Olmayanı göstərmək sərgisi

Kənd təsərrüfatı və qida sənayesi sərgisində Azərbaycanın nəyi var idi?

 

 

Vahid Məhərrəmov: «Dünya ölkələrinə göstərmək istəyirlər ki, biz də kənd təsərrüfatı məhsulu istehsal edə bilirik»

«Əslində Azərbaycan Avropa standartlarına uyğun heç bir məhsul istehsal edə bilmir»

Məlum olduğu kimi, artıq bir neçə gündür Bakı Sərgi Mərkəzində “World Food Azerbaican-2014” XX Azərbaycan beynəlxalq qida sənayesi və “Agrihort Azerbaican-2014” VIII Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgiləri davam edir. 

  Qeyd edək ki, “World Food Azerbaican-2014” sərgisi məşhur “World Food” sərgi brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini birləşdirir. 

   Sərgi 20 illik yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı şirkətlə qeyd edir. İlk dəfədir ki, sərgiyə dünyanın 36 ölkəsindən nümayəndələr qatılıblar. Ənənəvi olaraq, bu siyahıda üstünlük Avropa (57 faiz) və MDB (15 faiz) ölkələrinin şirkətlərinə məxsusdur. 

   İştirakçılar öz məhsullarını 3 əsas istiqamətdə nümayiş etdirirlər: qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və ərzaq texnologiyaları (“WorldFoodTech”). Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay, qəhvə, süd və yağ-piy məhsulları təqdim olunur. Stendlərdə, həmçinin qida sənayesi üçün avadanlıq və inqrediyentlər nümayiş etdirilir. 

Azərbaycan bu tip sərgilərə çıxarıla biləcək hansı keyfiyyətli məhsulları ilə öyünə bilər?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkəmizin emal nəticəsində bəzi kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxardığını deyir. Xüsusən nar və nardan əldə edilən məhsullar, o cümlədən şirə Avropa ölkələrinə, hətta ABŞ bazarına çıxarılır. Digər kənd təsərrüfatı məhsullarına gəldikdə, Azərbaycan hələ özünü təmin edə biləcək qədər məhsul istehsal edə bilmir və digər ölkələrdən asılı vəziyyətdə qalıb. Ərzaq təminatını tam həyata keçirmək üçün digər ölkələrdən kənd təsərrüfatı məhsulları idxal edir.

Ekspertin fikrincə, Azərbaycanın bu sərgiləri keçirməkdə məqsədi özünün də gələcəkdə kənd təsərrüfatı məhsulu istehsalı ilə ciddi məşğul olacağını nümayiş etdirməkdir. Əhaliyə, dünya ölkələrinə göstərmək istəyirlər ki, biz də hansısa kənd təsərrüfatı məhsulunu istehsal edə bilirik. Əslində Avropa standartlarına uyğun heç bir kənd təsərrüfatı məhsulu istehsal edə bilmirik: «Hətta bir neçə il bundan qabaq ixrac etdiyimiz fındıq məhsulunu geri qaytarmışdılar. Çünki tərkibində insan orqanizmi üçün zərərli olan maddə aşkar olunmuşdu. Saxlama müddətində qaydalara əmələ olunmadığı üçün məhsul xarab olub və elə bu səbəbdən geri qaytarılıb».

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan brendi ilə xaricə heç bir məhsul çıxarılmır. Çünki Azərbaycan sərgiyə qatılan digər ölkələrlə müqayisə olunacaq dərəcədə keyfiyyətli məhsul istehsal edə bilmir: «Son zamanlar çox az sayda konyak, şərablar, Rusiya və MDB ölkələrinə 300 mln dollarlıq tərəvəz, kartof, pomidor, xiyar, mövsümdə bəzi meyvələr göndərilir. Ancaq bu da yetərli deyir».

Fizzə