Bu barədə ilk dəfə

O gün gələcək!

Milli Azadlıq Hərəkatının fəallarından olan, öz əlləriylə tikdiyi üçrəngli bayrağı ilk dəfə Azadlıq meydanına aparan “Gültəkin ana” – Gültəkin Səfərli bugünlərdə haqq dünyasına qovuşdu. Yenə xatirələr, onun haqqında yazılanlar yada düşdü. Belə yazılardan biri 1991-ci ildə yazılıb. Jurnalist Valid Qardaşlının “Bakı” qəzetində çapdan çıxan həmin yazısını Gültəkin anaya Tanrıdan rəhmət diləməklə bir daha oxucularımızın diqqətinə çatdırırıq.

Onu istər Azadlıq meydanında, istərsə də Ali Sovetin binası qarşısında izdihamlı mitinqlərdə tez-tez görmək olar. Həmişə də öndə, adamların ilk cərgəsində, üçrəngli, ay-ulduzlu milli bayrağımızla yanaşı. Hamının sonsuz hörmətlə “Gültəkin ana” – deyə müraciət etdiyi bu bəstəboy, üzündən nur yağan ağbirçək qadın pensiyaçı müəllim Gültəkin Səfərlidir.

– Atam Mirzə Həsən dövrünün tanınmış ziyalılarından olub,- deyə Gültəkin ana elə bil şirin bir nağıl danışır. Ötən günlərin xatirələri yaddaşında çözələndikcə səsi həzinləşir, kövrək olur.

– Rəhmətlik Hüseyn Cavid və Məmmədağa Sidqi ilə çox yaxın dost idi, tez-tez onlarla bağlı xatirələrindən söhbət açardı. Ölümündən bir qədər əvvəl isə Azərbaycan Müsavat Partiyasının ən fəal üzvlərindən biri olduğunu söyləyir, üçrəngli bayrağımız barədə şövqlə danışırdı. Bu müqəddəs bayrağımız haqqında ilk dəfə ondan eşitmişdim…

Üçrəngli milli bayrağımız! Şərqdə ilk demokratik dövlət qurumunu dünyaya bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin bu müqəddəs bayrağı 70 ildən çox qadağalara məruz qalmışdı. Lakin mühafizəkar kommunist təbliğatı onu Azərbaycan Demokratik Respublikasının çox da uzun çəkməyən fəaliyyəti sayəsində əsl azadlığın nə olduğunu yaxşı duyan xalqın qəlbindən silə bilmədi. 70 ildən çox yaddaşlarda yaşayan bayrağımız ilk dəfə 1988-ci ilin noyabr xalq hərəkatında Azadlıq meydanında yüz minlərlə adamın başı üzərində dalğalandı. Bayrağı əziyyətlə tikən qadın isə tribunanın beş addımlığında dayanıb gözlərini ondan çəkmir, yanaqlarından sevinc yaşları süzülürdü. Bu qadın Gültəkin ana idi. O vaxt həmin bayrağın necə yaranmasından danışaraq deyir:

– Oğlum Səfər idarələrin birində mühəndis işləyir. Bir gün gəldi ki, “Anacan, belə bir bayraq lazımdır, heç cür tapa bilmirik. Bəlkə özün tikəsən?”. Bu vaxt atamın mənə təsvir etdiyi həmin üçrəngli bayraq gözlərim önümdə canlandı. Həqiqətən, elə bil kimsə məni bu işə başlamağa ruhlandırdı. Qırmızı və göy parça evimizdə var idi. Yaşıl parçanı çox əziyyətlə tapdım. Hətta qonşulardan da soraqlaşdıq. Nəhayət, qızım iş yerindən yaşıl tuş gətirdi. Biz onunla ağ parçanı boyayıb bayrağa uyğunlaşdırdıq. Ertəsi gün isə Azadlıq meydanına apardıq. Təsəvvür edirsinizmi, izdiham bayrağı görcək necə təlatümə gəldi? Sanki nəhəng bir ümman coşub dalğalandı. Bu, ömrümün ən xoşbəxt anı idi…

Məhz bu andan başlayaraq Gültəkin ana həyatını milli bayraq tikməyə həsr etməyi qərara aldı. Hər ay aldığı 130 manatlıq cüzi pensiyasını bütövlüklə bu xeyirxah işə sərf etdi. Şəhərin əksər sənaye malları mağazalarını gəzib gah qırmızı, gah göy, gah da yaşıl parça axtarırdı. Ərki çatdığı qohum-əqrabadan, dost-tanışdan da belə parçalar tapmağı xahiş edirdi. Tikdiyi irili-xırdalı bayraqlar isə Bakıda, respublikamızın rayonlarında meydan-meydan dolaşdı. Gah Azərbaycan Xalq Cəbhəsinin rayon şöbələrinə, gah da xaricdən gələn qonaqlara hədiyyə kimi bağışlanıldı. Xarici səfərlərdə iştirak edən AXC nümayəndələri də Gültəkin ananın böyük zövq və səliqə ilə tikdiyi bu bayraqları ən qiymətli sərvət kimi ora aparırdılar.

– Rəhmətlik Dilarə xanım axırıncı dəfə Türkiyəyə gedəndə yüz ədəd belə bayraq aparmışdı,- deyə o, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, xalqımızın imperiya buxovlarından xilası naminə cəsarətlə çarpışan görkəmli alim, avtomobil qəzası nəticəsində faciəli surətdə həlak olmuş mərhum Dilarə xanım Əliyevanı xatırlayaraq kövrəldi.

– O həmişə deyərdi ki, əgər hər bir azərbaycanlı ana, hər bir azərbaycanlı qadın yurdumuzun istiqlaliyyəti uğrunda hərəkata zərrə qədər kömək etmək istəyirsə, qorxu və təzyiqlərdən çəkinməməlidir. Övladlarını da bu ruhda – Vətənin azadlığı uğrunda mübarizə ruhunda tərbiyə etməlidir. Şükür Allaha ki, bizim Nərmin məhz belə böyüyür…

Gültəkin ana bayaqdan yanında sakitcə dayanmış nəvəsinin saçlarını oxşadı. Ilk baxışdan sakit görünən, əslində tay-tuşlarının bir çoxundan fərqli, coşqun ürəyi olan Nərmini  Azərbaycan Xalq Cəbhəsinin son mitinqlərindən tanıyırdım. O mitinqlərdən ki, yüz minlərlə adam bu balaca qızın məlahətli səslə oxuduğu “Azərbaycan milli marşı”nı qürurla təkrarlayırdı:

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə çümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!…

Üçrəngli bayrağınla məsud yaşa!

Nərmin Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin ikinci sinfində oxuyur, əlaçıdır. Nənəsi danışır ki, bir dəfə sinifdə “Gələcəkdə nə olacaqsan?” mövzusunda inşa yazarkən o, yaşına yaraşmayan qətiyyətlə dəftərinə bu sözləri qeyd etmişdi: “Arzum bəstəkar olmaqdır. Ancaq ilk əsərimi Yanvar şəhidlərinin əziz xatirəsinə ithaf edəcəyəm…”

Xalqımızın taleyinə qanlı faciə adı ilə həkk olunmuş 1990-cı ilin 20 Yanvarı bir çox analarımız kimi, Gültəkin ananın da qara geyinməsinə səbəb olub. O vaxtdan o, bu libasını dəyişmir. Söz düşəndə köks ötürərək əlavə edir:

– Nə vaxt ki, azad, müstəqil dövlət olacağıq, onda əynimdəki bu qara libası dəyişəcəm.

– Bəs parlamentimizin bu yaxınlarda Azərbaycanın Dövlət müstəqilliyi barədə qəbul etdiyi aktı bunu göstərmirmi?

O bir qədər tərəddüdlə cavab verir:

– Düzdür, deputatlarımız sağ olsunlar. Bu məsələdə nəhayət, qəti qərara gəldilər. Ancaq bu, hələ ilk addımdır…

Elədir, Gültəkin ana, bu ilk addımdır, ilk kövrək addım. Görəsən, onu möhkəmləndirib doğma torpağımızın, zəngin sərvətlərimizin həqiqi sahibi ola biləcəyikmi? Gəl, buna inanaq, Gültəkin ana. Onda yəqin ki, qara günlərimizin rəmzi olan o qara libasınızı əsl toy-büsat, bayram donu ilə dəyişəcəksiniz! O günə çox qalmayıb, Gültəkin ana. O gün gələcək!..

Valid Qardaşlı

“Bakı” qəzeti,

05.11.1991