Ramiz Mehdiyev ABŞ-ı şantaj edib

Hakimiyyət gözlənilən təhlükəni önləmək üçün ənənəvi üsuldan yararlanıb

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın müsahibəsinə artıq Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev səviyyəsində də cavab verildi. Ramiz Mehdiyev ölkənin faktiki olaraq ikinci şəxsi hesab edilir və onun hər hansı məsələyə münasibəti birmənalı olaraq bütövlükdə iqtidarın mövqeyi kimi qəbul edilir.

Ramiz Mehdiyevin səfirin müsahibəsinə reaksiyası kifayət qədər sərt olub. PA rəhbəri təkcə Riçard Morninqstarın deyil, ABŞ-ın da ünvanına sərt ittihamlar səsləndirib. Məsələn, Ramiz Mehdiyev Ukraynadakı hadisələrə görə birbaşa ABŞ-ı suçlayıb. Onun sözlərinə görə, ABŞ “Avromaydan hadisələri”nə 5 milyard pul ayırıb. Ramiz Mehdiyev Ağ Evi Azərbaycanı qarışdırmağa cəhddə də suçlayıb. PA rəhbəri deyib ki, ABŞ Azərbaycanda “facebook” inqilabına 3 milyon pul ayırıb: “Təsadüfi deyil ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Nuland ABŞ hökumətinin 1991-ci ildən Ukraynadakı demokratik proseslərə 5 milyard dollar xərclədiyini deyir. Amma təcrübə göstərir ki, çox vaxt belə pullar dağıdıcı qüvvələrin formalaşdırılmasına xərclənir. Qərbin Ukraynada qeyri-hökumət təşkilatlarının və millətçi qüvvələrin fəaliyyətini maliyyələsdirməsinin hansı fəlakətlərə gətirib çıxardığı isə heç kimdə şübhə doğurmur.

Müqayisə üçün demək istəyirəm ki, müəyyən qüvvələrin ölkəmizdə buna oxşar ssenari həyata keçirməyə cəhd göstərdikləri haqda müxtəlif vaxtlarda bizə məlumat daxil olub. Ekspert və analitiklərin rəyinə görə, 2013-cü ilin yazında “feysbuk inqilabı”na 3 milyon dollar xərclənib. Və bu, demokratiyaya dəstək adı altında təqdim olunur. Gərək heç bir siyasi savadın olmasın ki, bu dırnaqarası “inqilab”ın arxasında nəyin dayandığını başa düşməyəsən. Bütün ərəb dünyası gözümüzün qarşısındadır”.

Ramiz Mehdiyevin bu fikirləri bəzi mülahizələrə səbəb olub. Ekspertlər PA rəhbərinin bu ittihamlarını ABŞ-ı şantaj kimi qiymətləndirilir. Iqtidara yaxın məlumatlı şəxslərin sözlərinə görə, hakimiyyətdə belə bir fakt olsaydı, bunu çoxdan ictimailəşdirmiş və ortaya dəlillər qoymuşdu. Lakin belə bir fakt yoxdur və hakimiyyət sadəcə gözlənilən təhlükəni duyub ABŞ-ı şantaj edir.