PA rəhbərinin rus dilində müsahibəsi nəyə hesablanıb?
PA rəhbəri Ramiz Mehdiyevin “AzərTAc” Dövlət Agentliyinə müsahibəsi geniş müzakirə mövzusuna çevrildi və ABŞ-a hücumun son nöqtəsi kimi qiymətləndirildi. PA rəhbəri ABŞ-ı kəskin ittiham etdi və hökumətin belə hörmətsizliklərə dözməyəcəyini bildirdi.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ramiz Mehdiyevin məlum müsahibəsi rus dilindədir. Daha sonra müsahibə Azərbaycan dilinə tərcümə edilib.
Görəsən, müsahibənin rus dilində verilməsi hansı zərurətdən doğub?
Bəzi ehtimallara görə, müsahibənin rus dilində verilməsi Rusiyaya jestdir. Yəni məqsəd bu olub ki, Rusiya rəhbərliyi səslənən fikirləri tam başa düşsün. Bu həm də Azərbaycanın dövlət səviyyəsində Rusiyanın yanında olduğu və bunun ən yüksək postda təmsil olunan şəxsin təsdiqləməsidir.
Nurəddin Məmmədli: «Insan hansı dildə danışmasından asılı olmayaraq, səsləndirdiyi fikirlərin məsuliyyətini dərk etməlidir»
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, insan hansı dildə danışmasından asılı olmayaraq, səsləndirdiyi fikirlərin məsuliyyətin dərk etməlidir: “Heç kimə sirr deyil ki, ölkə rəhbərliyində təmsil olunan şəxslərin bir-biri ilə ünsiyyəti rus dilində baş tutur. Yəqin ki, Ramiz Mehdiyev də rus dilini daha mükəmməl bildiyi üçün, bu dilə müraciət edib. Istənilən halda Ramiz Mehdiyev ABŞ-la bağlı səsləndirdiyi fikirlərin fərqinə varmalıydı və bunun məsuliyyətin dərk etməliydi. Bütün komanda ABŞ-a qarşı şantaj kampaniyasına start verib. Bir tərəfdən daxili auditoriyaya güclü olduqlarını sübut etmək istəyirlər, digər tərəfdən isə, ABŞ-a mesaj verirlər ki, başqa seçim edə bilərik. Ancaq bütün bunlar ”blef”dir və hakimiyyətin Qərbdən asılılığı var”.
Vidadi Mirkamal: «Ramiz Mehdiyev bu müsahibə ilə öz mövqeyini aydınlaşdırmağa çalışıb və ölkədəki rusmeylli təbəqəni nəzərə alıb»
Milli Şuranın hüquq komitəsinin sədri Vidadi Mirkamal bildirdi ki, Ramiz Mehdiyev bu müsahibə ilə öz mövqeyini aydınlaşdırır: “Çox mürəkkəb beynəlxalq vəziyyətin yaranması, Ukraynada qüvvələr nisbətinin bir-birini əvəzləməsi, hakimiyyətdə olan şəxslərə də seçim etmək şansı yaradır. Ukraynada Rusiyanın müəyyən güc göstərməsi və Qərbin kobud müdaxilə etməməsi, rusmeylli insanları hərəkətə keçirdi. Ramiz Mehdiyevin də məlum müsahibəsi öz mövqeyini aydınlaşdırmaq mənası daşıyır. O göstərmək istəyir ki, Rusiya sıradan çıxmayıb və onun böyük gücü var. Əsas bu müsahibənin rus, yaxud ingilis dilində olması deyil, həmin şəxsin məqsədi, məramıdır”.
Ekspert hesab edir ki, bu müsahibə həm də daxildəki rusmeyyli insanları aktivləşdirməyə hesablanıb. “Azərbaycan seçim üçün tərəddüd edir. Qərbə doğru istiqamət Rusiyanın basqıları ilə üzləşmək deməkdir. Birmənalı Rusiya kursu götürmək də mümkün deyil. Çünki Qərbin burda böyük marqları var və Azərbaycandakı vətəndaş cəmiyyəti də qərbmeyllidir”.
Akif


