“Məqsəd öz prinsiplərinə sədaqət baxımından böyük nümunələr yaratmış bir qəzeti sıradan çıxarmaqdır” FOTO
“Azadlıq” qəzeti növbəti dəfə bağlanmaq təhlükəsilə üz-üzə qalıb. Uzun illərdir qəzetə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edən hökumət son bir ildə ümumiyyətlə, “Azadlıq”a nəfəs almağa imkan vermir. Yayıma qadağalar bir yana, heç qəzetin satılmış nüsxələrinin pulu da verilmir. Nəticə etibarilə qəzet son dərəcə ağır maliyyə böhranı yaşayır. “Azərbaycan” Nəşriyyatı “Azadlıq”a 18 min manatlıq borcun ödənilməsi üçün iyunun 1-nə qədər vaxt verib. Əks halda, redaksiya əməkdaşları Nəşriyyata buraxılmayacaq, qəzet də çap olunmayacaq.
“Azadlıq” qəzeti rəhbərliyinin dünən RATI-nin ofisində təşkil etdiyi müzakirələr də problemi yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
“Məqsəd məhz bizi susdurmaqdı”
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev əvvəlcə qəzet ətrafında yaranmış vəziyyət haqda ətraflı məlumat verib: “Son aylarda qəzetə təzyiqlər hədsiz artıb. ”Azadlıq”ın sıradan çıxarılması üçün çox ciddi addımlar atılıb. 2013-cü il oktyabrın ortalarından metroda qəzet satışı qadağan edildi. Sonra bəlli oldu ki, bu, bilavasitə bizi susdurmağa hesablanıb. Biz hər ay metroya 45 min nüsxə qəzet verirdik. Bizi bu gəlir mənbəyindən məhrum etdilər. Bu ilin yanvar ayının ortalarından Bakı şəhər Icra Hakimiyyəti əl yayımına qadağa qoydu. Onlara da hər gün 2000 nüsxə qəzet verirdik. Bu da ay ərzində 60 min nüsxə deməkdir. Faktiki “Azadlıq” ayda 105 min nüsxədən məhrum olub. Astronomik məhkəmə cərimələri nəticəsində ötən il 4 ay “Azadlıq”ın bank hesabı həbsdə olub. KIV-ə Dövlət Dəstəyi Fondu bunu bəhanə gətirərək bizimlə əməkdaşlığı dayandırdı. Vaxtilə reklam edirdilər ki, guya, dövlət mətbuata dəstək göstərir, ayrı-seçkilik qoyulmur. Amma baş verənlər göstərdi ki, qətiyyən belə deyil. Bir sözlə, atılan bütün addımların məqsədi məhz “Azadlıq”ı susdurmaqdır. Son iki ayda qəzetin əməkdaşlarına ödəniş etmək imkanı olmayıb”.
Rahim Hacıyev dövlət yayım firması olan “Qasid”in “Azadlıq”a olan 70 min manatlıq borcu haqda da danışıb: “Dəfələrlə ”Qasid”in ofisinin qarşısında etiraz aksiyaları keçirmişik. Hər dəfə firmanın rəhbərliyi ilə görüşlər olub və bizə çox ciddi vədlər veriblər. Guya, onlar hansısa ciddi addımlar atacaqlar, qərarlar qəbul olunacaq. Hətta kredit götürüb bizim vəsaiti ödəməklə bağlı vədlər olub. Amma hamısı elə vəd olaraq qalıb”.
Rahim Hacıyevin sözlərinə görə, “Azadlıq”ın düşdüyü vəziyyət qəzetə qarşı məqsədyönlü siyasətin nəticəsidir: “Əvvəldən də görünürdü ki, qəzetə qarşı müəyyən plan var. Bütün atılan addımların məqsədi Azərbaycan mətbuatı tarixində öz prinsiplərinə sədaqət baxımından böyük nümunələr yaratmış bir qəzeti sıradan çıxarmaqdır”.
“Repressiv hakimiyyətin ”Azadlıq”ı bağlamasına yol vermək olmaz”
Tədbirdə iştirak edən Milli Şuranın sədri Cəmil Həsənli də “Azadlıq”ın uzun müddətdir ki, basqı altında fəaliyyət göstərdiyini vurğulayıb: “O yerdə ki, narkotik, evə, maşına silah atmaq rol oynamır, iqtisadi təzyiqlər məsələsi gündəmə gəlir. Son illərdə ”Azadlıq”ın başına gətirilənlər də iqtisadi təzyiqlərin nəticəsidir. Bir tərəfdən qəzetin çap olunduğu dövlət nəşriyyatı pulunu istəyir, o biri tərəfdən satan, bilavasitə dövlətə bağlı olan müəssisə qəzetin pulunu vermir. Azərbaycan hakimiyyəti 20 ildə özünün media qurumlarını yarada bilmədi. Baxırsan, 8, yaxud 16 səhifəlik qəzet çıxır, bir ay ərzində həmin qəzetin saytına cəmi 9-10 adam daxil olub hansısa materialı oxuyur. Azərbaycan hakimiyyəti görəndə ki, özü media yarada bilmir, müxalifət mediasının tanınmış orqanlarını və simalarını ələ almaq siyasəti yeritdi. Bu gün hakimiyyət özünün media kampaniyasını keçmiş müxalifətçilər vasitəsilə aparır. Ram olunmayan mətbuat orqanı, informasiya agentliklərinə qarşı böyük təzyiqlər var. Azərbaycanda 24 illik tarixi, ənənəsi olan, sözün tam mənasında Azərbaycanın kimliyinin, problemlərinin dünyaya çatdırılmasında böyük rol oynayan “Zerkalo”nun başına gətirilənlər hamının gözü önündədir. Həmçinin “Turan” informasiya agentliyi…”
Cəmil Həsənlinin sözlərinə görə, hakimiyyətin məqsədi bu cür təzyiqlər yolu ilə özünə tabe etdirmək, əks təqdirdə sıradan çıxarmaqdır: “Azadlıq” çap media orqanları arasında bu gün sonuncu dayaq nöqtələrindən biridir. Qəzet ətrafında baş verənlərin də məqsədi müstəqil, obyektiv mətbuatın sonuncu nümunələrini tamamlə məhv etməkdir. Ona görə Azərbaycan cəmiyyəti bu qəzeti yaşatmağın forma və imkanların müzakirə etməlidir. Mətbuat tarixində böyük rolu, xidmətləri olan, bu tarixi özündə əks etdirən, Azərbaycan ictimaiyyətinin fikrinin formalaşmasında, müstəqilliyin qorunmasında böyük rolu olan “Azadlıq”ın qapanmasına yol vermək olmaz. Repressiv hakimiyyətin belə bir qəzeti bağlamasına imkan verməməliyik. “Azadlıq” sözün tam mənasında azad fikirliliyin dayaq, istinad nöqtəsidir. Bu da əldən gedəndən sonra Azadlıq anlayışından bizim ölkəmizdə çox az şeylər qalacaq”.
“Azadlıq”ı qorumaq həm vətəndaş, həm də insani borcdur”
Tanınmış vəkil Aslan Ismayılov bildirib ki, vətəndaşlar azad söz, azad mətbuat istəyirsə, deməli, mütləq “Azadlıq” qəzeti yaşamalıdır: “Turan” informasiya agentliyi və bir də “Azadlıq” qəzetini istisna etməklə, gözəl bilirəm ki, kiminləsə bağlı material olanda, həmin şəxs barədə hara müraciət etmək olmaz. Çünki hamının sahibləri bəllidir. Azad söz, azad mətbuat istəyiriksə, “Azadlıq” yaşamalıdır. Azad yaşamaq istəyənlər, azad mətbuatı qorumalıdır”.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli deyib ki, “Azadlıq”ı qorumaq həm vətəndaş, həm də insani borcdur: “Çünki ”Azadlıq” azad medianın son qalalarından biridir. Hər bir cəmiyyətin sağlamlığı onun azad fikrə olan münasibətilə ölçülür. Azad media cəmiyyətin ağ ciyəridir. Azad media varsa, cəmiyyət nəfəs alır, azad media yoxdursa, deməli, cəmiyyət sağlam deyil. Təəssüflər olsun ki, biz cəmiyyətimizi “sağlam” adlandıra bilmərik, çünki media sağlam deyil. Nəinki sağlam deyil, hətta xəstədir. Şəxsən son bir ildə özümlə bağlı yaşadıqlarımı misal göstərə bilərəm. Təsəvvür edin, böhtan atan insanların böhtanını hakimiyyət mediası həvəslə işıqlandırır, ancaq bunun qarşılığında özlərinin – Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmü yayımlamırlar. Bu da ondan xəbər verir ki, özünü azad media təmsiliçisi adlandıranlar əslində, azad mətbuatdan uzaqdır. Bu riyakarlığı görmək çox üzücüdür. “Azadlıq”ı qorumaq insani borcumuzudur. Ona görə ki, çətin məqama düşəndə hər birimizin üz tutduğumuz ünvan “Azadlıq” olur. Heç kim bizə o dəstəyi vermək istəməyəndə “Azadlıq” heç vaxt çəkinmədən tribuna verir. Ən çətin günlərimdə “Azadlıq”dan ailəm qədər dəstək görmüşəm”.
“Bu bir SOS siqnalıdır, Azərbaycan cəmiyyəti sınağa çəkilir”
AXCP sədri Əli Kərimli də “Azadlıq”a qarşı təzyiqlərdən danışıb. AXCP sədrinin sözlərinə görə, son illərdə “Azadlıq”a təzyiqlər o qədər çox olub ki, qəzetin bağlanmaqla təhdid olunması təəccüblü deyil, əksinə, qəzetin hələ də yaşaması təəccüblüdür: “Ilk növbədə kollektivin, sonra da, hər zaman tənqidə məruz qalan alternativ elitanın köməyinin nəticəsidir ki, bu cür basqı altında qəzet illərdir davam gətirir. Uzun illərdir başının üzərində belə bir təhlükə var, amma bu günə qədər gəlib çatması, bu günə qədər informasiya blokadasını dağıtmasının özü böyük bir möcüzədir. ”Azadlıq”ı ona görə bağlamaq istəyirlər ki, daha Azərbaycanda həyata keçirilən anti-xalq, soyğunçu siyasətə görə heç bir mətbuat orqanı, qəzet birbaşa Ilham Əliyevi tənqid edə bilməsin. Səbəbi başqalarında axtarsınlar. “Azadlıq”ı ona görə bağlamaq istəyirlər ki, daha Ilham Əliyevin özünün, ətrafının, hakimiyyətinin korrupsiyasından heç kim yazmasın. Qəzeti ona görə bağlamaq istəyirlər ki, Azərbaycan cəmiyyəti dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin ölkəmizdəki rejim, onun mahiyyəti haqqında yazdığı tənqidi yazılardan xəbər tutmasın. Şimali Koreya modelinə yaxınlaşmaq, alternativ informasiyalardan məhrum olunmaqdan keçir. Niyə görə “Azadlıq”ı bağlamaqla buna nail olmaq istəyirlər? Çünki başqaları bu işləri görmür. Bəs biz – xalq, toplum olaraq imkan verməliyikmi ki, biganəliyimizdən istifadə edərək, hökuməti bu dərəcədə narahat edən mətbuat orqanı susdurulsun? Elə vasitələrlə susdurmağa cəhd göstərirlər ki, sanki hökumət nəsə etmədi. Iqtisadi səbəblərdən qəzet müflis olaraq, fəaliyyətini davam etdirə bilmədi. Bütövlükdə xalqdan ümumi şəkildə gözləntilər irəli sürmək lazım deyil. Xalqın – ictimai-siyasi fəalları, bloqçusu, jurnalisti, siyasətçisi, ictimai xadimi, hüquq müdafiəçisi, özünü cəmiyyətin təmsilçisi bilən insanlar var. O insanlar özlərinə bu sualı verməlidir ki, doğurdanmı bu dərəcədə haqsızlığa öz biganəliyimizlə imkan verməliyik? Biz yüzminlərə çıxmalıyıq, onlara müraciət etməyin yolunu tapmalıyıq. Bizim payızda keçirdiyimiz kampaniya nəticəsində yüzlərlə insan “Azadlıq” qəzetinə abunə oldu. Qəzet 2 ildir daimi təzyiq altında yaşayır. Həmin o abunələr, xeyriyyə marafonları qəzetin qolundan tutub. Ancaq niyə bir neçə yüz adam abunə olmalıdır, bəlkə bir neçə min adam olsun. Azərbaycan cəmiyyətinin potensialı niyə bu qədər məhdud olmalıdır? Hesab edirəm ki, bu bir SOS siqnalıdır. Azərbaycan cəmiyyəti sınağa çəkilir. Bütün sahələrdə ən yaxşılar, peşəkarlar hədəfdədir. Bu, cəmiyyətimiz üçün ağır sınaqdır, ancaq bu sınaqdan üzü ağ çıxanda, ondan sonra heç kim bacarmayacaq ki, bu cəmiyyəti Şimali Koreyaya çevirsin”.
“Azadlıq”la bağlı kampaniya müəyyən qədər effekt verdi”
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib ki, hər dəfə belə kampaniyalara başlayanda ictimai-siyasi düşərgənin üzvlərindən dəstək alıblar: “Digər vətəndaşların çox az bir hissəsini bu prosesə cəlb etmişik. Bəzən bu kampaniyalar uğurlu olur. Məsələn, qərargahımızda ”Azadlıq” qəzeti ilə bağlı apardığımız kampaniya müəyyən qədər effekt verdi. Təklif edirəm ki, bu dəfə kampaniyanı konkret bir ünvandan aparaq. Bir neçə tanınmış ictimai-siyasi xadim kampaniya başlatsın. Bu dəfə “Azadlıq” qəzeti kampaniyanın aparıcısı olmasın. Sosial şəbəkələrdə tirajlı səhifələr və geniş əhatə dairəsi olan şəxslər kampaniyanın təbliğatını aparsınlar”.
Sonda digər iştirakçılar qəzetin üzləşdiyi problemlərdən çıxış yolu kimi təkliflər irəli sürüblər.
Ramin DEKO
Bəyim Həsənli