Bizdə dünyasını dəyişən insanlar barədə söz düşəndə adətən söhbətə belə başlayırlar: “Onun haqqında danışmaq həm çətindir, həm asan…”
Sonra davam edirlər: “Çətindir ona görə ki…”
Daha sonra: “Asandır ona görə ki…”
Indi bu cür başlanan cümlələr qurmaq çoxlarına hədsiz şablon, əttökən, saxta görünür. Çünki bu cür cümələlər yerli-yersiz, üstəlik, dəyərli-dəyərsiz çox adamlar barədə deyilib, yazılıb. Halbuki, həqiqətən elə adamlar var ki, onlar barəsində danışmaq həm çətindir, həm asan.
Çətindir – çünki aramızda deyil, onun barəsində keçmiş zamanda danışmaq əzab, ağrı verir.
Asandır – çünki geriyə xidmətləri, əməlləri qalıb, irsi var.
Bizim Əlövsət müəllim məhz belə bir insan idi, doğrudan da onun haqqında danışmaq qədər ağır, eyni zamanda da asan heç nə yoxdur.
Əlövsət müəllim Azərbaycanda kütləvi savadsızlaşmaya qarşı duran aydın bir insan idi. Ölkədə təhsilin yox edilməsinə qarşı üsyan səsini ən çox yüksəldənlərin başında gəlirdi. Cəhalətə qarşı təkbaşına bir cəbhə açmışdı, təhsilin problemləri, düşünülmüş, məqsədli şəkildə həyata keçirilən bilgisizləşdirmə siyasətinə qarşı dayanmadan, ardıcıl, prinsipial mübarizə aparırdı, hər kəsi də bu mübarizəyə ruhlandırır, təşviq edirdi.
Təhsilsiz bir toplumun yüksəlişinin olmadığını ən yaxşı dərk edənlərdən idi, odur ki, həm təhsilsizləşdirmə siyasətinin icraçılarına, həm də bu siyasətə qarşı laqeyd, dırnaqarası münasibət sərgiləyənlərə amansız münasibətini mətbuatdakı çıxışlarından, yazılarından, kitablarından gün kimi aydın anlamaq olardı.
Bizim ölkə insanının ən böyük çatışmazlıqlarından biri – davamlılıqdır. Daha doğrusu, davamsızlıq. Əksərən və əksəriyyətimiz bələd olduğumuz sahənin problemlərilə bağlı bir dəfə danışır, işimizi bitmiş sayırıq. Əlövsət müəllimə isə bu, yad idi: bəzən onu eyni dərdləri dönə-dönə, az qala, hər gün yazdığına, dilə gətirdiyinə görə qınayanlar da tapılırdı. Dodaq büzənlər olurdu: “Bəyəm ölkədə Əlövsət Osmanlını narahat edən başqa problem yoxdurmu?”
Olmaya bilərdimi? Əlbəttə, vardı. Sadəcə, Əlövsət müəllimin bir keyfiyyətinə onu yaxından tanıyanlar çox yaxşı bələd idi: o, “hərşeyşünas” deyildi, vaqif olmadığı sahələrin problemləri bir yana, hətta təhsilin elə məsələləri vardı, zəng edib bu haqda ondan məlumat almaq istəyəndə açıqca bu barədə geniş bilgisi olmadığını çəkinmədən söyləyər, dərhal da həmin problemin incəliklərinə bələd mütəxəssisin, ekspertin ünvanını göstərərdi. Mən öz sahəsinə belə peşəkar münasibəti çox az görmüşəm.
Və kaş öz sahəsindəki problemlərə həssas, prinsipial, vicdanlı münasibət sərgiləyən Əlövsət Osmanlılarımız – hər sahənin öz Əlövsət Osmanlıları olaydı. Əminəm ki, belədə Azərbaycanı xəyallarımızdakı gələcəyə – işıqlı, gözəl günlərə qovuşdurmaq missiyasını daha tez tamamlaya bilərdik.
Əlövsət müəllim artıq bir ilə yaxındır aramızda deyil və yeri görünür. Indi təhsilin – bir ölkəni və bir milləti var edən, yüksəldən ən önəmli güclərdən birinin ağrıları, dərdləri bir il əvvəlki kimi ucadan, bütün çılpaqlığı ilə səsləndirilmir. Beləcə, Əlövsət müəllimin missiyasının, fədakarlığının dəyəri, əhəmiyyəti daha yaxşı anlaşılır.
Əlövsət müəllim məzarında rahat uyuyurmu?
Əsla.
Torpaqlar hələ də işğal altında ikən Qarabağ şəhidlərinin ruhu nə qədər rahat ola bilərsə;
Irtica küləkləri get-gedə daha güclü əsməyə başlayarkən azadlıq şəhidlərinin – Faina Kunqurovanın, Isaxan Aşurovun, Həmidağa Zahidovun, Alqayıt Məhərrəmovun ruhu nə qədər rahat ola bilərsə;
Yazıya, qələmə, düşüncəyə yasaqlar, basqılar günbəgün şiddətlənərkən azad söz şəhidlərinin – Nəsəf Nəcəfovun, Ağamalı Sadiqin, Elmar Hüseynovun, Rafiq Tağının ruhu nə qədər rahat ola bilərsə, ömrünü kütləvi savadsızlaşdırmaya qarşı mübarizədə itirən təhsil şəhidi Əlövsət Osmanlının ruhu da bir o qədər rahat ola bilər.
Onlar və Azərbaycan qarşısında vicdan borcumuzu unutmayaq!