Rauf Mirqədirovun atası evindəki axtarışdan sonra dünyasını dəyişdi

Jurnalist dəfndə iştirak etmək üçün MTN-dən buraxıldı FOTO

“Ayna” – “Zerkalo” qəzetlərinin həbsdə olan şərhçisi, tanınmış jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov dünən səhər saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin 7-8 nəfər əməkdaşı, eləcə də onların özlərilə gətirdikləri hal şahidləri mayın 23-də Rauf Mirqədirovun valideynlərinin yaşadığı evə gələrək, orada axtarış aparıblar. Bu hadisədən sonra ev sahibi Həbibulla Mirqədirovun vəziyyəti pisləşib və bir neçə saat sonra o, dünyasını dəyişib.
Jurnalistin bacısı Sevinc Mirqədirova da “musavat.com”a açıqlamasında bildirib ki, atasının vəfatına evlərində aparılan axtarış səbəb olub: “Dünənki axtarışdan sonra stress keçirdi. Atam bu dünyadan nigaran getdi. Dünən onlar gəlməsəydilər, atama heç nə olmazdı. Atam heç kimə heç nə eləməmişdi. Bu haqsızlığı Allah götürməz”.
Rauf Mirqədirovun vəkili Elmar Süleymanov da eyni fikirdədir: “Rauf Mirqədirovun atasının evində aparılmış axtarışdan sonra vəziyyəti pisləşib və o, vəfat edib. Bu barədə məlumat alan kimi, Rauf Mirqədirovun atasının dəfnində iştirak etməsi vəkil Fuad Ağayev və mən həm Baş Prokurorluğa, həm də Milli Təhlükəsizlik Nazirliyinə teleqram vurduq. Istintaqı aparan müstəntiq Ibrahim Ləmbəranskiyə müraciət etdik. Xoşagələn haldır ki, icazə verildi”.
Rauf Mirqədirovun atasının yasında yeddisinə qədər iştirak edib-etməyəcəyini vəkil hələ dəqiq bilmir: “Dəqiq bilmirik üçünə, yoxsa yeddisinə qədər evdə olacaq”.
Vəkil onu da bildirdi ki, Rauf Mirqədirovun öz yaxınları və doğmalarıyla görüşməsinə heç bir məhdudiyyət qoyulmayıb, bu məsələdə o, tam sərbəstdir.
“Rauf Mirqədirova irəli sürülmüş ittiham üzrə bu günə qədər müdafiə tərəfinə kiçik də olsa sübut təqdim olunmayıb”, – deyə vəkil əlavə etdi.
Rauf Mirqədirova atasının dəfnində iştirak etmək üçün icazə verilsə də, onu hər addımbaşı MTN əməkdaşları müşayiət edirdi. Hətta ilk saatlarda media nümayəndələrinin ona yaxınlaşmasına, açıqlama almasına da imkan verilmirdi.
Ancaq dəfn törənində – qəbiristanlıqda Mirqədirov qısa da olsa, jurnalistlərə açıqlama verdi: “Bütün məni dəstəkləyənlərin hamısına təşəkkürümü bildirirəm. Hələlik bu günə qədər mənə heç bir təzyiq olmayıb. Atamın dəfn mərasimində iştirak etməyə imkan verdikləri üçün təşəkkür edirəm”.
Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.
Qeyd edək ki, Rauf Mirqədirovun vəkillərilə yanaşı, ictimai-siyasi xadimlər də jurnalistin atasının yas mərasiminə buraxılması üçün baş prokuror Zakir Qaralova müraciət edib.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli, Sülh və Demokratiya Institutunun (SDI) direktoru Leyla Yunus və “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevdən ibarət nümayəndə heyəti dünən saat 14.00 radələrində demokratik ictimaiyyət adından müraciəti Qaralova təqdim etmək üçün Baş Prokurorluq binasının önünə gediblər. Ancaq onlara bildirilib ki, baş prokurorun qəbul günü olmadığından görüş mümkün deyil. Nümayəndə heyətinə  müraciəti qəbul otağındakı məktub qutusuna atmaq təklif edilib. Onlar müraciəti bu şəkildə təqdim ediblər.
Xatırladaq ki, Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham elan olunub. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Lakin Mirqədirov təqsirsiz olduğunu bəyan edir. O, bu günədək istintaqa ifadə verməkdən imtina edir.

Ramin DEKO