Gözəl Bayramlı, AXCP sədrinin müavini
Əziz dostlar!
Sevimli qəzetimiz yenə bağlanmaq riski ilə üz-üzə qaldı. Bugünlərdə “Azadlıq” qəzetinə qarşı hökumətin sistemli təzyiqlərə başlamasının 2 ili tamam oldu.
2012-ci ildə “Eurovision” yarışması ərəfəsində şəhərin mərkəzi hissələrində qəzetin əl yayımı dayandırıldı, sonra isə zaman-zaman başqa təzyiq vasitələrinə də əl atdılar. Ötən ilin payızında “Azadlıq” daha ciddi böhran yaşadı. Məhkəmə cərimələri, metroda satışın dayandırılması, “Qasid”in qəzetin halal pulunu verməməsi “Azadlıq”ın maddi vəziyyətini daha da çətinləşdirdi. Xatırlayırsınızsa, hətta bir müddət qəzet çapını da dayandırmalı olmuşdu. Amma ictimaiyyətin “Azadlıq”ın keçirdiyi xeyriyyə marafonuna səmimiyyətlə qatılması, dostların, təəssübkeş vətəndaşların “Azadlıq”a kütləvi şəkildə abunə olması o zaman qəzeti xilas etdi. Məhz cəmiyyətin verdiyi dəstək və kollektivin fədakarlığının nəticəsidir ki, “Azadlıq” hələ də yaşayır və hər gün korrupsioner hakimiyyəti ifşa edir.
Amma hakimiyyət də “Azadlıq”dan aldığı zərbələrin fərqindədir və hələ də qəzeti bağlamaq fikrindən əl çəkməyib. Həm də elə etmək istəyirlər ki, qəzetin bağlanması iqtisadi səbəblərlə izah edilsin. Əvvəlki təzyiq formaları davam etməklə, əlavə təzyiq formaları da düşünülür. Qəzetə reklam verənlər qorxudulur, KIV-ə Dövlət Dəstəyi Fondu açıq-aşkar qərəz nümayiş etdirərək, “Azadlıq” qəzetini 9 aydır ki, hər cür yardımlardan məhrum edir, əl yayımına ciddi maneələr yaradılır. Ən mühümü isə odur ki, dövlət təşkilatı olan “Qasid” yayım firması “Azadlıq”ın satışdan əldə etdiyi 70 min manat pulu qəzetə verməkdən imtina etdiyi halda, hökumətin nəzarətində olan “Azərbaycan” Nəşriyyatı qəzetdən 18 min manat borcunu tələb edir. Borc ödənilməyəcəyi təqdirdə, iyun ayının 1-dən “Azadlıq”ın çapını dayandıracağını bildirir.
Dostlar, ola bilsin ki, bir çoxunuz artıq yorulmusunuz, bu da başadüşüləndir. Bilirik ki, “Azadlıq”ın qədrini bilənlərin əksəriyyəti özü də çətinliklə dolanır. Bəziləriniz məcbur olub qəzetə abunə olmaqdan imtina edir, bəziləriniz başqaları kimi qəzeti internetdən oxumaqla kifayətlənir, gündəlik 40 qəpiyə qənaət edib, qəzet almırsınız. Ancaq bunu da bilirəm ki, qəzetin bağlanmasını istəməzsiniz. Hamınız “Azadlıq”ın bağlanmasının demokratik düşərgə üçün nə demək olduğunun fərqindəsiniz. Görünür, ümidlisiniz ki, sizin köməyiniz olmadan da qəzet özünü xilas edəcək. Amma bilməlisiniz ki, bu dəfə hökumətin iqtisadi təzyiqləri çox ardıcıl şəkildə davam edir. Qəzetin problemi heç də təkcə Nəşriyyata olan borclar da deyil. Kollektiv xeyli müddətdir ki, faktiki maaş da ala bilmir.
“Azadlıq”ın taleyinə biganə olmayan dostlara səslənirəm. Qəzetə abunə olun! Hansısa səbəbdən abunə olmursunuzsa, gündəlik qəzet alın, hətta imkanınız çatırsa, başqalarının da qəzet almasına yardım edin! Öz laqeydliyinizlə Azadlıq düşmənlərini sevindirməyin!


