Əcəb, hətta deyərdim, əcaib mənzərədir: əvvəlcə təntənə ilə Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrlik dönəminin başlandığı elan edilir, ardınca Avropa Şurasının Bakıya gələn baş katibi Yaqland bəyan edir ki, onun bu səfəri zamanı siyasi məhbuslar məsələsi prioritetdir (yeri gəlmişkən, bir vaxtlar hökumətin “Prioritet” adlı qəzeti vardı, görəsən, onun axırı nə oldu?). Və bu iki daşın arasında Əliyev rejiminin prokuroru saxta, qondarma, məhkəmədə tamamilə ifşa edilmiş ittihamlarla Anar Məmmədliyə 9, onunla bərabər daha iki nəfərin hər birinə isə 8 il yarım iş istəyir.
Bu nə deməkdir? Bu, Qərbin, Avropanın guya demokratiyadan, insan haqlarından yükümlü təsisatlarının qara qəpik qədər dəyərinin qalmadığının, bəyanat və hesabatlarının isə kağız israfçılığından başqa bir şey olmadığının isbatıdır. “Kürü diplomatiyası”nın təntənəsidir. “Demokratiyaya doğru bir addım” nağılbazlığının qələbəsidir.
Bəli, mən bu Sistemə bütün varlığımla nifrət edirəm, amma həm də etiraf edirəm: rejimin “demokratiya istəyən xalqlar onu alacaqlar” deyib sonra da antidemokratik hakimiyyətlərlə çirkli sövdələşmələrdən, kirli bazarlıqlardan çəkinməyən Qərbə, Avropaya bu cür ələ salırmışcasına münasibəti ürəyimdən tikan çıxarır. Yaptokratlar bu “demokratiya turistləri”nə nə desələr, nə etsələr azdır.
***
Anar Məmmədliyə qondarma olduğu sübuta yetirilmiş ittihamla belə, ən yüksək cəzanın istənilməsinin səbəbinə gəlincə, bunu anlamaq çətin deyil. Şübhə yoxdur və mübahisə yersizdir ki, Anar bəydən 2013-dəki seçki farsını ifşa etməsini qisasını alırlar. Eyni zamanda onu – Azərbaycanda həqiqi, müstəqil seçki monitorinqi aparacaq yeganə vicdanlı QHT rəhbərini və komandasını həbsə atırlar ki, 2015-də keçiriləcək seçki şousunu daha rahat, başağrısız başa vura bilsinlər.
Bəli, ötənilki seçki şousu saxtakarlıqları bütün çılpaqlığı ilə ortaya qoyulmuş nadir seçkilərdən biri idi. Ifşanın miqyası o həddə idi ki, bir çox aparıcı ölkələr əvvəlki illərdən fərqli olaraq, Ilham Əliyevi tələm-tələsik təbrik etməyə utandılar. Xeyli ölkədən təbrik gözləməkdən yapçıların az qala gözünün kökü saralmışdı. Indi bunun acığını həm də Anar Məmmədlidən çıxırlar. Çünki saxtakarlığın ifşasında onun rolu misilsiz idi.
Digər tərəfdən, 2013-dəki seçki farsının ifşası yalnız Anar bəyin xidməti deyildi ki? Onlarla sıravi vətəndaş seçki qutularının saxta bülletenlərlə necə doldurulduğunu mobil telefonlar vasitəsilə çəkmiş və yaymışdı.
Ilham Əliyevin xeyrinə əvvəlcədən işarələnmiş bülletenləri seçki qutularına atmağa vicdanı yol verməyib, onu Milli Şura namizədinin seçki qərərgahına gətirənlər belə tapılmışdı.
Odur ki, Anar bəyi və komandasını həbsxanaya doldurmaqla qarşıdakı seçki şoularının rahat, ağrısız, qulağıdinc keçəcəyini düşünmək sadəlöhvlükdür. Ifşa davam edəcək. Ən yaxşısı seçkini hətta bir fars, şou kimi də ləğv etmək etməkdir. Artıq imitasiyalar işləmir, dərhal ironiya və ikraha çevrilir.
***
Qayıdaq yazımızın əvvəlinə.
Özümüzün Nazirlər Kabineti sədrini axırıncı dəfə kim, nə vaxt, harda görüb, nə işlə məşğuldur, ümumiyyətlə, oksigen tükədirmi – bilən yoxdur, amma biz indi durub Avropa Şurası Nazirlər Kabinetinə rəhbərlik edəcəyik. Bir növ “Avropanın Artur Rasizadəsi” olacağıq. Əladır. Ləzzət edir. Avropaya hətta bu da azdır. Qoy ona Volterin, Russonun, Sartrın ruhu qənim olsun.
Cənab Yaqlanda isə bir şeyə görə təşəkkür etmək olar: “Bakıdakı görüşlərimdə siyasi məhbuslar məsələsi prioritetdir” deyib yadımıza hökumətin nə vaxtsa “Prioritet” adlı qəzet çıxardığını saldığı üçün.
Doğrudan da, görəsən, o qəzetin axırı necə oldu?
Hazırlaşın, bu gedişlə sonda onsuz da hamımız ya gedib orada yazası olacağıq, ya da onu oxuyası.