28 May – “Səni sevirəm!” bayramı

Mənimlə bir RESPUBLIKAda yaşamaq istədiyin üçün bu güllər sənindir!

Azərbaycanda çox ailə bu taleyi yaşayıb…

“Kədəri birlikdə yaşamaq” deyə bir şey var. Yılmaz Güneyin “Yol” filminə baxanda belə bir səhnə görmüşdüm; genetik yaddaşımı tərpətdi sanki, özümü günlərlə pis hiss elədim. Içimdəki aşırı türkiyəsevərlik bu durumu açıqlamağa imkan vermədi. Amma faşizm bütün toplumların içini çürüdür, qazır.

Səhnə belə idi: Suriya sərhədini keçib ərzaq-filan almaq  istəyən kürd cavanlarını jandarma güllələyir, meyitləri maşının yük yerində gətirirlər, amma sahibləri qorxudan yaxınlarını tanımadıqlarını deyirlər.

Azərbaycanda da buna bənzər şeylər olub. Insanları aparıb güllələyiblər, amma xeyirdə-şərdə kimsə onların adını çəkməyə cürət etməyib. Buna millət olaraq, ən böyük nümunəmiz də Dağüstü Parkdakı Şəhidlər Xiyabanının üzərində Kirov parkının salınması və kimsənin o tarixi tərpətməyə cürət etməməsi idi.

Insanların hürr və bərabər yaşaması üçün tək quruluş olan Respublika özünün həqiqi mahiyyətini uduzanda, birgəyaşayış öz universal kriteriyalarını qura bilməyəndə belə olur – yaşamaq haqqını bir subyektə digəri verir, ya da alır. Bu isə faşizmdir.

Heç şübhəsiz ki, klassik elementlərinin hamısını özündə daşımasa da, bolşevizm də faşizm idi. Bu mənada, dünya faşizmə doğru axışanda bizim aydınlarımız beş fraksiyalı Parlament Cümhuriyyəti qurmuşdular. Bizim insanımızın əldə etdiyi siyasi haqlar dünya öncüllərinin vətəndaşlarının malik olduğu haqlardan bir çox hallarda qabaqcıl və modern idi. Bununla belə, Cümhuriyyət uzun yaşaya bilmədi. Tam süqut elədi, özünün hüquqi varlığını da, fəlsəfi məzmununu da itirdi. Biz isə bu itkidən sonra uzun illər ailələrimizdən gedər-gəlməzə gedənlərin yasını saxlamağa fürsət axtardıq. Heç unutmaram, nənəmin ağılarında belə  bir  cümlə olurdu həmişə: “Doyunca ağlaya bilmədiyim dayılarım”. Babamın atasını və əmilərini nəzərdə tuturdu.

Biz 1918-ci ildə əldə elədiyimiz Cümhuriyyətlə təkcə siyasi quruluş qazanmamışdıq. Ona görə də onu itirəndə təkcə siyasi quruluş itirmədik. Biz 1920-ci ildə Cümhuriyyətlə birgə, qazandığımız milli mənliyi də itirdik.

Rəsulzadə yazmasaydı…

Bu gün bir çox fürsətbazlar bizi qınamağa cəhdlər edirlər ki, niyə Cümhuriyyətin bütün qurucularına eyni münasibəti bəsləmirik? Daha doğrusu, niyə Rəsulzadəni onlardan fərqləndiririk? Əvvəla, belə yanaşmada siyasi səbatsızlıqla yanaşı, həm də bu fikirləri ortaya atanların düşüncə babalarının dililə desək, sinfi qərəz var. Heç şübhəsiz ki, Xalq Cümhuriyyətini Rəsulzadə ilə yanaşı quran hər kəs tariximizin ən şanlı adamlarıdır. Və onların arasında heç kim ögey deyil. Hətta Rəsulzadə hökumətinə müxalif olan sivil fraksiyaların təmsilçiləri də bizim tariximizin qiymətli insanlarıdır. Amma bir gerçəklik var ki, bunu kimsə dana bilməz. Bu da ondan ibarətdir ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin ideya və siyasi mahiyyətini Rəsulzədənin əsərlərindən əldə etmişik. Bu gün ölkədə bir neçə tanınmış ziyalı Rəsulzadənin əsərlərini tarixi, publisistik, siyasi, ideoloji baxımdan tədqiq edir. Bu tədqiqatlar bizə o dövrdə söz və insan azadlıqlarının durmunu (aparıcı Qərb kriteriyalarına cavab verdiyini) göstərir. Amma heç şübhəsiz ki, bizim üçün bu tarixi yaradan hər kəsin fenomenoloji xidməti unudulmazdır.

Sevgi günü

Respublikaçılıq təkcə bir siyasi üsul-idarə, inzibati quruluş deyil. O, insanı mərkəzdə, hər cür ideyadan üstün tutan bir düşüncə tərzidir. Respublikaçılıq din, dil, irq ayrı-seçkiliyini təkcə qanunlardan deyil, beyinlərdən də silib atan düşüncədir. Insanı sadəcə, insan olduğuna görə, onunla bir qaydalar içərisində, amma öz dəyərinə sadiq qalaraq yaşamağa razılıq verdiyinə görə qucaqlayır. Düşünün ki, bir təriqət və ya din dövləti, ya bir ideyanın diktaturası, ya da bir hərbi hakimiyyət özündən olmayanları məhv edir. Amma Respublika yeganə universal dəyərdir ki, onun özü başqalarının dinc çulğaşmasıdır. Onun çətiri altında hamı yaşaya bilər. Bu, yeganə dəyərdir ki, onun kökündə “insan olduğun üçün sevilmək” fəlsəfəsi durur.

Bu mənada, 28 May günü bizim üçün həm də bizimlə birgə yaşamaq istəyən hər kəsi sevmək günü olmalıdır. Hər kəsə “Mənimlə bir ölkədə yaşamaq istədiyin üçün səni sevirəm” deyib, gül bağışlamaq günü. Respublikanın və respublikaçılığın dinc xilası naminə!

Bu həm də “başqa ölkələrin pasportu paylanır” təbliğatını aparanlara bizim respublikamıza sevda cavabımız olmalıdır. Biz bu ölkənin polisini də, xəfiyyəsini də, bir sözlə, onun emblemlərini daşıyan hər kəsi sidq ürəkdən seviləcək insanlara çevirəcəyik!

Gül bağışlamağı unutmayın!

Seymur Həzi