Vətənə ən böyük xəyanət korrupsiyaya qurşanmaqdır!

Belə vəziyyət İlham Əliyevin daha çox əhval-ruhiyyə üzərində qurulan siyasətinin nəticəsidir

Bu gün MTN öz vətəndaşının cibinə narkotik, evinə silah, həyətinə «Molotov kokteyli» atmaqla məşğuldusa, Qarabağın 20 il düşmən tapdağında qalmasına təəccüblənmək lazım deyil...

Hörmətli oxucular, Sizə təqdim edilən bu yazıda Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə keçmiş namizəd, professor Cəmil Həsənli son dövrlərdə ölkəmizdə cərəyan edən proseslərə fikir və mülahizələrini ifadə edib. Yazıda ölkəmizdə demokratiya problemləri, siyasi məhbus məsələləri, hakimiyyət orqanlarının yarıtmaz fəaliyyəti və digər məsələlərə toxunulub.

Əvvəli ötən sayımızda

Ötən ilin yanvarında siyasi məhbus məsələsilə bağlı Ştrasserin məruzəsinin qəbul edilməməsi korrupsioner Azərbaycan hakimiyyətinin nəinki öz xalqı, eyni zamanda, insan haqları və demokratiya məsələlərinə cavabdeh olan Avropa Şurası üzərində dəhşətli qələbəsi idi. AŞ PA bu qərarı ilə Azərbaycan hakimiyyətinə insan kimi yaşamaq, demokratiya istəyən, azad seçki ümidində olan vətəndaşı əzməyə kart-blanş verdi.
Doğrusu, bu qərara səs vermiş AŞ PA-nın 125 üzvü Azərbaycanda siyasi məhbusların sayının onların ümumi sayını ötüb keçməsinə görə bilavasitə məsuliyyət daşıyır. Bu utandırıcı hadisə Azərbaycan korrupsiyasının transmilli qələbəsi, beynəlxalq təntənəsi idi. Onlar bu qərarla Ilham Əliyevin ölkədə siyasi məhbusların olmaması barədə beynəlxalq tribunalardan bəyanatlar verməsi üçün stimul yaratdılar. Məhz bundan sonra rejim öz xalqının üzərinə total şəkildə hücuma keçdi. Məhz bundan sonra Ilham Əliyev özünə müxalif hesab etdiyi siyasi qüvvələrlə haqq-hesab çəkməyə qərar verdi. Geniş həbslər dalğası başladı, məhkəmələrdə fantastik hökmlər oxundu. Bu gün Azərbaycan tarixin son dərəcə eybəcər bir səhifəsini yaşayır. Kimin içində vətən, millət sevgisi, din təəssübkeşliyi varsa, həbslərdən və təqiblərdən sığortalanmayıb.

Avropa demokratiyasının ələ salınması

Amma tarix hələ heç kimə öz xalqı üzərində qələbə sevincini nəsib etməyib. Həbslər daha da genişlənə bilər, hakimiyyət ağlagəlməz repressiv addımlara gedə bilər, lakin bunun faydası yoxdur, bu mübarizədə rejimin məğlubiyyəti qaçılmazdır. Çünki hər bir hakimiyyətin davmlılığını təmin edən xalqın inamı, etimadı aradan gedib. Ukraynada Yanukoviçin timsalında biz bunun ən təzə örnəyini gördük. Halbuki, Ilham Əliyevdən fərqli olaraq, Yanukoviç daha etimadlı formada seçilmişdi və Azərbaycan hakimiyyətinin etdiklərinin heç yüzdə birini də etməmişdi.
Saxta “vətənpərvərlik” carçılığından uzaq olub, təəssüf hissilə deməliyik ki, hətta əlifba sırası ilə belə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə yarım illik bir müddətdə rəhbərlik etməsi Avropa demokratiyasının tarixində taleyin yarımçıq bir ironiyasıdır. Əlbəttə, baş verənlər izsiz keçməyəcək. Böyük qurbanlar bahasına əldə edilmiş Avropa demokratiyasının belə ələ salınması öz məşum nəticəsini verəcək və o zaman bu yarım illik zaman fasiləsi həmin təşkilatın bioqrafiyasında Xəzər kürüsünün rəngindən də tünd boyada təsvir ediləcək.
Bu gün Azərbaycan xalqı ilə hakimiyyəti arasında dərin bir uçurum var. Əgər hakimiyyət pul, mal, hiylə, dəyənək hesabına müxalifətin bir hissəsini özünə tabe edə, başqa bir hissəsini zəiflədə bildisə, əvəzində daha böyük bir müxalif düşərgə ilə qarşılaşdı. Bu, xalqın nifrətidir. Son illərdə bizim ölkəmizdə xalq hakimiyyətin mənbəyi funksiyasını büsbütün itirdi. Bunu ATƏT-in Varşava Bürosunun 9 oktyabr seçkilərinə verdiyi rəy açıq şəkildə ortaya qoydu. Məlum oldu ki, “kral lütdür”. Bu şəraitdə kralın polis mundiri geyinməsi, repressiyaların şiddətlənməsi, haqq istəyən vətəndaşın gözünün tökülməsi qaçılmaz idi.

Elə mənəvi prinsiplər var ki, onlar qanunla tənzimlənmir…

Dünən məhkəmədə dövlət ittihamçısı Anar Məmmədliyə 9 il, onunla bərabər çalışanlara 8 il 6 ay həbs cəzası istədi. Azərbaycanda xüsusi amansızlıqla insan qətlə yetirən qatilin cəzası 7 ildən başlayır.
Anar Məmmədli Azərbaycan dövlətinə ziyan vurmayıb, xalqın pulunu-malını mənimsəməyib, heç vaxt fəaliyyəti barədə müvafiq orqanlardan xəbərdarlıq almayıb, bütün maliyyə hesabatları hakimiyyət orqanlarına göndərilib. Belə olan halda, Anara fantastik cəza tələb etmək ancaq IV Henrixin idarəçilik üsuluna aludəçilikdən irəli gələ bilər.
Bütövlükdə, müxalif partiya liderlərinin açıq şəkildə izlənməsi ümumi repressiv planın tərkib hissəsidir və son illərdə adi hal alıb, gündəlik həyat normasına çevrilib. Milli Şuraya qarşı aparılan mübarizədə biz bunu gördük. Bu yaxınlarda Əli Kərimlinin hansı “fədakarlıqla” izlənməsinin şahidi oldunuz. Polis orqanlarında narkotik şərləməsi, saxta şahidlər, silah ittihamı, natəmiz əməliyyatlar silsiləsi niyə çoxalıb? Çünki qanunu qorumağa cavabdeh olan daxili işlər orqanları qanun qarşısında cavabdehlik hissini itirib. Bu il Ramil Usubovun Daxili Işlər Nazirliyinə rəhbərlik etməsinin 20 ili tamam olur. Indi bu DIN fundamental nazirlik funksiyasını itirərək, post-patrul xidmətinə çevrilir. Çünki xalqı əzməyin yolu post-patrul xidmətinin bərqərar edilməsindən keçir. Əli dəyənəkli, qaytanı qandallı, beli piştolu polis nəfərlərimiz bu gün Azərbaycan dövlətinin şəksiz və şəriksiz simvoludur. Onun tərkibindəki mütəşəkkil idarələr hüquqi yox, siyasi xidmət sahələrinə çevrilib. Açılan faktlar bu idarələrin, hətta adam oğurluğu (Mahir Abdullayevlə bağlı hadisə), insan qətlləri (Hacı Məmmədovun vaqeəsi), cinayətkarların yolda qaçırılması (Cənab Ramil Usubovun məlum bəyanatı) və digər əməllərlə məşğul olduğunu təsdiqlədi. Mən dəqiq bilmirəm, qəzetlər yazır ki, Ramil Usubovun oğlu da rəhbərlik etdiyi nazirlikdə rütbə olimpinin zirvəsinə doğru irəliləyir. Deyilə bilər ki, qanun bunu qadağan etmir. Olsun, 1995-ci ildə müxtəlif vəzifələr üçün qoyulmuş konstitusion məhdudiyyətlər aradan qalxır, qanun çox qadağaları aradan qaldırır. Amma elə mənəvi prinsiplər var ki, onlar qanunla tənzimlənmir.
Indi hüquq-mühafizə orqanlarında səlahiyyət bölgüsündə bir xaos hökm sürür. Bu xaos əsasən yuxarıdan gələn “tut” eyhamı ilə bağlıdır. Hansı struktura “tut” işarəsi verilirsə, ona aid oldu-olmadı, göstərişi yerinə yetirir.

Təhlükəsizlik orqanlarının acınacaqlı durumu

Vaxtilə Fransada Kral IV Henrix (1553-1610) heç kəsin qətlinə birbaşa fərman verməzdi. Sadəcə, öz svitasının əhatəsində sözgəlişi eyham vurardı ki, əşşi, bu Antuan da (misal üçün) məni lap boğaza yığıb. Bundan sonra Antuanın məsələsinin həll edilməsi üçün kral tərəfdarları arasında bir növ yarış başlayırdı. Çünki əhatədə hamı bilirdi ki, Antuanı öldürmək kralın xoşuna gələn işdir. Amma kral da məsələyə biganə qalmırdı. Antuanın qətlindən təəssüf hissi keçirir, qatili tapacağına söz verir, lakin nə qədər təhqiqat aparsalar da, qatil tapılmırdı.
Bu gün prokurorluq, DIN və MTN Azərbaycanın hər guşəsində Antuan axtarmaq yarışına çıxıb. Ona görə də biz tez-tez  prokurorluğun, MTN-in DIN-in funksiyasını rahatlıqla mənimsəməsinin şahidi oluruq. Yaxud DIN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsi hansısa “mütəşəkkil” dəstəni həmin nazirlik daxilində Narkotiklər idarəsilə birgə “zərərsizləşdirir”. Yaxud bir qayda olaraq, siyasi proseslərdə MTN işçiləri zala və prosesə nəzarət edir. Bu, məhkəmələrə təzyiqin, hörmətsizliyin və onların öz müstəqilliyini itirməsinin daha bir göstəricisidir.
Diqqət yetirilsə, aydın olar ki, siyasi proseslərdə şahid korpusu kiçik istisnalarla eyni adamlardan ibarətdir. MTN xırda xuliqanlıq əməllərinin, müxalifətçi “ovunun”, mülki münaqişələrin araşdırılmasına meyl etdikcə, ənənəvi peşəkarlığını itirir və təhlükəsizlik orqanlarının təməl prinsiplərindən uzaqlaşır. Bütün bunlar aidiyyəti olmayan istiqamətlərdə bu orqanlara qeyri-məhdud səlahiyyətlərin verilməsindən qaynaqlanır və nəticə etibarilə təhlükəsizlik orqanları vətəndaşların konstitusion hüquqlarına məhəl qoymadan idarə olunan cəmiyyət yaratmaq fikrinə düşür. Bu artıq təhlükəsizlik orqanlarının siyasiləşməsindən xəbər verir. Pərviz Həşimlinin, özündə cəsarət tapıb məhkəmədə dedikləri və bütövlükdə “Həşimlinin işi” təhlükəsizlik orqanlarımızda yaranmış vəziyyətin acı mənzərəsidir. Əgər bu gün MTN öz vətəndaşının cibinə narkotik, evinə, maşınına silah, həyətinə “Molotov kokteyli” atırsa, Qarabağın 20 il düşmən tapdağında qalmasına təəccüblənmək lazım deyil. Belə vəziyyət İlham Əliyevin daha çox əhval-ruhiyyə üzərində qurulan siyasətinin bilavasitə nəticəsidir. Çünki yalnız belə repressiv vasitələrlə gündən-günə çiçəklənən korrupsiyaya münasibətdə əhalinin ağzını yummaq, onu qorxu altında saxlamaq, ölkənin bütün gəlirli sahələrini “qüdrətli dəstənin” nəzarətinə vermək olar.

Xalqa Sərkisyanın kabineti yox, Qarabağ lazımdır

Çox təəssüf ki, hakimiyyət “daxili düşmənlərə” qarşı mübarizədə göstərdiyi əzmkarlığı işğal altında olan ərazilərin azad edilməsi məsələsində nümayiş etdirə bilmədi. Son nəticədə analoqsuz inkişafın anonsunu verən bir hökumət son on ildə düşmən tapdağında olan ərazilərin heç 10 kvadrat metrini də azad edə bilmədi. Ərazisi işğal altında olan dövlətin, ordunun, təhlükəsizlik orqanlarının güc meyarı bu düşmən tərəfindən ələ keçirimiş torpaqların azad edilməsindən keçir. Bu yoxsa, qalan söhbətlər sadəcə olaraq nağıldır. Hətta bu yaxınlarda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov təntənəli şəkildə bəyan etdi ki, “Serj Sərkisyan bilməlidir, onun oturduğu kabinet Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq izlənilir”.
Bunlar anlamırlar ki, Azərbaycan xalqına işğal altında olan ərazilərinin azad edilməsi, qaçqınların öz yurd-yuvasına dönməsi, insanların öz dədə-babalarının məzarını ziyarət edə bilməsi lazımdır. Iyirmi ildir bunu bacarmayan bir hakimiyyətin məsul nümayəndəsi Sərkisyanın kabinetinin izlənməsindən dəm vurur.

Telefonları dinləyib, eşitdiklərini öz saytlarına ötürənlər

Görünür, ciddi idarəçilik islahatları olmalıdır. Bu vacibdir. Lakin nə qədər ki, ölkə qanunlarla deyil, tapşırıqlarla idarə edilir, heç bir islahat bu xaosu aradan qaldıra bilməz. Azərbaycan müstəqilliyinin birinci on ilində neqativ hallar nə qədər geniş yayılsa da, vətəndaşda dövlətin təhlükəsizliyinə bir əminlik var idi. Indi dövlətin təhlükəsizliyinə cavabdeh olan nazirliyin o biri nazirliklərdən elə bir fərqi qalmadı. Nəticədə bu orqanlar üçün zəruri olan peşəkarlıq sürətlə aşağı düşməyə başladı. Əgər mən bilirəmsə ki, məni izləyirlər, bunun nəyi izləmədir?! Bugünlərdə Əli Kərimlini izləyən maşın kameraya tuş gəldi. Bu, rüsvayçılıq idi, elementar peşə hazırlığı olan təhlükəsizlik işçisi heç vaxt bu izləməni birinci distansiyadan aparmamalı idi. Yaxud telefon danışıqlarımıza qulaq asıb, bunu “etibarlı mənbə” adı ilə “Ictimai Palatka” və nəzarətlərində olan digər saytlarda “mötəbər mənbənin xəbəri” kimi açıqlamaq peşəkarlıqdırmı? Leyla və Arif Yunusların pasportu hüquq-mühafizə orqanları tərəfindən hava limanında əllərindən alınır, iki gün sonra pasportun Fransa səfirliyi tərəfindən viza vurulmuş səhifəsi keçmiş “vicdan məhbusu”nun saytında nümayiş etdirilir. Ən azı, peşəkar orqanlar bilməli idi ki, Legion ordeninin kavaleri və onun ailə üzvləri müvafiq ölkənin səfirliyindən istədiyi müddətə viza ala bilər və burada təəccüblü bir şey yoxdur.
Bütün bu eybəcərlikləri aradan qaldırmaq üçün ölkənin siyasi sistemində ciddi islahatlar olmalıdır. Birdəfəlik aydın olmalıdır ki, təhlükəsizlik orqanları hökumətin tərkibində ola bilməz. Hökumətin tərkibində olub, ona nəzarət etmək anti-konstitusiondur. Hətta Stalinin ölümündən sonra Sovet Ittifaqı belə, təhlükəsizlik nazirliyini hökumətin tərkibindən çıxardı və onu Nazirlər Soveti yanında Komitəyə çevirdi. MTN Amerikada, Rusiyada, Britaniyada və təcrübəsi böyük olan digər ölkələrdə olduğu kimi, xidmət sahəsinə çevrilməli və yalnız qanunla müəyyən edilmiş instansiyaların qarşısında hesabat verməlidir. Dövlətin və millətin etibarlı təhlükəsizliyi bu istiqamətdə ciddi islahatları zəruri edir.
Bu gün cəmiyyəti susdurmaq üçün “Vətənə xəyanət” ittihamı dövriyyəyə buraxılır. Görünür, bu yolla Azərbaycandakı azad fikirliliyin sonuncu işartılarını da söndürmək istəyirlər. Halbuki, ərazisi işğal olunmuş ölkədə vətənə qarşı ən böyük xəyanət vəzifəli şəxslərin korrupsiyaya qurşanmasıdır.