«Azərbaycanda insanların həbsi, təhqir olunması, alçaldılması hələ heç vaxt İlham Əliyevin onilliyində olduğu kimi asan olmamışdı»
Cəmil Həsənli: «Zülmü «ədalət» donunda təfsir edən, zalimə bəraət qazandıran, korrupsiya quzğunlarına səcdə edən din dəllalları iman bazarında çox şeyi satdılar»
Hörmətli oxucular, Sizə təqdim edilən bu yazıda Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə keçmiş namizəd, professor Cəmil Həsənli son dövrlərdə ölkəmizdə cərəyan edən proseslərə fikir və mülahizələrini bildirib. Yazıda ölkəmizdə demokratiya problemləri, siyasi məhbus, hakimiyyət orqanlarının yarıtmaz fəaliyyəti və sair məsələlərə toxunulub.
“Səfirə qarşı kampaniya səbəbsiz deyil”
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəmizin vəziyyəti ilə bağlı çox şeyə aydınlıq gətirdi. Mənə görə yalnız Azərbaycanı sevən, onun normal inkişafında maraqlı olan bir adam bu fikirləri səsləndirə bilərdi. Əslində, səfirə qarşı başlanmış kampaniya səbəbsiz deyil. Amma nəzərə almaq lazımdır ki, Morninqstarın dedikləri Azərbaycandakı real mənzərənin heç yüzdə biri də deyil. Ölkədə vəziyyət cənab səfirin dediklərindən çox-çox ağırdır.
Biz hələ ötən ilin yazında Sizin qəzetə verdiyimiz müsahibələrdə, payızında apardığımız seçki kampaniyasında bir sıra mətləblərə aydınlıq gətirmişdik və demişdik ki, Azərbaycan sürətlə avtoritarizmə doğru irəliləyir. 9 oktyabr prezident seçkiləri ya yumşaq demokratiyaya, ya da yumşaq diktaturaya yol açacaq. Təəssüf ki, ikincisi baş verdi. Total seçki saxtakarlığı şəraitində ayrı cür ola da bilməzdi. Xalqdan mandat almayan hakimiyyətin birinci hədəfi öz xalqı olur.
Sanbalı sayından böyük olan adamlar…
Bu gün Azərbaycan 37-ci il qaydaları, ən acınacaqlısı isə 37-ci il təfəkkürü ilə idarə olunur. Millətin səsinə, bu səsin ifadəsi olan etimadına dayanmayan hakimiyyət öz xalqından ehtiyatlanmalıdır, onu ac saxlamalı, məzlumlaşdırmalı, müqavimət hissini qırmalı, yaltaq sürüsünə döndərməli, zülmə böyun əyməyə məcbur etməlidir. Deyirlər polad sınar, amma əyilməz, Azərbaycanda daxili istifadə üçün istehsal olunan polad sınmır, amma əyilir. Məhz əyildiyi üçün sınmır. Iradəsini polad bildiyimiz çoxları bizim “gənc” diktatorluğun əlində yumşaq plastilinə çevrildilər. Indi hakimiyyət onlardan istədiyi fiquru düzəldir.
Amma sınmayanlar, əyilməyənlər də oldu. Hər nə qədər az olsalar da Azərbaycan binasının etibarlı dayaqları onlardır. Inanın ki, cəmiyyətin mənəvi yükü sanbalı sayından böyük olan bu adamların çiynindir. Bu qədər döyülən, söyülən, təhqir edilən millətin diriliyi qeyd etdiyimiz polad dirəklərin içindən keçir. Məhz onlar öz qətiyyət və ləyaqətləri ilə çoxlarının polad hesab etdiyi Azərbaycan diktatorluğunun qəddini əyirlər.
Qara mantiya, yoxsa sadəcə bir çuxa…
Ilqar bəylə Tofiq bəy Şəkidə öz cəsarətləri ilə prosesi aparan hakimin qara mantiyasının sadəcə bir çuxa olduğunu, saymazyana atmacaları ilə Azərbaycan hakimiyyətinin bu çuxaya bürünmüş “ədalət” anlayışını bütün dünyaya göstərə bildilər. Yadigar bəy öz intellekti və mədəniyyəti ilə Lənkəranın ən işıqlı ziyalılarındandır. Belə bir ziyalını kiməsə əl qaldırmaqda suçlamaq Azərbaycan hakimiyyətinin mədəniyyət anlayışına sığmayan xəstə təbiətinin məhkəmə hökmlərində təcəlla edən təzahür formasıdır. Qurban bəy öz hazırlığı və dəyanəti ilə mühakimə edilən yox, mühakimə edən səviyyəsinə yüksəldi. O, yalnız prosesində iştirak edən hakimin, dövlət ittihamçısının, saxta şahidlərin deyil, bütövlükdə Ilham Əliyev rejiminin başlıca dayağı olan saxta hüquq sisteminin (əslində sistemsizliyinin) acı mənzərəsini ortaya qoydu. Tale Bağırzadə zülmə qarşı dirənişi ilə tək fərdin ləyaqətini deyil, ölkəmizin iman hüdudlarında islamın şərəfini xilas etdi. Zülmü “ədalət” donunda təfsir edən, zalimə bəraət qazandıran, korrupsiya quzğunlarına səcdə edən din dəllalları iman bazarında çox şeyi satdılar. Tale öz əqidəsinə, islam əxlaqına, yaradanla arasında olan sevdasına sədaqəti baxımından zülmə göz yuman, səs oğurluğuna “hallallıq” verən, beytülmalı dədə malı kimi həzmürabedən keçirənlərə az qala cənnət qəbzi verən hacılarımıza, kərbəlayılarımıza, məşədilərimizə örnək verdi. Vətənə xidmət örnəyi, dini dəyərlərə hörmət örnəyi, zülmə dirəniş örnəyi.
N!DA-çıların mənəvi və əxlaqi qələbəsi
Bir anlığa diqqət yetirin: diktaturaya qarşı dirənişləri ilə gənclər cəmiyyətə yetkinlik nümunəsi verdilər.
Mən N!DA-çıları nəzərdə tuturam. Hakimiyyət əlində olan bütün resurslarla, təbiətində olan bütün naqisliklə bu 8 gənci sındıra bilmədi. Onlar məhkəmədən mənəvi və əxlaqi qələbə ilə çıxdılar. Bu qələbədən sonra onlara 2 il, 3 il və ya 7-8 il iş verilməsi arasında elə bir fərq yoxdur. Mən deyərdim ki, N!DA-çı gənclər Azərbaycanın ən yeni tarixinin başlanğıcını qoydular. Onlar yeni gəncliyin, ölkəni dəyişdirmək istəyən, azad və ədalətli cəmiyyətdə yaşamaq istəyən yeni nəslin istedadlı, cəsarətli nümayəndələridir. Ilham Əliyev öz repressiya maşını ilə onların üzərinə gəldi, ancaq onlar səbrlə, təmkinlə, hər şeyə dözdülər, öz haqlılıqlarını sübut edə bildilər, rejimdən aman diləmədilər, əksinə, korrupsiyaya, rüşvətə, hər növ saxtakarlığa, insan ləyaqətini alçaldan yalana, şərə və böhtana qarşı amansız oldular. Dəmir qəfəsdə Rəşadət, Rəşad, Zaur, Ilkin, Üzeyir, Bəxtiyar, Şahin və Məmməd bu ölkənin gələcək sahiblərinin davranış kodeksini, ləyaqət modelini, həyat prinsiplərini müəyyən etdilər. Həbs olunanda Şahinin 17 yaşı var idi. Düşüncələri də özü kimi bərkiməmişdi, amma nə qaba istintaq hərəkətləri, nə də ədalət mühakiməsindən daha çox cəza fuksiyasını icra edən məhkəmə prosesi onu yolundan döndərə bilmədi. Rəşadətin məhkəmə araşdırmasının sonundakı çıxışı qos-qoca Azərbaycan cəmiyyətində 8 gəncin yetkinlik səviyyyəsinin təqdimatı idi. Bəziləri deyir ki, bu gəncləri yox, onları meydanlara göndərənləri həbs etmək lazım idi. Qoca yaşlarında da göstərişlə durub-oturan bu qafillər başa düşmürlər ki, bu gənclər kimdənsə icazə alıb meydanlara çıxmamışdılar, onları meydanlara çıxaran ölkənin taleyinə olan məsuliyyət hissi, vətəndaşlıq mövqeyi idi. Onlar öz ideallarına sadiq qaldılar.
Rejimin “uyuşdurucu” silahı
Bloger gənclər, bir sıra jurnalistlər də eyni iradəni nümayiş etdirirlər. Belə müqavimət hissi həbs edilən gənclərimizin yetkinlik səviyyəsindən qaynaqlanır. Indi həbsxanalara xaricdə təhsil almış, yerli universitetlərə yüksək balla daxil olmuş, təhsil müəssisələrini yüksək göstəricilərlə bitirmiş gənclər doldurulur. Şimali Kiprdə təhsil alan Ömər Məmmədov sosial şəbəkələrdə fəallığına görə narkotika ittihamına tuş gəlib. Əbdül Əbilov “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub və narkotika vasitəsi ilə dolaşdırılıb zindana atılıb. Həbs olunanda Elsevər Mürsəllinin heç 19 yaşı da tamam olmamışdı. Xaçmaz rayonunun uzaq bir kəndində yaşayan bu gənc Ilham Əliyevin dəfələrlə beynəlxalq forumlarda “Azərbaycanda internet azaddır” bəyanatına inanıb sosial şəbəkələrdə fikir və mülahizələrini bölüşmüşdü. Yaxşı xatırlayıram, o, sentyabr ayında “facebook” üzərindən mənə məktub yazmış, 2013-cü ilin 9 oktyabrında ilk dəfə səs verəcəyini və bu səsi məhz mənə verəcəyi ilə fəxr etdiyini yazmışdı. Lakin oktyabr ayının 2-də imandan uzaq olan DIN-in narkotiklərə qarşı Baş idarəsi Xaçmaz polis idarəsi ilə birlikdə “əməliyyat” keçirib ailəsi ilə birlikdə işdən qayıdan bu gəncin də cibinə narkotika atdılar. Doğrusu son vaxtların siyasi həbslərində narkotika başlıca alətə çevrilib və bu gün azadfikirliliyə qarşı mübarizədə istər DIN-in, istərsə də MTN-nin əsas silahı müxtəlif növlərdən olan uyuşdurucudur. Rejim bu gün bütün arsenalı ilə cəbhəçi gənclərin ardındadır, selafona bükülmüş bir neçə qramlıq “narkotika payı” qarabaqara onları izləyir. Kəmalə Bənənyarlı ilə bağlı baş verənlər fərdin hüququ məsələsi deyil, millətin namusu məsələsidir. Dövlət idarəsində rəsmi mundir geymiş birisinin anaya, bacıya, qıza, gəlinə əl qaldırması, onu alçaltması, təhqir etməsi bir xanımın timsalında ictimai namus anlayışının tapdanmasıdır. Bu əxalaqsızlıq çağdaş Azərbaycan həyatının yeni təzahürü, rejimin quduzlaşmasının yeni simptomlarıdır. Hələ heç vaxt Azərbaycanda insanları həbs etmək, təhqir etmək, alçaltmaq Ilham Əliyevin onilliyində olduğu kimi bu qədər asan olmamışdı.
Vergi mənimsəməsi adı altında ölkənin sonuncu seçki monitorinqi təşkilatının rəhbəri Anar Məmmədlini tutmaq və zərərindən xəbəri olmayan adamları “zərərdidə” kimi tanımaq hüquq məsələsi deyil, seçkiləri daha arxayınlıqla saxtalaşdırmağa rəvac vermək məsələsidir.
Siyasi mühitin monopoliyası
Mənə görə son illərdə səs-küylü siyasi həbslər ona görə kütləvi hal aldı ki, vətəndaşlar onları idarə edənlərin natəmiz əməlləri barədə daha çox məlumatlar əldə etdilər. Hakimiyyət televiziyanı niyə total şəkildə nəzarətdə saxlayır. Cəmiyyətin 3 qütbü var: hakimiyyət, müxalifət və ictimaiyyət. Ictimai televiziya bunların yalnız birincisinin nəzarətdindədir. Halbuki, mövcud qanunvericiliyə görə, cəmiyyətin bir hissəsi olan müxalifət bu televiziyanın imkanlarından yararlanmalı idi. Televiziyalara belə total nəzarət cəmiyyəti nəzarətdə saxlamağın ideoloji bir göstəricisidi, siyasi mühitin monopoliyasıdır. Məsələn, bu gün siyasi məhbus məsələsinin gerçək mənzərəsini, səbəblərini ortaya qoyan ekran əlaməti ölkəmizdə mümkünsüzdür. Ötən ilin yanvarında siyasi məhbus məsələsi ilə bağlı Ştrasserin məruzəsinin qəbul edilməməsi korrupsioner Azərbaycan hakimiyyətinin nəinki öz xalqı, eyni zamanda insan haqları və demokratiya məsələlərinə cavabdeh olan Avropa Şurası üzərində dəhşətli qələbəsi idi. Bu qərarı ilə AŞPA Azərbaycan hakimiyyətinə insan kimi yaşamaq isəyən, demokratiya istəyən, azad seçki ümidində olan vətəndaşı əzməyə kart-blanş verdi…
ardı var