Daha bir siyasi məhbus atası gözü övlad yollarında dünyasını dəyişdi. Rauf Mirqədirovun atası, 84 yaşlı Həbibulla kişi oğluna görə evində axtarış aparıldıqdan saatlar sonra gözlərini həyata yumdu. Bu stressi, bu həyəcanı, narahatlığı daha artıq qaldıra bilmədi.
Neçənci belə faktdır, xatırlayan varmı?
Arif Hacılı həbsdə ikən də eyni mənzərənin şahidi olmuşduq, Emin Milli, Qənimət Zahid qondarma ittihamlarla dəmir barmaqlıqlar ardına atılarkən də.
Övladları haqsız yerə tuturlar, sonra atalarının dəfninə buraxıb “bax, biz belə humanistik” deyə şeşələnirlər.
Düzdür, heç buraxmaya da bilirlər, nə də olmasa, külli-ixtiyar sahibidirlər, – necə ki, Nemət Pənahlıya belə bir “humanizm aktı”nı rəva görmədilər. Necə ki, Rəşadətin haqsız həbsinə dözməyib intihar edən babasının dəfnində də bu cür “insanlıq aktı” yada düşməmişdi.
Amma əsas məsələ başqadır: axı bu haqsız həbslər ümumiyyətlə, niyə baş verməlidir? Insanları sadəcə, fərqli düşündüklərinə, müxalif fikirləşdiklərinə görə dəmir barmaqlıqlar ardına məhkum etmək niyə bu qədər asan olmalıdır? Bu həbslər sadəcə, bir nəfərlə bağlı deyil axı. Hər həbsə görə nə qədər doğma insanın həyatı alt-üst olur. Hər həbs bu torpaqlara kin, nifrət toxumları səpmək deməkdir. O toxumlar cücərdiyi halda nə baş verəcəyini bilmək o qədərmi çətindir? Çətindirsə, uzaq keçmişə qayıtmağa ehtiyac yoxdur, elə “ərəb baharı” zamanı yaşananlara baxmaq kifayətdir.
Bəyəm Qəzzafiyə, Mübarəkə püskürülən öfkə, qəzəb, aqressiya səbəbsiz idimi? Illərlə onların haqsız, çağdışı, hüquqa aykırı addımlarla ağalıq etdikləri toplumda düşmənçiliyi, nifrəti körükləmələrinin nəticəsi deyildimi bəyəm o qəzəb, o aqressiya? Bir zamanlar ölkələrində əkdikləri kin, nifrət toxumlarının meyvəsi deyildimi?
Başa düşürəm, yaptokratiya üçün artıq qarşısına keçəni ən müxtəlif yollarla əzmək, sındırmaq, yox etmək, zərərsizləşdirmək tamamilə adiləşib. Son 20 ildə o qədər insan repressiya maşının təkərləri altında əzilib ki, indi fikirləşirlər, beşini artıq tutsaq, nə dəyişər? Amma çox şey dəyişir. Hər haqsız həbs, siyasi qisas duyğusu ilə atılan hər qanunsuz, zorakı addım qaçılmaz sonu bir qədər də ağırlaşdırır. “Qurbanların” sayı artıqca gec-tez baş verəcək dəyişikliyin şəkli də tündləşir, daha ağrılı, amansız aqibət vəd etməyə başlayır.
Mən bu haqda tez-tez yazıram, kimsə fikirləşə bilər ki, yaptokratlar üçün acıyıram. Əsla. Sadəcə, hər repressiv addımla cəmiyyət elə ağır travmalar alır, mənəvi yaralar alır ki, onları sağaltmaq üçün nə qədər uğraşmaq lazım gələcək. On il əvvəl düşünürdün ki, bir ölkə və toplum olaraq bu yaraları 20-30 ilə sağalda bilərsən. Amma indi 50-60 ilə sağalda biləcəyimizə də ümid etmək çətindir.
Üstəlik, bu rejimin var olduğu hər gün yara üstünə yara vurulur, zərbə dalınca zərbə endirilir.
Bu haqda düşünmək, pis gedişata “yox” demək əvəzinə isə indi hamı “əfv olacaqmı” sualına cavab axtarır. Nə var, nə var, bəlkə, haqsız həbs olunanlardan üç-dörd nəfər də əfv siyahısına düşdü, biz də bununla bir az təsəlli tapdıq.
Əvvəla, müqəddəs yer boş qalmır, – həbsxanada hər boşalan bir siyasi məhbus yerinə ən azı iki-üç namizəd var və onlarla həmin yeri doldurmaq rejimin əlində su içimi kimi bir şeydir.
Ikincisi, qarşıdan gələn 28 mayda, 15 iyunda və ya hər hansı başqa bir gündə əfv olub-olmaması çox nisbidir. Kim kimi əfv edir axı?
Bir də heç düşünən varmı, bu gün yaşanan bunca haqsızlığı, zülmü tarix özü əfv edəcəkmi? Başımıza bu gələnlərin-gətirilənlərin gələcək nəsillər qarşısında əfvi olacaqmı? Əvvəl-axır qurulacaq ədalət divanında indi insanların ömründən və cibindən oğurlananlar bağışlanacaqmı?
Əsas sual budur. Budur əsas məsələ.