“A”… “Azadlıq”… «Ayna»

Bu yaxınlarda Prezident Administrasiyasında hansısa vəzifə tutan Elnur Aslanov ad-soyadlı birini vəzifədən uzaqlaşdırdılar, deyilənə görə, səbəbi “nurçu” olması imiş. Biz son vaxtlar haqqında çox danışılan bu “nurçu” məsələsi barədə keçənlərdə bəhs etmişik, yazmışıq ki, bunlardan “nurçu”-murçu olmaz, bunlardan olsa-olsa, ancaq “pulçu” olar. Bu öz yerində.

Indi mövzumuz başqadır. Həmin bu Aslanovu işdən atandan sonra az qala hər gün onun bir saytının bağlandığı xəbəri gəlirdi. Heç kim də maraqlanmırdı ki, əvvəla, o cənab bir belə saytı hansı hesabla saxlayırmış? Əgər o saytlar öz-özlərini maliyyələşdirə bilirdilərsə, niyə Aslanov vəzifəsiz qalan kimi, bağlanmalı idilər?

Yaxud Gülər Əhmədovanın “Mərkəz” qəzeti – həftədə deyəsən, 5 gün çap olunurdu. Hansı vəsaitlə? Bəlli deyil. Əslində bəllidir. Hər halda o qəzet nə satış, nə də reklam hesabına ayaqda deyildi. Amma gündəlik çap olunur, işçiləri yüksək maaş, qonorar alırdı. Kimsə də bu dəyirmanın suyunun haradan gəldiyi ilə maraqlanmırdı. Sanki elə belə də olmalı idi. Sonra Gülər Əhmədova həbs edildi. Qəzeti qapandı. 

Bütün bunları niyə yazıram? Başda Ilham Əliyev olmaqla, rejim mənsubu hər kəs ölkədə söz azadlığından, mətbuatın inkişafından bəhs edir. Amma gerçəklikdə mənzərənin fərqli olduğunu elə yuxarıda yazdıqlarımızdan görmək olar. Hansısa qəzetin, saytın sahibi vəzifədən “vurulsun”, o qəzet, o sayt havaya buxarlanır. Yaşamaq üçün yalnız “əl dəyişdirməlidirlər”. Məsələn, əvvəl pulu Əhməddən gəlirdisə, indi ondan alınıb Məmmədə verilməlidirlər ki, yaşamağa davam etsinlər. Allah eşqinə, belə bir mətbuat anlayışı mümkündürmü? Bu qədər rüsvayçı mətbuat durumu azacıq normal, gəlişmiş ölkədə təsəvvür edilə bilərmi?

Bütün bunların fonunda isə ölkənin ən oxunan qəzetləri bağlanmaq təhlükəsi ilə qarşı-qarşıyadırlar. “Azadlıq” və “Ayna-Zerkalo”nun son günlər üzləşdikləri ölkədə haqqında bəhs edilən “mətbuat azadlığı”nın əsl mahiyyətini, iç üzünü açıb-göstərir. Çox oxunan qəzetlər belə ayaqda durmağı bacarmazkən nüsxələrinin 90-95 faizi köşklərdən geri qayıdan qəzetlər necə ayaqda qalırlar? Bu məntiqi, daha doğrusu, məntiqsizliyi, absurdu necə izah etmək olar? 

Həm “Azadlıq”, həm “Ayna” Azərbaycanın yeni dövr demokratik mətbuatının qaranquşlarıdır. Bu mənada onların adlarının əlifbanın ilk hərfi ilə başlamasında da bir mistika var. “Azadlıq” da, “Ayna” da ilklərdir. 

Sevərsiniz, sevməzsiniz, bəyənərsiniz, bəyənməzsiniz, son 25 illik təbəddülatlar içərisində varlığını saxlamış, hökumətin media proyektlərindən fərqli olaraq, rəhbərləri vəzifədə olmayarkən, hətta həbs edilərkən belə yaşamağın, var olmağın nümunələrini ortaya qoymuş, ənənə yaratmış və öz ətrafında geniş oxucu kütləsi formalaşdırmış, təkcə mətbuat tariximizin deyil, ölkə tarixinin və taleyinin belə bir parçasına çevrilmiş bu qəzetlər belə asanlıqla bağlanmamalıdır, yox edilməməlidir, silinib-süpürülməyə çalışılmamalıdır.  

Bağlanacaqsa, yox ediləcəksə də o zaman Azərbaycanda söz, mətbuat azadlığından bəhs olunmamalıdır. 

Açıq bəyan edilməlidir ki, hər kəsdən tələb olunan “Sovet kəndi” tipli jurnalistikadır, icazəli qəzetçilikdir, nəyi düşünəcəyini və yazacağını sadəcə Sistemin müəyyənləşdirdiyi mətbuat anlayışından çıxış etməkdir.

Qəzetlərin əlindən reklam və satış bazarını alıb əvəzində onların hökumətin “yardım” adı altındakı dilənçi payına məhkum qılmağın, jurnalistləri öz tikdirdikləri mənzillərdə yerləşdirib gözükölgəli etməyin, ələbaxan öyrətməyin, onların boynuna minnət yükləyərək “gəmidə oturub gəmiçi ilə savaşmazlar” zehniyyətinə uyğunlaşdırmağın başqa hansı adı, hansı məqsədi ola bilər ki, zatən?