İnsan alverinə qarşı idarənin qarşısı

Yazıma yalnız Azərbaycana məxsus olan, dünyanın əksər ölkələrinə yad olan bir deyimlə başlamaq istəyirəm. Hamımıza tanış olan, lakin mənasını tam olaraq dərk edə bilmədiyimiz ifadə belə səslənir: “Hamının balası var”. 

Son 20 ildə aforizmə çevrilmiş ifadə həm də qısa fasilələrlə 40 ildən çox Azərbaycanı idarə edən Əliyevlər rejimini xarakterizə edir. 

Azərbaycandan kənarda bu ifadə əsasən, vəhşi heyvanların bala sevgisindən bəhs edən mövzular zamanı işlədilir. Ana heyvan balası üçün gözünü qırpmadan ölümə gedəndə, körpəsinə sevgi dolu nəvaziş göstərəndə “hər kəsin balası özünə şirindir” tipli deyimlər işlədirdik. 

Hazırda bu ifadə Azərbaycanda bir qədər təkamülə uğrayaraq… “Məmurun balaları var” şəklinə düşməkdədir. Bəli, əziz oxucu, ölkədəki bütün balalar hazırda iki qrupa ayrılır – məmur balaları və digər balalar. Bu təsnifat əsas olaraq qalır, lakin vəziyyətə görə dəyişə də bilər, məsələn, avtoş və əsgər balalar, sadə və gül balalar və s. 

Yəni Azərbaycanda eyni zamanda avtoş və əsgər bala olmaq mümkün deyil. Bir sözlə, valideynin tutduğu vəzifələrə görə uşaqlar da qruplara bölünürlər. Əlqərəz, hazırda yuxarıda bəhs etdiyim aforizm yalnız Azərbaycanda həm heyvanlar, həm də insan övladları üçün keçərlidir.

Sadə vətəndaşın boğazından kəsilərək yığılan rüşvət və korrupsiya pulları məhz “hamının, yəni məmurun balası var” prinsipi ilə bölüşdürülür…

Yadınızdadırsa, bir neçə ay bundan əvvəl Bakı şəhər prokurorluğunun istintaqa nəzarət şöbəsinin müdiri Ramiz Nəbiyevin övladı sosial şəbəkədə ailəsinə məxsus yüzminlik maşınları və bahalı villanı nümayiş etdirdi. 

4-cü sinif riyaziyyat dərsliyindəki məsələdə olduğu kimi, “verilənlər”, aylıq maaşı təxminən 1000 manata yaxın olan şöbə müdirinin sərvətinin milyonlara bərabər olmasından xəbər verir. Bir az yuxarı sinif şagirdləri isə, asanlıqla  prokurorluq orqanlarının qeyri-rəsmi dövriyyəsini açıqlaya bilərlər. Şöbə müdirinin var-dövləti həm də yüzlərlə cinayətkarın məsuliyyətdən yaxa qurtarması, o qədər də məsum insanın ömründən oğurlanan illər deməkdir.

…Təxminən iki il öncə 75 yaşlı anamı katarakt əməliyyatı üçün akademik Zərifə Əliyeva adına göz xəstəxanasına aparmışdım. Düz altı saat ərzində analizləri verdikdən sonra, həkim zəng etdi ki, cavabları gözləməyə ehtiyac yoxdur, gətir əməliyyat edim. Mənim “bu həngaməyə nə ehtiyac var idi” sualıma o, “hamının balası var, müəllim!” cavabını verdi. Bəli, əziz oxucu, mənim bir böyrəyi çıxarılan, şəkər xəstəsi anam, bunlar üçün heç kim idi. Məsələ bununla bitmədi, həkim mənə əməliyyatın səhərisi günü anamı komissiyaya gətirməyi və müsbət cavab üçün 50 manat ödəməli olduğumu dedi. Donub qaldım, deməli, anamın əməliyyatı zamanı yol verilmiş qüsurların ört-basdır edilməsi üçün rüşvət verməli idim…

Ölkədə adi “uçastkovı”dan tutmuş nazirədək, kimin hansı yolla pul qazanması sirr deyil. Məsələn, işi ilə əlaqədar olaraq “Baktamojnı” deyilən bir məkana tez-tez girib-çıxan tanışım deyir ki, orada hər kabineti məsul olduğu sahə ilə tanımırlar. Sadəcə qapılar var və hər qapının da öz haqqı var. Ən ucuz qapı 50 manatdan başlayır…

Son vaxtlar ölkədə müxtəlif cinayətlərə qarşı mübarizə idarələri yaradılır. Banditizm və terrorizmə qarşı, korrupsiyaya qarşı, insan alverinə qarşı və s. 

Hərdən mənə elə gəlir ki, iqtidarda qarşı sözünü nəzarət, dəstək kimi anlayırlar. Yəni adı qarşı ilə başlayan idarələrin cavabdeh olduqları sahələr gündən-günə çiçəklənir… 

Tez-tez yeni yaranmış Insan alverinə qarşı Mübarizə Idarəsinin qarşısından keçirəm. Bütün qarşılarda olduğu kimi, bu idarənin qarşısında da bahalı maşınların əlindən tərpənmək qeyri-mümkündür. 

Digər “qarşı”lardan fərqli olaraq, Insan alverinə qarşı mübarizənin “bərəkəti”, onların pulu hardan və necə çıxarmaları mənimçün qaranlıqdır.  

…Idarənin rəsmi saytından götürdüyüm bir statistikaya biganə qala bilmədim. Orada deyilir ki, 2010-cu ildə idarəyə 13.699 məlumat daxil olmuş, onlardan 15-i insan alverindən zərər çəkmiş və ehtimal olunan şəxslər barədə, 1.436-sı xaricdə işə düzəlmə ilə bağlı, 651-i xaricdə təhsil alma, 82-si xarici vətəndaşla nikah bağlama, 9.376 məlumat isə…  digər məsələlərlə əlaqədar olmuşdur. 

Kim bilir,  bəlkə də hikmət elə sirr kimi saxlanılan 9.376 məlumatdadır…