Anar Məmmədlini həbs etmək

Bakıdakı humanitar liseyin tələbələri direktora qarşı aksiya keçiriblər, o ki var “istefa” qışqırıblar. Səbəb önəmli deyil. Önəmli olan məhz “istefa” şüarının özüdür. Hakimiyyətdəkilərin bu sözə qarşı xüsusi allergiyası, aqressiyası var. Əlacları olsa, “istefa” sözünü Azərbaycan dilindən yerli-dibli çıxararlar. 

Müxalifətin hansısa piket, mitinqində bu şüar səslənəndə adətən əldəqayırma müxalifət partiyalarının sədrləri bir-birinin ağzına tüpürübmüş kimi eyni sözləri təkrarlayırdılar: “”Istefa” şüarının vaxtı keçib, mübarizənin yeni yollarını tapmaq lazımdır”.

Indi isə hətta lisey uşaqları belə, bu sözü dillərində şüara çevirirlər. Yaxşı haldır. Iki səbəbdən.

Bir: etiraz mədəniyyəti təqdirəlayiqdir, bir toplumun və ölkənin gəlişməsinin, yüksəlişinin əsas ünsürüdür. Səbəb nə olursa olsun, hər kəs haqsızlıqla üzləşdiyini düşünürsə, reaksiyasız qalmamalı, razılaşmamalı, barışmamalı, təpki göstərməyi bacarmalıdır. Bu insanı digər canlılardan fərqləndirən keyfiyyətlərdən biridir.  

Iki: Əliyevlər Azərbaycanının təhsil sistemi “şəxsiyyətə pərəstiş” üzərində qurulub, mütilik, itaətkar aşağılamaqla məşğuldur. Sevindiricidir ki, indi bəzən, nadir hallarda da olsa, bu cür nəsil yetişdirmə prosesinin tamamilə effekt vermədiyini görürük. Məsələ yalnız hansısa lisey uşaqlarının direktorlarının üzünə qayıtmasında deyil. Həbsxanalara baxın: siyasi məhbus yaşı getdikcə gəncləşir. NIDA-çı Şahin Novruzlunun 18 yaşı var, “Az.TV-dən seçmələr” səhifəsinə görə şərlənərək həbsə atılan Ömər Məmmədov 19 yaşındadır.  Əliyevlərin təhsil sistemi hər şeyə rəğmən onlardan “gənc və perspektivli heydərçi” düzəldə bilməyib. Və belələri az deyil. Bu, gələcəklə bağlı ümidlərimizi artıran tək-tük səbəblərdəndir.

Əlbəttə, insanı həvəsdən, ruhdan salan, ümidsizləşdirən nümunələr daha çoxdur. Bu günlərdə dostlardan biri orta məktəb müəllimi olan anasının dərs dediyi şagirdlər arasında keçirdiyi “böyüyəndə kim olacaqsınız?” sorğusunun nəticələrini açıqlamışdı. Məlum olmuşdu ki, 17 nəfərdən 16-sı polis olmaq istəyir, yerdə qalan bir nəfər isə futbolçu olmaq arzusundadır. Nə demək olar? Ölkədə polis rejimi qurulubsa, polis hakimiyyət, güc, qüdrət, əzəmət sözlərinin sinoniminə çevrilibsə, başqa nə gözləyək? 

Pis nümunələr yoluxucudur. Yaxşı nümunələr də həmçinin. Hansı ki, Azərbaycanda defisitdir. Biz daha çox yaxşı nümunələr yaratmaq haqqında düşünməliyik, bu nümunələri yaymalıyıq. Əmin olun, bunca resursa, pula, təbliğat imkanına rəğmən hələ də Azərbaycanda etiraz edə bilən insanlar yetişirsə, müxalifətçilik, fərqli fikirlilik tamamilə ləğv edilməyibsə, bunun səbəbi həm də rejimin pis nümunələrinə qarşı az da olsa yaranan yaxşı nümunələrdir. 

Məsələn, həbsdəki dəyərli dostumuz Anar Məmmədli nümunəsi. Onun həbsi ilə hakimiyyət pis nümunə təklif edir. Seçki saxtakarlığını, milli iradənin qəsb edilməsini legitimləşdirir. Vətəndaşa seçki qutusuna saxta bülleten doldurmağın, başqasının yerinə səs verməyin, demokratiyanın ən təməl prinsiplərindən olan seçib-seçilmək azadlığının boğulmasında iştirak etməyin gözəl bir şey olduğuna dair mesaj göndərir.

Buna qarşı isə Anar Məmmədli öz yaxşı nümunəsini ortaya qoyur. Seçki saxtakarlığına qarşı barışmaz, prinsipial durmağın, bunun üçün gərəkərsə həbs təhlükəsini göz önünə almağın örnəyini yaradır. Anar Məmmədlinin yaxşı nümunəsi Azərbaycanda bir daha seçkinin saxtalaşdırılmayacağı anlamına gəlmir, əlbəttə. Heç bu utancverici əməldə iştirak edənləri də birdəfəlik islah etməyəcək, təbii. Amma nəticəsiz də qalmayacaq, təsirsiz də ötüşməyəcək, kimlərisə seçkini saxtalaşdırmağın nə qədər ayıb, rüsvayçı bir əməl olduğuna inandıracaq, onları potensial saxtakar olmaqdan çəkindirəcək. 

Yaxşı nümunələr artdıqca hər şeyin yaxşı olacağına da inam möhkəmlənir.