Hökumət Morninqstarı ölkədən çıxarsa…

ABŞ səfiri Riçard Morninqstarın məlum müsahibəsi hələ də müzakirə mövzusudur. Millət vəkillərindən başlayaraq, PA rəhbəri Ramiz Mehdiyevə qədər bütün komanda ABŞ-a qarşı hücuma keçdi və bu ölkəyə qarşı kəskin ittihamlar səsləndirildi. ABŞ səfirini diplomatik etikanı pozmaqda ittiham edənlər, bütün etik normaları aşdılar.

Vəziyyət o həddə çatdı ki, hökumətin çətiri altında olan bəzi adamlar ABŞ səfirinin ölkədən qovulmasını, “persona non-qrata” elan edilməsini təklif etdilər. 

Maraqlı məqam ondan ibarətdir ki, həmin müsahibədə nəinki təhqir, kəskin tənqid də yer almayıb. Yaxud, kimlərinsə şəxsən adı çəkilməyib.

Belə olan təqdirdə ABŞ səfirinin ölkədən qovulması çağırışları hansı məntiqə əsaslanır? Ümumiyyətlə, praktiki olaraq bu mümkündürmü?

Fuad Qəhrəmanlı: «ABŞ səfirinin ölkədən çıxarılması üçün heç bir əsas yoxdur və belə bir addım Amerika ilə ciddi qarşıdurmaya səbəb olar»

AXCP sədrinin müavini Fuad Qəhərmanlı bildirdi ki, hakimiyyət belə təkliflər səsləndirməklə səfiri geri çəkilməyə məcbur etmək və demokratiya məsələlərini qabartmamağa səsləmək istəyir: “Belə fikirlər Ramiz Mehdiyevin məlum müsahibəsindən sonra gündəmə gəldi. Çünki, həmin müsahibədə Ramiz Mehdiyev səfirin statusu məsələsinə toxunmuşdu. Ancaq Morninqstarın “persona non-qrata” elan olunması üçün əsas yoxdur. Azərbaycan hakimiyyəti belə bir addım atarsa, Amerika ilə ciddi konflikt yarana bilər və diplomatik qarşıdurma baş verər. Eyni zamanda Azərbaycan özünü tamamilə müdafiəsiz duruma salar. Ancaq inanmıram ki, hakimiyyət belə bir addım atsın. Belə  ritorikanın seçilməsi, səfiri geri çəkindirməyə və demokratiya çağırışlarının qarşısın almağa yönəlib”.

Hikmət Hacızadə: «ABŞ səfiri həqiqətləri deyib, hakimiyyət də bundan inciyib»

Politoloq Hikmət Hacızadə hesab edir ki, ABŞ səfirinin üzərinə bu səviyyədə getmək və onun qovulmasını tələb etmək absurddur: “Əgər ABŞ səfiri təhqirlər səsləndirsəydi, yalan danışsaydı, böhtan atsaydı buna hansısa formada etiraz etmək olardı. Indiki halda isə müşahidə olunan münasibət tam məntiqsizdir. ABŞ səfiri deyib ki, sizin müstəqilliyinizə, təhlükəsziliyinzə qarant bizik, Qarabağ münaqişəsinin həllinə biz kömək ola bilərik. Onu da izah edib ki, bütün problemlərin həlli demokratikləşmədən keçir. Hakimiyyət də demokratiyaya zidd addımlar atdığı, insan hüquqların pozduğu üçün, bu fikirləri özünə götürür və inciyir”.

Akif