«Rus pasportlarını yalnız ölkədən getmək istəyənlər alacaq»
Elxan Mehdiyev: «Hər hansı digər məqsədlər üçün Rusiya pasportlarının alınması gözlənilən deyil»
Bir müddət əvvəl Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlığı almaq istəyən şəxsləri konsulluq xidmətinə müraciət etməyə çağırdı. Səfirlik Rusiya vətəndaşlığı almaq üçün lazım olan qaydalarını da açıqladı. Qeyd edək ki, Rusiya pasportunu almaq qaydaları xeyli sadələşdirilib.
Azərbaycan rəsmiləri isə Azərbaycan vətəndaşlarına Rusiya pasportu almaq üçün sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycan Konstitusiyası və qanunlarına müvafiq olaraq tənzimlənməli olduğunu deyir.
Qeyd edək ki, Ukraynaya təcavüz edən, həmçinin digər MDB respublikaları üçün təhlükə yaradacağı istisna edilməyən Rusiyanın pasportların verilməsi qaydalarını sadələşdirməsi təsadüfi deyil. Artıq Ukraynanın bəzi regionlarında rus pasportları paylanılıb. Həmçinin Dağlıq Qarabağda da belə bir addımın atılmasına dair xəbərlər yayılır. Belə bir dönəmdə Azərbaycanda hakimiyyətə yaxın mətbuat Rusiya pasportlarının alınmasının sadələşdirilməsinin tez-tez gündəmə gətirməkdə maraqlı görünür.
Rəsmi yaxud hakimiyyətə yaxınlığı ilə seçilən mətbuatda bu tip məlumatların yüksək dairələrin xəbəri olmadan yayılması mümkün deyil. Bu halda Rusiya pasportlarının «reklamı» nə məqsəd daşıya bilər?
Konflitoloq Elxan Mehdiyev Ukrayna ilə müqayisədə Azərbaycanda vəziyyətin fəqli olduğunu deyir. Çünki ölkəmizdə ruslar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub. Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun olmadığından burda yaşayan ruslar Rusiya vətəndaşlığı almaqda maraqlı görünmür. Çünki bu halda bütün imtiyazlarından məhrum olacaqlarını bilirlər. Ona görə də ruslar arasında bunun geniş yayılacağı gözlənilmir.
Ancaq ekspert Azərbaycandan köçmək istəyən istər rusların, istərsə də əzrbaycanlıların vətəndaşlıqdan imtina edərək Rusiya pasportları almaqda maraqlı olduğunu deyir. Çünki Azərbaycanda vətəndaşlıqdan imtina edib sadələşdirilmiş qaydalarla Rusiya pasportu almaq onların maraqlarına uyğundur.
Ancaq hər hansı digər məqsədlər üçün Rusiya pasportlarının alınması gözlənilən deyil.
Fizzə


