Hakimiyyətin faktiki ikinci şəxsi səfirə sərt ittihamlar yağdıraraq, «dözməyəcəyik» deyib hədələdi
Nəhayət, Azərbaycan hakimiyyəti faktiki ikinci səviyyədə ABŞ-a hücum etdi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “AzərTAc” dövlət agentliyinə verdiyi müsahibədə ABŞ səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibəni şərh edib, səfirin və Ağ evin ünvanına sərt hədələr və ittihamlar səsləndirib.
“Boz kardinal” ilk növbədə ABŞ-ı saxta münasibətlərdə ittiham edərək deyib: “Bizə ”növbətçi təbəssüm” yox, səmimi tərəfdaşlar lazımdır”.
Görünür, Ramiz Mehdiyev səfirin “Biz olmasaq, sizin müstəqilliyinizin taleyi necə olar?” kontekstində fikirlərinə qıcıqlanıb və bütövlükdə Qərbi post-sovet məkanında aranı qarışdırmaqda ittiham edib. Bununla əlaqədar öz hədələrini də əlavə edib: “Səfir Morninqstar unutmamalıdır ki, Azərbaycan müstəqil dövlətdir, kiminsə müstəmləkəsi yox. Biz Azərbaycana qarşı hörmətsizliyə dözə bilmərik”.
Ramiz Mehdiyev fürsət düşmüşkən başqa Qərb diplomatlarını da hədəfə alıb: “Bu, bəzi Qərb dövlətlərinin səfirlərinə də şamil olunmalıdır. Söhbət Amerika səfirinin hərəkətlərinə uyğun olaraq hərəkət etməyə çalışanlardan gedir. Biz Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik”.
Daha sonra Ramiz Mehdiyev eyham vuraraq deyib: “Azərbaycan prezidenti Ilham Əliyev Azərbaycan dövlətinə və xalqına saymazyana, hörmətsiz münasibətə dözmək niyyətində olmadığını dəfələrlə vurğulayıb, düşünürəm ki, amerikalı həmkarlarımız dövlətimizin rəhbərliyinin mövqeyi barədə məlumatlıdır. Əgər ABŞ səfiri heç nəyə məhəl qoymayaraq, Azərbaycanla bağlı bu cür kobud rəftara yol verirsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri var. Təəssüf ki, səfir Morninqstarın yolverilməz formada ölkənin daxili işlərinə qarışıb, diktə etmək səyləri ilk dəfə müşahidə olunmur. Bu, onun diplomat kimi peşəkarlığını böyük sual altına qoyur”.
Göründüyü kimi, o, Morninqstarın geri göndərilməsinə eyham vurur, “statusunda problem var” deməklə fikrini arqumentləşdirir. Bununla yanaşı, onu təxribatda ittiham edir: “Bu cür bəyanatlar açıq-aydın təxribatdır. Azərbaycan, üçüncü qüvvələrin arzularından asılı olmayaraq, qonşuları ilə mehriban qonşuluq siyasəti yürüdüb və həmişə də yürüdəcək. Dünyadakı hazırkı vəziyyət bizim addımlarımızın düzgün və səmərəli olduğunu bir daha sübut edir”.
Və nəhayət, Mehdiyev səfiri həddini aşmaqda ittiham edib: “Sözügedən müsahibənin kontekstinə əsaslanaraq deyə bilərəm ki, səfir həddini çox aşıb. O, özünü qışqıraraq Azərbaycanı idarə edən hansısa qubernator hesab edir”.
Siyasət şöbəsi