AŞPA prezidenti Azərbaycanda insan haqlarının vəziyyəti barədə sərt danışdı
Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilib. İclasda AŞPA prezidenti Anne Brasser, AŞ-nin baş katibi Torbyorn Yaqland, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, AŞPA Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edib.
Daimi Komitənin iclası Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilib.
Əvvəlcə AŞPA prezidenti Anna Brasser çıxış edib. O, Avropa Şurası Nazirlər Komitəsində sədrliyə keçməsi münasibətilə Azərbaycanı təbrik edib. “Bu həm AŞ, həm də Azərbaycan üçün çətin dönəmdir”, – deyə o bildirib.
A.Brasser insan hüquqları sahəsində Azərbaycanda mövcud olan problemlər haqqında danışıb. Bildirib ki, AŞPA-nın İnsan haqları komissarının son hesabatından sonra Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət daha da pisləşib: “Bu məsələlərlə təcili məşğul olmaq lazımdır. Məhkəmə sisteminin müstəqilliyi çox önəmli məsələdir. AŞ Azərbaycanda məhkəmələrin ədalətli keçirilməsi ilə bağlı narahatlığını bildirib. Bloggerlər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları əksər hallarda təqiblərə məruz qalırlar. Üzv olan dövlətdə belə halların baş verməsi narahatlıq doğurur”.
AŞPA prezidenti qeyd edib ki, ölkə başçısı İlham Əliyevlə görüşü zamanı da bu məsələlərdən danışıb, həbsdə olan İlqar Məmmədovla görüşmək istədiyini bildirib: “Mən bu görüşdə təkid edəcəyəm. Əgər onlar həbsdə qalarsa, mən görüşə nail olmağa çalışacağam. Nəyə görə “qalarsa” deyirəm? Çünki dünən Avropa Məhkəməsi İlqar Məmmədovun həbsinin qanunsuz olduğunu qərar verib. Onun həbsinin arxasında duran səbəb onu susdurmaq, cəzalandırmaqdan ibarət olub. İnanıram ki, bu qərar onun azadlığa çıxmasına səbəb olacaq.
Problemlər haqqında danışmalıyıq, həll yollarını birlikdə tapmalıyıq. Mən bunu təkidlə qeyd edirəm. Ümid edirəm ki, Azərbaycanda hakimiyyət dairələri təcili, konstruktiv şəkildə həll edəcəklər”.
Sonra AŞPA prezidenti sözü Azərbaycan tərəfdən parlament sədri Oqtay Əsgərova verməli olduğu halda, yanlış olaraq XİN başçısı Elmar Məmmədyarova verib. Dərhal da üzrxahlıq edərək səhvini düzəldib.
O.Əsgərov çıxışına belə bir replika ilə başlayıb: “Siz elə ilk çıxışınızda hücuma keçdiniz”.
XİN başçısı E.Məmmədyarov isə AŞPA deputatlarının suallarını cavablandırıb. Deputatlar əsasən Azərbaycanda insan haqları, demokratiya və siyasi məhbuslarla bağlı suallara cavab istəyiblər.
Deputatlardan biri Amnesty İnternational təşkilatının Azərbaycanda 18 vicdan məhbusunu tanıdığını və Avropa Məhkəməsinin REAL sədri İlqar Məmmədovla bağlı qərarını xatırladaraq sual edib ki, rəsmi Bakı həmin 18 vicdan məhbusunu nə zaman azad edəcək və Avropa Məhkəməsinin qərarını nəvaxt yerinə yetirəcək.
E.Məmmədyarov ümumilikdə vicdan məhbusları mövzusundan yayınıb və ancaq İ.Məmmədovla bağlı hissəyə toxunub. Bildirib ki, İ.Məmmədovla bağlı hüquqi prosedurlar yerinə yetiriləcək, onun bu məsələyə münasibət bildirməsi məhkəmənin işinə müdaxilə olar.
Növbəti sual da insan hüquqları ilə bağlı olub: “Azərbaycan könüllü olaraq 15 il öncə AŞ qarşısında öhdəliklər götürüb. Azərbaycan tarixində ən uğurlu bir məqamdır ki, bu öhdəliklərə əməl olunsun. Bu, həm Azərbaycanın xeyrinədir, həm də Avropa üçün böyük əhəmiyyət kəsb edir”.
E.Məmmədyarov buna cavabında BMT TŞ-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin yerinə yetirilmədiyini xatırladıb.
Deputatlardan növbətisi E.Məmmədyarovla sərt polemikaya girib. Deputat XİN başçısına 2 sual ünvanlayıb:
1. “Hansı konkret tədbirlər görüləcək ki, insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti üzvləri ölkənizdə təhlükəsiz fəaliyyət göstərsinlər?”.
2. “Çoxsaylı etnik azərbaycanlıların yaşadığı İrandakı cari vəziyyəti və münasibətlərin yaxşılaşdırılması ilə bağlı siz nə düşünürsünüz?”.
E.Məmmədyarov deputatdan “Siz mənə XİN başçısı, yoxsa AŞPA Nazirlər Komitəsinin sədri olaraq sual verirsiniz?”, – deyə soruşub. “Siz bir vəzifəni qoyub digərinə keçməmisiniz ki? XİN başçısı kimi”, – deyə AŞPA deputatı cavab verib.
Deputatlardan biri isə AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi olmuş Ştrasserin Bakıya səfərinə razılıq verilməməsinə toxunub. “Məni insan hüquqları, jurnalistlərə qarşı münasibət, 8 gənc bloggerə, QHT-lərə qarşı münasibət çox narahat edir. Sizin İlqar Məmmədovla bağlı məhkəmənin çıxardığı qərara münasibətiniz nədən ibarətdir və icrasını necə görürsünüz?”, – deyə o sual edib.