Bakı Ağır Cinayətlər Məhkəməsində iki sosial şəbəkə fəalının məhkəməsi gedir. Biri Əbdül Əbdülovdur, o biri Ömər Məmmədov. Hər ikisi şərlənərək həbs edilib. Əbdülə prokuror 6 il 6 aylıq cəza istəyib. Əhməd hakim insaflı çıxsa, prokurorun sözünü uzağı 6 ay çevirə bilər. Ömərsə hələ çək-çevirdədir. O deyir, suçum yoxdur, bunlar deyir, “Krupskayanı sən zəhərləmisən, Lenini sən öldürmüsən”.
Əlbət, sovetdənqalma bu hakimiyyət “Lenini ödürəni” cəzasız buraxmaz. Nə olsun ki, Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında Beynəlxalq Kipr Universitetinin tələbəsidir? O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisi, N!DA Vətəndaş Hərəkatının keçmiş üzvüdür. Əsas məsələ, o, Facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin adminlərindən biri idi. 2014-cü il yanvarında narkotik ittihamı ilə həbs edilib. Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) maddəsi ilə ittiham olunur.
Narkotik ittihamı Azərbaycan polisinin ən çox güvəndiyi, dar gündə arxalandığı, tez-tez sınadığı və qalib gəldiyi ittiham növüdür. Nakotik sübut tələb olmayan ittihamdır. Beşcə qramı cibinə atırlar və səni kiçicik bükülünün əvvəldən cırıq cibində olduğuna inandırırlar. Narkotik şərləməsi “Molotov” şərləməsindən daha asandır və perspektivlidir. Sonradan onu “vətənə xəyanət”ə də daşımaq olur.
Molotov demiş; bu günlərdə yorğun-əzgin halda işdən evə qayıdırdım. Tələbə yoldaşlarımdan biriylə rastlaşdım. “Solğun görünürsən, bir problem yoxdur ki”- deyə dirəndi. “Yoldaşın səni incidib eləmir ki, incidirsə dərsini verək”. Maraqla üzünə baxdım. “Ondan elə ”Molotov kotleti” düzəldərik, özünün də xəbəri olmaz”. Söz xoşuma gəldi, əməllicə ürəkləndim. Güldüm və inandım. Tələbə yoldaşım jurnalistikada pul çıxmadığını görüb polis idarəsində işə düzələnlərdəndi. Elə içdən danışdı ki, onun mənim xətrimə hər kəsdən “kotlet” düzəldə biləcəyinə inandım. Gerçəkdən inandım.
Inanın, bu epizodu yazının maraqlı alınması üçün əlavə etməmişəm. Istəyirəm biləsiniz ki, Azərbaycan polisi nə zaman kimdən nə istəsə, düzəldə bilər. Əbdülə, Ömərə, onlardan qabaq neçələrinə narkotik istifadəçisi, narkotik daşıyıcısı damğasını vurmayıblarmı. Islamçıları “narkoman” adıyla tutmurlarmı. Yenə MTN-ə baxanda polis daha rəhmlidir. MTN ancaq “vətən xaini” istehsal edir. Polisin kokteyli var, nəşəsi var, rüşvəti var, iğtişaş törətməyə cəhddə ittihamı var. Polis üçün narkotik sərfəli olsa da, vətəndaş üçün “Molotov kokteyli” narkotikdən daha şərəflidir.
Kim necə baxar, bilmirəm, mənim üçün “Molotov kokteyli” damğası vurulan NIDA-çılara oxunan hökm bir şairin tutulduğu xəstəlikdən də şərəflidir. Amma Ömərin tutulmağının günahkarı polis hökuməti deyil. Öməri pulda birinci, televiziyalar içində sonuncu yerdə olan AzTV tutdurub. AzTV bunca yaltaq olmasaydı, zövqsüzcəsinə verilişlər hazırlamasaydı, Ibrahim Məmmədov efiri siyasi bazara, telekanal rəhbərliyi can bazarına çevirməsəydi, Ömər “AzTV-dən seçmələr”i yarada bilməzdi, yaşada bilməzdi. Oturardı gözəlim cənnətməkan Kiprdə universitetini oxuyardı. Ağlını başına yığıb Bakıya dönməzdi. AzTV onun üçün “gübrəli, selitralı” münbit mənbə oldu. Efirdə zay məshul xirtdəyəcən. Seçsən qurtarmaz, gülsən durdurulmaz. Həbib Müntəzirə əli çatmayan bu hökumət Ömərin ifşa etdiyi AzTV-yə əncam çəkməkdənsə, “Facebook” fəalını susdurmaq istədi. Xəstəliyi aradan qaldırmaqdansa, onu üzə çıxaranı aradan götürdü.
AzTV bu xalqa yaxşı bir şey vermədi; heç olmasa gül kimi gəncimizin həyatını korlamayaydı. Bir də ki, ataları, anaları öldürmək üçün mütləq oğulları həbs etmək gərəkdimi? Həbibulla Mirqədirov kimə nə etmişdi? Heç Ömərin atası Elyar Məmmədov da kimsəyə pislik etməyib.
Sənubər


