Illər öncə avropalı bir jurnalisitin ermənilərin Xocalıda məsum körpələrə divan tutmasını əks etdirən fotoşəkillərə baxarkən gözlərinin necə yaşardığını öz gözlərimlə görmüşəm. Yəqin ki, bu səhnəni ömrümün sonunadək unuda bilməyəcəm. Bu vəhşiliyə soyuqqanlı avropalının biganə qala bilməməsi məndə qəribə hisslər oyatmışdı. Bəli, əziz oxucu, biz insanlar irqindən, dərisinin rəngindən, cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq, ilk növbədə həmcinsik, planetin ən şüurlu varlığı hesab olunuruq. Bizi digər canlılardan da fərqləndirən məhz budur.
Saysız-hesabsız müharibələr olur, hərbçilər amansızcasına bir-birini öldürür, heyfslənmirik, deyirik müharibədir, onun öz qanunları var. Lakin dinc əhaliyə, xüsusən də uşaqlara edilən vəhşiliklər heç bir zaman unudulmur və illər keçsə də onu törədənlərin mənsub olduqları xalq, cinayətkarların varisləri mənəvi məsuliyyətdən yaxa qurtara bilmir.
Yəqin ki, bir çoxlarınız faşist gettolarında yəhudilərə edilən vəhşiliklərdən bəhs edən filmlərə baxmısınız. Bu qəbildən olan filmlərdən biri, bəlkə də ən təsirlisi, 9 nominasiyada Oskar mükafatına layiq görülmüş “Həyat gözəldir” filmidir. Həyat yoldaşından ayrı düşmüş Qvido kiçik oğlu ilə gettoya salınır. Qvido övladını qaz kamerasına düşməkdən xilas edir və onun sağ qalması, faşistlərin gözünə görünməsini əngəlləmək üçün fantaziyasını işə salır. Uşağa başa salır ki, bu bir oyundur və sonda qalib gəlsək, lazım olan min xalı toplasaq, burdan çıxa bilərik. Qvido sona qədər oğlunu gizlətməyə nail olur, oğlu da bunun oyun olmadığını sonadək anlamır. Hətta Qvido özünün güllələnməsini də məzəli formada oyunun sonu kimi ona sırımağı bacarır…
Bütün dünyanın göz yaşlarını saxlaya bilmədiyi filmdəki cərəyan edən hadisələr Xocalı faciəsinin yanında bəlkə də toya getməlidir. Gettoların qaz kameralarında ölüm ani olurdu, uşaqlar nə baş verdiyinin fərqində olmağa belə macal tapmırdılar. Biz ildə bir dəfə “Xocalıya ədalət” deyə bağırırıq, amma 22 ildir ki, dünyanı heyrətə gətirə biləcək bir film ortaya qoymağa cəsarət etmirik.
Yuxarıda bəhs etdiklərim, bir-birinə düşmən kəsilmişlərin törətdikləridir, konkret olaraq, Hitlerin yəhudi xalqına, erməni quldurların azərbaycan türkünə olan nifrətidir.
Mən Əliyevlər rejiminə hər şeyi bağışlaya bilərəm, günahsiz yerə insanları zindana atmağını, saxta seçkiləri, ölkəni çapıb-talamağını, yerlibazlığını, qohumbazlığını, qəddarlığını… bir şeydən – təhsildən başqa.
Bu yaranı yüz il də keçsə, sağalda bilməyəcəyik. Təxminən beş-on ildən sonra ölkə, demək olar, saxta diplomluların ümidinə qalacaq. Və vəziyyəti düzəltmək üçün bəlkə də yüz il belə yetməyəcək. Məlum oldu ki, rejim bununla da kifayətlənmir…
…Bir neçə gündür ki, mətbuatda, sosial şəbəkələrdə Suraxanı rayonundakı 7 saylı internat məktəbinin 7 yaşlı şagirdi Nahid Cavadovun müəlliməsi tərəfindən vəhşicəsinə döyülməsi müzakirə mövzusudur. Uşağın sir-sifətinə həyəcansız baxmaq mümkün deyil. Qapqara olmuş gözləri, müəlliməsi Afaqın onu necə döyməsini qorxa-qorxa danışması ürəkləri sızladır. Mən dəfələrlə bu məsum körpənin danışığını izlədim, uşaq döyülməyinə etiraz etmirdi, sadəcə… necə döyülməyini danışırdı. O, müəlliməsindən gələn zərbələri həyatının bir parçası olaraq qəbul edir, lakin bu dəfə həddindən çox döyüldüyünü şirin-şirin danışırdı. Başına taxta parçası ilə dəyən zərbələrdən, özündən əvvəl, Nurlan və Arzu adında daha iki məsumun necə döyülməsindən danışırdı…
Təhsil və Daxili Işlər Nazirliyinin bu qeyri-insani davranış haqda birgə(!) verdiyi açıqlama ilə tanış olun: “Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N.Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DIN-in əməkdaşlarına da söyləyib.
Beləliklə, uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib. Eyni nəticəyə müstəqil olaraq təhqiqatı aparan DIN-in Suraxanı Rayon Polis Idarəsinin əməkdaşları da gəliblər”.
…Belə çıxır ki, uşaq gözü üstə (!) yıxılıb. Özü də əvvəl bir gözü, sonra isə, o biri gözü üstə… Təhsil nazirini başa düşmək olar, o, bu sahəyə “təsadüfən” gəlib, işi-gücü intriqadır, amma nazir kürsüsündə saç ağartmış Ramil Usubov gərək buna qol qoymayadı. Oxucuların nəzərinə çatdırım ki, Ramil müəllim, 66 il əvvəl… Xocalıda anadan olub…