aliyev-munich

İlham Əliyev hansı adamını “vuracaq”?

Ölkə başçısının Ramiz Mehdiyev, Bəylər Əyyubov və Kəmaləddin Heydərova görə Ziya Məmmədovu qurban verəcəyi iddia edilir 

Ölkə başçısı Ilham Əliyev hakimiyyətdə dəyişikliklərə hazırlaşır. Redaksiyamıza daxil olan məlumatlara görə, ölkə başçısı Qərbin təzyiqləri nəticəsində bu addımı atmaq məcburiyyətində qalıb. Iddialara görə, Ilham Əliyevdən daha cəmiyyətin daha çox narazı olduğu, eyni zamanda iqtidarda kök atmış məmurların yeniləri ilə əvəzlənməsi tələb edilir.

Ölkə başçısı isə vəziyyətdən çıxmaq üçün dəyişiklikləri özünəməxsus şəkildə həyata keçirmək niyyətindədir. Hakimiyyət mətbəxindən sızan məlumatlara görə, Ilham Əliyev  bir məmuru qurban verməklə islahat imitasiyası yaratmağı düşünür. Lakin Qərb bununla kifayətlənməsə, iqtidarda təsir imkanları az olan, lakin uzun müddətdir ki, vəzifə daşıyan məmurlar qurbanlıq olacaq. Məlumatlarda iddia edilir ki, hazırda “vurulması” real olan məmurlardan nəqliyyat naziri Ziya Məmmədovun adı çəkiilir. Bildirilir ki, son günlər iqtidarın nəzarətində olan bəzi media orqanlarında Ziya Məmmədov barədə kompromat materialların dərc olunması, həmçinin nəqliyyat nazirinin səlahiyyətlərinin hissə-hissə əlindən alınması onun “vurulmasına” hesablanıb. Bildirilir ki, Qərbin əvəzlənməsini vacib bildiyi məmurlar sırasında da ilk yerlərlə Ziya Məmmədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov gəlir. Onların əvəzlənməsi mərhələli şəkildə təklif olunur. Və ilk olaraq Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və Bəylər Əyyubovun “vurulması” daha məqsədəuyğun sayılır. Lakin Ilham Əliyev adıçəkilən məmurlardan heç birini əvəzləmək iqtidarında görünmür. Ona görə də Ziya Məmmədov qurbanlıq seçilib. Ehtimal olunur ki, yaxın vaxtlarda prosesə start veriləcək.

Təsadüfi deyil ki, bu günlərdə Ilham Əliyevin sədri olduğu “Caspian European Club”un (CEIBC) icraçı direktoru Telman Əliyev iyunun sonuna qədər Azərbaycan hökumətində yerdəşyişmələrin olacağını bildirib.

Telman Əliyevin sözlərinə görə, Ilham Əliyev yaxın vaxtlarda daha bir neçə naziri dəyişəcək və yenilərini təyin edəcək.

Icraçı direktorun sözlərinə görə, artıq bir neçə nazir “Caspian European Club”un üzvləri olan şirkətlərin rəhbərləri ilə görüşməkdən bu il iyunun sonuna qədər imtina edib, səbəb onların taleyinin artıq həll olunmasıdır.