə çatdırmayıb?»

“Çox təəssüf hissilə Ədalət Yusifovun 22 ildən sonra fantaziyasının məhsulu olan müsahibəsini oxudum və bizim indi bu günə düşdüyümüz səbəblərindən biri də mənə aydın oldu. Əgər Ədalət Yusifov müsahibəsində sadaladığı Elbrus Orucovun konkret ”faktlar” üzrə sayıqlamasını həqiqət kimi qəbul edibsə, belə bir vətənpərvər insan niyə bu dəhşətli “xəyanət” faktını həmin dövrdə Əbülfəz bəyə, Isa Qəmbərə və ya Pənah Hüseynə çatdırmayıb? Insaf naminə demək lazımdır ki, həmin dövrdə Əbülfəz bəy heç də əlçatmaz deyildi. Adi insanlar belə, böyük müqavimətə rast gəlmədən Əbülfəz bəylə görüşə bilərdilər. Ikincisi, heç vaxt Ədalət Yusifovun müsahibəsində təsvir etdiyi kimi dialoq mənimlə Elbrus Orucov arasında olmayıb”.

Bunu “Azadlıq”a açıqlamasında 1992-93-cü illərdə müdafiə naziri olmuş Rəhim Qazıyev o dövrdə Salyan rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, hazırda Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ədalət Yusifovun “modern.az”a müsahibəsində onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Rəhim Qazıyevin sözlərinə görə, o, 1993-cü ilin avqustuna qədər “Talış-Muğan Respublikası” ifadəsini eşitməyib: “O dövrdə hərbi hissəyə hər hansı komandir təyin edəndə, mən kimin talış, kimin türk, kimin lahıc və başqa etnik qruplara aid olduğunu araşdırmırdım. Belə bayağı anlayışlar bu gün də mənə yaddır. Azərbaycan vətəndaşı və müsəlman olan bir şəxsin milli, etnik mənsubiyyəti, hansı bölgədə doğulduğunu araşdırmaq məndə həmişə ikrah hissi doğurub. Təəssüf edirəm ki, Ədalət bəyin ürəyini yara etmiş, illərlə qəlbində saxladığı bu bayağı uydurulmuş fantaziyanı indiyədək özü mənimlə araşdırmağa cəhd etməyib”.

Keçmiş nazir deyir ki, Əlikram Hümbətova Müdafiə Nazirliyində vəzifəni Əbülfəz Elçibəylə məsələhətləşəndən sonra verib: “Ədalət bəyə bəyan edirəm ki, həmin dövrdə Lənkəranda və başqa yerlərdə etnik söz-söhbətlər qaldırılan zaman mən Əlikram Hümbətovu Lənkəranda alay komandiri vəzifəsindən nazirlikdə hərbi hazırlıq idarəsinin rəisi vəzifəsinə təyin etdim. Bu təyinat Prezident və Ali Baş Komandan Əbülfəz Elçibəylə birbaşa məsləhətləşmədən sonra reallaşdı. Illər boyu ünvanıma qərəzli məqsədlərlə uydurulmuş həyasız yalan və böhtanların olmuş həqiqətlər kimi millətə sırınmasına şahidlik etmişəm və indi də edirəm. Əbülfəz bəy həyatda yoxdur. Ancaq onunla çiyin-çiyinə işləmiş, yüksək vəzifələrdə çalışmış ikinci, üçüncü, dördüncü şəxslər həyatdadır. Ədalət bəyin təşəbbüsü ilə həmin şəxslərin, o cümlədən Elbrus Orucovun da iştirakı ilə bu məsələnin dəyirmi masa ətrafında müzakirəsinə hazıram. Mən hər cür böhtan, yalan eşitmişəm, amma 22 ildən sonra bu dərəcədə uydurulmuş yalanın işıq üzü görəcəyinin heç təsəvvürümə gətirməmişəm. O dövrdə hərbi riyakarlıq edərək uğurlu əməliyyatlarımızı ağır məğlubiyyətlərə çevirən komandirləri də mənə böhtan atmaq xatirinə az qala, milli qəhrəman səviyyəsinə gətirib çıxarmağa çalışırlar. Bu kampaniya səngimək bilmir. Son olaraq, Ədalət bəyə bildirmək istəyirəm ki, o, 22 il bundan öncə mənim barəmdə deyilən bu həqiqətəbənzər yalanı eşidəndə onun axırına çıxmaq üçün cəhd göstərməyibsə, onun səmimiyyətinə zərrə qədər inamıram. Hətta bu ”xəyanət”i həmin dövrdə açıb ifşa etmək naminə özümü Əbülfəz bəyin maşınının altına atıb, onunla görüşüb bu məsələni ona danışardım. Psevdo-vətənpərvərlik heç kimə lazım deyil və indiyə qədər də heç kimə xeyir gətirməyib”.

Ədalət Yusifov müsahibəsində deyib ki, Elbrus Orucovun istəyi ilə onunla görüşüblər: “O həmin dövrdə 704 saylı briqadanın rəhbəri idi, bizi görüşə çağıraraq dedi ki, Rəhim Qazıyevin təhdidi ilə yaxın zamanda vəzifəmdən azad olunmuşam. O, 1992-ci ilin iyul ayında Rəhim Qazıyevin qarşısında qoyduğu konkret tələbi də söylədi. Həmin vaxt cənub hərbi birləşmələrinin əksəriyyətini mərkəzləşdirilmiş qaydada birləşdiyi yer Çuxalı hərbi hissəsi idi, 704 saylı hərbi briqadanın tərkibində birləşirdilər. Rəhim Qazıyevin tələbinə görə, konkret tapşırıq verilən gün Elbrus Orucov əhatə etdiyi ərazidə – Kür və Araz çayları üzərindəki bütün körpüləri bağlamalı və bu iki çayın sağ sahilində Talış-Muğan Respublikası elan olunmalı idi. Bu, 92-ci ilin iyulunda olan söhbətdir. Elbrus dedi ki, mən Rəhimin tapşırığından imtina etdim. O, artıq Müdafiə Nazirliyində yenə yüksək vəzifəyə təyin olunub, özünə də sual vermək olar. Elbrus Orucov bizə söyləyirdi ki, onun etirazından sonra Rəhim deyib: ”Sənin başına gətirəcəyim oyundan yəqin ki, xəbərin yoxdur, sənin kifayət qədər cinayətlərin var,  səni içəriyə qoyacağam”. Bir daha bəyan edirəm, Elbrus Orucov bu söhbəti adlarını çəkdiyim bütün icra başçıları ilə görüşdə edib. O dedi ki, mən bu planın baş tutmaması üçün hər şeyə hazıram. Sonra ortaya eyni tarixə təsadüf edən iki sərəncam qoydu. 1992-ci il iyul ayının 16-da Rəhim Qazıyevin sərəncamı ilə Elbrus Orucovun rəhbərlik etdiyi 704 saylı hərbi briqada Ağdamın Çəmənli kəndinə döyüşə göndərilib, eyni gündə Lənkəranda Mikayıl Hacıyevin rəhbərliyi ilə 704 saylı hərbi briqada yaradılıb. Bir sərəncamda briqada komandirinə döyüşdə iştirak üçün bütün qüvvələri səfərbər etmək tapşırılırsa, digəri yeni təyin olunmuş briqada komandirinə konkret həmin briqadanın əhatə dairəsində olan hərbi hissələrin əksəriyyətinin onun sərəncamına verilməsi ilə bağlı olur. Elbrus Orucov bu faktları ortalığa qoyub etiraz edəndə onun azad olunması ilə bağlı sərəncam imzalanır. Həmişə bölücülüyün əleyhinə olmuşam və Azərbaycanın mənafeyi mənim üçün hər şeydən üstündür. Ona görə zamanı yetişəndə milli kimliyindən asılı olmayaraq hamı canından keçməyə də hazır olmalıdır. Mən Elbrus Orucovun söylədiklərinə əsaslanıb deyirəm, təəssüf ki, həmin dövrdə Neftçaladakı hərbi hissənin rəhbərini dəyişib talış əsilli Isa Qasımovu, keçmiş 704-ün bazasında 877 nömrəli hərbi hissə yaradılıb, yenə əslən talış olan polkovnik Balağra Rzayevi ora təyin ediblər. Elbrus deyirdi ki, bunların əksəriyyəti Rəhim Qazıyevin hansısa siyasi dairələrlə birgə işləyib hazırladığı planı həyata keçirmək məqsədilə edilirdi. Yeni yaradılan 704-cü briqadaya yenə talış əsilli Mikayıl Hacıyev təyin olunmuşdu. Mən 3-nün adını çəkdim, o onunu sayırdı. Deyirdi ki, buna etirazımdan sonra həbsimlə bağlı hərbi polisə göstəriş verilib. Bizimlə görüşən dövrdə Elbrus Orucov artıq gizlənirdi və ona sadiq Şuşada döyüşən Kosalar batalyonu vardı, onların əhatəsində özünü qoruyurdu. Görüşə də gizli gəlirdi. Biz onun dediyi faktları Əbülfəz bəyə çatdırmağa cəhd etdik. Çünki Elbrus Orucov da xahiş etmişdi ki, bunlar yalnız prezidentə çatdırıla bilər. Biz də hesab edirdik ki, bu yalnız və yalnız Əbülfəz bəy səviyyəsində həll oluna biləcək məsələdir. Görüşdə iştirak edən icra başçılarının ümumi razılaşmasına görə, mənə və Lənkəranın icra başçısı Hüseynqulu bəyə prezidentlə görüşmək üçün səlahiyyət verildi. Təəssüf ki, biz görüşü reallaşdıra bilmədik”.

Ramin DEKO