«Putin özünün koalisiyası olduğunu göstərmək istəyir, Əliyev isə bundan istifadə edib Qərbin təzyiqlərindən yayınmağa çalışır»
Ukraynada atdıqları addımlara görə Qərblə münasibətləri korlayan Rusiya anti-Qərb ittifaqı yaratmaq niyyətindədir. Kreml əsas tərəfdaş kimi Çini görür. Çinə səfərə gedən Rusiya prezidenti bu ölkə ilə 30 illik qaz sazişi də imzaladı.
Putinlə eyni vaxtda Azərbaycan prezidenti İlham Əliyev də Çinə səfər edib. Əliyev Çin, Rusiya, İran, Əfqanıstan, Monqolustan və s. ölkələrin liderləri, həmçinin BMT baş katibi Pan Gİ Munun iştirak etdiyi Şanxay sammitinə qatılıb.
Əliyevin Putinə eyni vaxtada Çinə səfər etməsi təsadüfi görünmür. Çünki aydın məsələdir ki, Rusiya anti-Qərb cəbhəsində ən yaxın müttəfiqi kimi Çini görməyi arzulayır. Bununla belə Çin artıq bilir ki, Rusiya yeni dövrdə Qərblə ayaqlaşan və ya ona müqavimət göstərə bilən həlledici gücə malik ola bilməyəcək. Üstəlik Çin Rusiyanın zəifləməsində həm də onun boş torpaqlarından rahat istifadə etmək üçün maraqlıdır. Qısası, Rusiyanın təsəvvür etdiyi yeni anti-Qərb cəbhəsində rəsmi Pekin ya olmayacaq, ya da çox simvolik görsənəcək. Belə olan şəraitdə Azərbaycan rəhbərinin Putinlə yanaşı görünməsi Qərbin israrla tələb etdiyi açıq cəmiyyət siyasətinə müqavimətdir. Rusiya bilir ki, Azərbaycan nəinki Asiyada, hətta Cənubi Qafqazda həlledici mövqeyə malik ola bilmir. Bu tezisi əsaslandıran fakt Dağlıq Qarabağ münaqişəsində Ermənistanın hələ də diqtə mövqeyində olmasıdır. Rəsmi Bakı uzun illərdir iqtisadi və beynəlxalq siyasətinin gücündən bəhs edən bəyanatlar versə də, münaqişənin statusunda Azərbaycanın xeyrinə heç bir dəyişiklik baş verməyib. Əksinə, bir çox sənədlərdə öz konstitusiyasına zidd olsa da, Azərbaycan şifahi razılıq verib. Belə olan halda Rusiya üçün Azərbaycanın önəmi nədən ibarətdir sualı meydana çıxır. Aydın məsələdir ki, SSRİ dağıldıqdan sonra Rusiyanın ətrafında yaranmış bütün birliklərin əsas cazibə mərkəzi Kreml olub. Digər iştirakçılar isə sadəcə «burda başqa dövlətlər də iştirak edir» görünsütünü yaratmaq məqsədi daşıyır. İlham Əliyev isə Rusiyanın bu ehtiyacından istifadə edib Qərbin demokratiya təzyiqlərindən yayınmaq istəyir. Ancaq İraqdan Ukraynaya qədər olan bütün proseslər göstərib ki, Rusiya heç vaxt öz müttəfiqlərinə etibarlı olmayıb və ən kritik məqamda onları tək buraxıb. Bu taleyinin Əliyevi də gözləyəcəyi heç kimdə şübhə doğurmur.
Fizzə


