Alimin prezidentdən əli üzülən ölkənin axırı yaxşı olmaz – nə ölkə olur olsun. O ölkədə yaşamağa dəyməz. Ancaq biz o ölkədə yaşayırıq – Azərbaycan adlanan o ölkədə. O ölkə bizim tək doğuluş ölkəmiz deyil, eləcə də ulusal oluş ölkəmizdir. Bu dünyada nələrdən keçə bilsək də, o ölkədən keçə bilmərik. Indilikdə o ölkə Doğusundan Batısına, Güneyindən Quzeyinə IŞĞAL altında, yağı tapdağında olsa belə!
Budur, Peterburq kimi ünlü bilim ocaqlarından birində bilgin adı qazanmış soydaşımız kəndinə – ölkəsinə qayıdıb gəlib. O necə qarşılanıb? Yağıcasına! Bizim Siyavuş Novruzovca ünlü “Milli” elmlər Akademiyasında işləyən bu adam indi professional demaqoqa çevrilib: işi ora-bura giley məktubu yazmaqdır. Adam, başqa sözlə, alim, aşağılardan başalayaraq yaza-yaza gedib çıxıb prezidentə, bəlli fondun prezidentinə. Arada o, onlarla qapı döyüb, sonra da aylarla, illərlə lap aşağılardan lap yuxarılara boylana-boylana cavab gözləyib. Cavab gəlməyib. Onun aylarla, illərlə gözlədiyi qısaca bir cavab it-bata düşüb, cəhənnəmlik olub, nə olub, necə olub – kimsə bilməz. AMEA-nın prezidenti Akif Əlizadəyə, xarici işlər naziri Elmar Məmmədyarova, Rusiya səfirliyinə, Ilham Əliyevə, Mehriban Əliyevaya… Aya, ulduza, işıqlı gündüzlərə, qaranlıq gecələrə, yaxın küçələrə, uzaq yollara…
Adamın ad-soyadı Əli Hüseynov, iş yeri adına “milli” deyilən elmlər akademiyası. Adam Markesin dünyalarca ünlü Polkovnikinə dönüb: bir məktubun cavabını bir ömür gözləməli olub. Adam eləcə adam olsaydı, nə vardı: adam alimdir. Alim demək bu rejimdə nə demək? Alim demək bu rejimdə elə Əli Hüseynov demək: gözləntilər içində korun-korun közərmək, eləcə… sönmək!
Əli hər yerdən üzülən Əli bəy acılarını “Bizim yol” qəzetinə yazıb. Sonra da “Azadlıq” qəzetinə (28 aprel 1014). Hələ də yazdıqlarına cavab almayıb. Düzünə qalsa, ona bu da azdır; görün yazısı “Azadlıq”da hansı gün çıxıb: 28 apreldə. Bəlli olduğu kimi, 28 aprel bizdə işğal günü sayılır. 1993-dən də Azərbaycanda 28 aprelə bağlı işğal rejimi qurulub. Alim adam, 28 aprel yadasalmasıyla bunumu demək istəyirsən? Ax, ax, ax! Of, of, of! “Milli” elmlər akademiyası! “Ali” attestasiya komissiyası!
Özünün dediyi kimi, Əli Hüseynov S.Peterburq universitetini 1993-cü ildə fərqlənmə diplomu ilə bitirib, aspirant kimi namizədlik, doktorant kimi doktorluq dissertasiyasını… “Cənab prezident, özünüz deyin,.. bütün dünyada iqtisad elminin tədrisi və təqiqi mərkəzlərindən biri sayılan SPbDIMU-in ”Müdafiə Şurasında”, səsvermənin nəticələrinə əsasən “yekdilliklə” bəyənilmiş dissertasiyamızın Azərbaycan AAK-nı qane etməməsinin sirrini bilək?! Bilək ki, dissertasiyamız Azərbaycan AAK-nın “minimum” tələblərinə belə, niyə heç cürə uyğun gəlmir?!”
Savadsız yiyəsi! Bu adam, özü də alim adam uzun illərdən bəri Azərbaycanda yaşayırkən, özü də “M” elmlər akademiyasında işləyirkən görün prezidentdən nələr soruşur! Beləsinə diplom verənin… özü də FƏRQLƏNMƏ diplomu – papağı boş qalsın! Adam Azərbaycanda yaşayır… nə ölkəsini tanıyır, nə elmlər akademiyasını, nə də prezidentini! Adam – alim adam – özünün dediyinə görə, 15 ildir dissertasiyasını AAK-dan keçirə bilmir. Savadsızlığa baxın! Mən bir keçmiş prokuror tanıyıram, adam alim deyil, ancaq 20 min manata özünün doktorluq, 15 min manata arvadının namizədlik dissertasiyasını AAK-dan keçirib. Özü də o tək deyil, istəsəniz neçə eləsinin adını çəkərəm.
EA-da işləyən bir dostum var, akademiyadan keçirdiyi doktorluq işini 15 ildir AAK-dan keçirə bilmir, sonra da giley bazarı açır. Indi bu Əli Hüseynov da. A kişi, sən 20 min manat pul tapıb doktorluq işini AAK-dan keçirə bilmirsənsə, buna o yerin başda duranı, akademik Arif Mehdiyev neyləsin, prezident neyləsin?! Hələ alimin I.Əliyevə məktubunun sonuna baxın: “Sizə tam ümidsizliklə”.