Avropa Şurasının baş katibinə təcili azad edilməli olan 30 nəfərin siyahısı verildi FOTO
“Azərbaycanın Avropa Şurasında 6 aylıq Nazirlər Kabinetinə sədrlik dövrünün başlanması ilə bağlı siyasi məhbusların və vicdan məhbuslarının azadlığa çıxması prioritet vəzifələrdən biridir. Bu, Azərbaycan üçün də, Avropa Şurası üçün də çox vacibdir və ilk addımın atılması, gələcəkdə əməkdaşlığın daha yaxşı müstəviyə keçməsi üçün şərait yarada biləcək”. Bunu mayn 20-də Bakıda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib.
Bu haqda “Azadlıq” radiosuna görüşdə iştirak etmiş REAL Hərəkatının icra katibi Natiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, Torbyorn Yaqland səfərinin əsas məqsədlərindən birinin məhz siyasi məhbuslarla bağlı olduğunu deyib: “Cənab baş katib İlqar Məmmədovun məsələsini daima diqqətdə saxladıqlarını vurğuladı. Dedi ki, İlqar Məmmədov, Anar Məmmədli, NİDA-çı gənclər və digər siyasi məhbusların azad olunması prioritet vəzifələrdən biridir”.
Avropa Şurasının baş katibi Bakıya mayın 20-də gəlib.
Yaqland Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri kimi EL hərəkatının sədri Eldar Namazov, NİDA-dan Turqut Qəmbər , REAL hərəkatından Natiq Cəfərli, hüquq müdafiəçiləri Leyla Yunus, Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Emin Hüseynovla görüşüb.
Eldar Namazovun “Turan”a verdiyi məlumata görə, saat yarım davam edən görüşdə Azərbaycanda mövcud vəziyyət, demokratiya, insan haqlarının durumu, siyasi məhbuslar problemi, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmə vəziyyəti müzakirə olunub. Eyni zamanda Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə fəaliyyət planının yerinə yetirilməsi də müzakirə mövzusu olub.
Görüşdə hüquq müdafiəçiləri Yaqlanda dərhal azad edilməli saydıqları 30 siyasi məhbusun siyahısını təqdim ediblər. Onlar 70 nəfər barəsində isə təkrar məhkəmələr keçirilməli olduğunu bildiriblər.
Görüş iştirakçılarından Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus isə deyib ki, onların siyahısına əsasən hazırda Azərbaycanda 130 siyasi məhbus, o cümlədən 40 “vicdan məhbusu” var. SDİ onların dərhal azad olunmasını tələb edir.
L.Yunus “Turan”ın müxbiri ilə söhbətində qeyd edib ki, o, siyasi məhbusların bəzilərinin dərhal, digərlərinin daha sonra azad edilməli olduğu ilə razı deyil. O, hesab edir ki, müstəqil məhkəmə hakimiyyətinin olmadığı bir şəraitdə işlərə təkrarən ədalətli baxılacağına ümid etmək olmaz. L.Yunus xatırladıb ki, Azərbaycan Avropa Şurasına daxil olandan sonra təkrar proseslər aparılıb və siyasi məhbusların yenidən mühakimə edilməsi ilə başa çatıb.
Bundan başqa, L.Yunus qeyd edib ki, onun razılaşmadığı 30 nəfərlik siyasi məhbus siyahısında jurnalist Rauf Mirqədirovun və ictimai fəal Anar Məmmədlinin adları yoxdur.
Yaqlandla görüşdə SDİ direktoru onu da deyib ki, siyasi məhbuslara sahəsində indiki vəziyyətin yaranmasına görə yanvarda Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında qətnaməsini qəbul etməyən AŞPA deputatları da məsuliyyət daşıyır.
Görüşdə Avropa Şurasının nümayəndə heyəti Azərbaycanda demokratiya və insan hüquqlarının əsas diqqət mərkəzində olduğunu vurğulayıb.
Avropa Şurasının saytında yer alan məlumata görə, Yaqland Bakıda prezident İlham Əliyev, digər hökumət nümayəndələri ilə də insan haqları məsələsini müzakirə edəcək. O, eyni zamanda Azərbaycanla bağlı fəaliyyət planını elan edəcək. Fəaliyyət planı Avropa Şurasının irəliləyişlər olmasını gözlədiyi ifadə azadlığı və məhkəmələrin müstəqilliyi sahələrini əhatə edir.
Yaqland AŞPA Daimi Komitəsinin toplantısında da (mayın 23-də) iştirak edəcək və növbəti dönəm baş katib vəzifəsinə namizədliyini irəli sürəcək.