Az maaş almaq rüşvət almağa haqq qazandırırmı?

Dünən saytlarda rüşvət alan həkim videosu yayıldı, açığı, baxmadım, maraqlı gəlmədi mənə. Həm də vaxt itkisidir. Çünki orada baş verən bizim üçün, Karlsonun təbirincə desək, adi həyat hadisəsidir, gündəlik normadır, hər gün rastlaşdığımız, iştirakçı olduğumuz (az bir hissəmiz rüşvət alan, çoxumuz isə rüşvət verən kimi!) mənzərədir, bir də durub buna tamaşaçı kimi baxmaq nəyə lazımdır? 

Üstəlik, biz bu ölkədə “mandat videosu” görmüş adamlarıq, “prezidentdən keçən siyahını pozdurmaq”, “otvyorka” söhbətlərinin şahidiyik, hansısa həkimin rüşvət alma səhnəsi ilə bizi təəccübləndirmək, heyrətləndirməkmi olar?

Bütün bunlardan sonra oxucu haqlı olaraq soruşa bilər ki, baxmağa maraq göstərmədiyim videogörüntülər barədə niyə yazıram. Haqlı sualdır. Məsələ burasındadır ki, həmin videokadrlar barədə sosial şəbəkələrdə müzakirələr zamanı önə çıxan fikirlərdən biri bu idi: həkimin, müəllimin maaşı azdırsa, o rüşvət almayıb nə etməlidir? 

Bəs görəsən, bu tezisi haqlı saymaq olarmı? 

Əlbəttə, cavab birmənalıdır: olmaz!

Heç nə, o cümlədən, az maaş kiməsə rüşvətlə, kirli pullarla həyatını təmin etməyə haqq qazandırmır. Əgər söhbət həm də ölkədə sosial ədalətsizliyi dərinləşdirmiş, yoxsulluğu məmləkətin baştacına çevirmiş bir Sistemin varlığını qoruyub saxlamaqda əvəzsiz xidmətləri olan zümrələrdən – müəllimlərdən, həkimlərdən gedirsə, ümumiyyətlə olmaz!

Əgər onlar maaşlarından, rifahlarından narazıdırlarsa, rüşvət kimi çirkin bir əmələ məcbur qalırlarsa, onda zəhmət çəksinlər, onları bu duruma salanların əlində alət olmaqdan imtina etsinlər, seçki saxtakarlığında həvəslə iştirakdan çəkinsinlər. Seçki qutusuna topa-topa bülleten doldurmaq ən azı rüşvət almaq qədər ağır suçdur, ayıbdır, utancvericidir.    

Araşdırsanız, həmin rüşvət videosu çıxan həkimin Az.TV-də-zadda ölkə zəhmətkeşi, paytaxt sakini kimi 92-93-cü illərdə xalqın gecələr çölə çıxa bilməməsi, acından qanqal otlaması, ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra isə Azərbaycanın günbəgün çiçəklənməsi, regionun lider dövləti olması barədə nə qədər çıxış etdiyi ortaya çıxar. 

Digərləri də həmçinin. 

Danışanda çiçəklənmədən, analoqsuz inkişafdan danışırlarsa, o zaman az maaşı bəhanə edib rüşvət almaq nə deməkdir?

Ümumiyyətlə, cəmiyyətdəki heç bir neqativin bəhanə və bəraəti olmamalıdır. Bəli, Sistem amansızdır, qəddardır, onun diqtə etdiyi şərtlər altında yaşamaq çətindir, ağırdır, dözülməzdir. Amma çıxış yolları da aydındır. Elliklə susmamaq, yalan danışmağın, yaltaqlanmağın, tabe olmağın, etiraz etməməyin qarşılığında verilən qəpik-quruşa görə “sağ ol” deməmək. “Heç olmasa, aldığımız nəfəs pulla deyil” deyib şükr etməmək. 

Əks halda Sistemin yaşamaq üçün diqtə etdiyi alçaldıcı şərtlərə boyun əyərək qazandırılmağa çalışılan heç bir bəraət və bəhanəyə haqq qazandırmaq mümkün deyil. Nə deməkdir axı bu: 

“Rüşvət alıram – çünki maaş azdır”.

“Yaltaqlanıram – çünki vəzifə istəyirəm”.

“Yalan danışıram – yoxsa işimi itirərəm”.

“Seçkini saxtalaşdırıram – axı balalarım var”.

 Yaltaqlanmayan, əvəzində özü, ailəsi işsiz qalanlar var, bəs onlar nə etməlidirlər?

Bəlkə seçkini saxtalaşdırmayanlar, saxtakarlığa qarşı dirəşənlər arvad-uşaq yox, toyuq-cücə saxlayırlar?

Kimsə elə başa düşməsin ki, bu yazı başına gələnlərə-gətirilənlərə susqun çoxluğu bir nömrəli günahkar kimi göstərmək cəhdidir. Qətiyyən. Azərbaycanın düşdüyü vəziyyətin əsl səbəbkarı bəllidir, Əliyevçi rejim dözülməz situasiya yaradıb. Həm də hamı üçün.  

Amma heç kim bu situasiyada kiminsə təkcə hüquqla yox, mənəviyyatla da bir araya sığmayan əməlinə hansısa məcburiyyət donu, haqq qazandırmamalıdır. Bu bəraətdən çox, həvəsləndirmədir. Yəni, “bir halda ki, bəhanə və bəraəti var, niyə də rüşvət almayasan?”  

Yalan danışmaq, yaltaqlanmaq da o cümlədən.